“Eurasia Daily Monitor” nəşrində Azərbaycanın Qarabağ müharibəsində qazandığı Qələbəyə dair məqalə dərc olunub

ABŞ-ın “Jamestown” Fondunun “Eurasia Daily Monitor” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə və ölkəmizin Qarabağ müharibəsində qazandığı Qələbə ilə bağlı məqaləsi dərc edilib.

Məqalədə 2020-ci ildə Azərbaycanda baş verən hadisələr, həyata keçirilən islahatlar, eləcə də II Qarabağ müharibəsi barədə söhbət açılır.

Müəllif il ərzində ölkə daxilində baş verənləri təhlil edərək Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən bəhs edir. Bundan başqa, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının rəhbər şəxslərindən ibarət qərargahın yaradıldığını bildirir.

Məqalədə ötən il iyul ayının 12-16-da Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan sərhədində dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutduğunu diqqətə çatdırır. Həmçinin bildirilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayıb və bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edib. Minlərlə insanın ölümü ilə nəticələnən və 44 gün davam edən Vətən müharibəsinə noyabrın 10-da imzalanmış atəşkəs Bəyanatı ilə son qoyuldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatın tələblərinə əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan üç rayonundan da çıxarıldı. Azərbaycanlı məcburi köçkünlərin nəhayət ki, 27 illik həsrətdən sonra öz torpaqlarına qayıtmaq imkanı yarandı.

Müəllif bildirir ki, ikinci Qarabağ müharibəsinin bitməsi Cənubi Qafqaz üçün yeni infrastrukturun formalaşmasına geniş imkanlar açıb. Üçtərəfli Bəyanata əsasən, Azərbaycanla Ermənistan arasında, o cümlədən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri 30 ildən sonra yenidən bərpa olunacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, Azərbaycan və digər dövlətlərin rəsmiləri Cənubi Qafqaz üçün alternativ gələcək təklif ediblər və hətta Ermənistanı on illərdir təcrid olunduğu regional layihələrə qoşulmağa dəvət ediblər. Beləliklə, Ermənistan bu cür çağırışları qəbul edəcəyi təqdirdə bir vaxtlar müharibə aparan dövlətlərin sülh əldə edə biləcəyi il bağlı ehtimallar mövcuddur. Azərtac.