Azərbaycan Prezidentinin xalqa müraciətlərində ana dilimizin Vətən müharibəsi

Nizami Cəfərov: Vətən müharibəsi Azərbaycan dilinin yeni siyasi üslubunu -“Vətən müharibəsi üslubu”, yaxud “Zəfər üslubu” yaratdı.

Bu fikirlər Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərovun “Azərbaycan Prezidentinin xalqa müraciətlərində və ya ana dilimizin Vətən müharibəsi” məqaləsində yer alıb. ATATURK.AZ məqaləni təqdim edir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsinin çoxdan gözlənilən böyük bir zəfərlə başa çatdırılmasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətləri bir neçə baxımdan tarixi rol oynadı ki, onlardan biri də ana dilimizin həmin müraciətlərdə öz zəngin fonetik, leksik və qrammatik imkanları səviyyəsində təzahürü və ya iştirakı idi. Prezidentin müraciətləri, bir tərəfdən, cəbhədə gedən proseslər, əldə edilən qələbələr barədə ətraflı məlumatlar verir, digər tərəfdən, xalqın mübarizə ruhunu, qələbə əzmini yüksəldir və nəhayət üçüncü tərəfdən, gözlərimiz qarşısında cərəyan edən tarixi hadisələri idarə edə-edə siyasi, ictimai və fəlsəfi mahiyyətini anladırdı. Və milli dövlətçilik mədəniyyəti baxımından çox rəmzi (və heyranedici) idi ki, Azərbaycan Respublikasının dövlət dili – Azərbaycan dili respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə (müharibəyə!) ilk günlərdən səfərbər olunmuşdu!..

Ümumiyyətlə, dilin zənginliyi, refleksiya imkanlarının genişliyi ondadır ki, xalqa düşdüyü (və düşə biləcəyi) hər hansı fövqəladə hərəkət (və idrak) situasiyasında inamla xidmət edə, lazımi sözü, ifadəni, sintaktik konstruksiyanı rahatlıqla ortaya qoya, dinləyənlərin – cəmiyyətin şəxsində isə rezonans verərək sosial əhval-ruhiyyə yarada bilsin.

Prezident İlham Əliyevin xalqa müraciətləri içərisində eləsi olmadı ki, öz ifadə texnologiyaları baxımından geniş reaksiya doğurmasın.

Kommunikasiya nəzəriyyəsinə görə, nitq ünsiyyəti o halda uğurludur ki, adresantla adresat arasında söhbətin nədən getdiyi barədə tam miqyaslı anlaşma var. Azərbaycan cəmiyyətinə uzun illərin təcrübəsindən aydın idi ki, ermənilərin orta əsrlərin sonlarından etibarən məlum etnik separatçılıq hərəkətlərinin davamı olaraq gəlib çıxdığı şovinist təcavüzkarlığın nəticəsi kimi Ermənistan artıq həddini aşmış, məsələni həll etməli olan beynəlxalq missiyaların siyasi deqradasiyaya uğraması imkan vermişdi ki, Ermənistanın ölkə başçısı məsuliyyətini itirərək sərsəmləsin…

Azərbaycan Prezidentinin xalqa müraciətləri Prezident – Xalq qarşılıqlı (və dərindən) anlaşma – ünsiyyətin bir də ona görə klassik nümunəsi idi ki, praktik olaraq Vətən müharibəsinin hüdudlarını da aşaraq, başlanğıcdan sona qədər öz kommunikativ effektini nəinki itirmədi, əksinə, bu gün də Xalqda belə bir təsəvvür var ki, həmin müraciətlər heç zaman bitməyəcək…

***

Azərbaycan Prezidentinin oktyabrın 4-də xalqa etdiyi müraciət qələbə xəbərləri ilə başladı:

“Əziz həmvətənlər.

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Prezident daha sonra bir neçə il əvvəl Cocuq Mərcanlı kəndi ilə bağlı görülmüş fövqəladə işlərin tarixçəsini xatırlatdı:

“Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”.

Heç də təsadüfi deyil ki, Prezident yalnız yuxarıdakı hər cəhətdən real, qələbə sevinci bəxş edən informativ məzmunlu mükalimələrdən sonra, əslində çoxdan gözlənilən Vətən müharibəsinin uğurla getdiyini elan edir.

Əlbəttə, müharibə elan etmə təcrübələri zəngin olduğu kimi, üsulları da kifayət qədər rəngarəngdir. Hazırkı nümunələrin orijinallığı isə mövcud vəziyyətin siyasi situasiyasının xarakterindən irəli gəlir: Azərbaycan xalqı Ali Baş Komandana inanır, işğal olunmuş ərazilərin ya sülh, ya da hərb yolu ilə qayıdacağına əmindir, bununla belə, mövcud beynəlxalq münasibətlər şəraitində heç də birbaşa hərəkət etmək, problem ətrafındakı vəziyyəti hər dəfə xalq-iqtidar məsləhətləşmələri səviyyəsindən izah etmək mümkün deyil. Və əslində, müxtəlif maraqlara xidmət edən dağıdıcı müxalifətin apardığı böhtan kampaniyalarına rəğmən xalq bilir ki, ölkənin ərazi bütövlüyünün ən qısa müddətdə təmini iqtidar (və Prezident) tərəfindən Onun missiyası kimi dərindən dərk olunur.

Məsələnin ən mühüm cəhəti isə ondadır ki, dövlət başçısı həmin müraciəti Azərbaycan Ordusunun artıq bir həftədir ki, başlamış, nəinki ölkədə, regionda, bütün dünyada böyük əks-səda vermiş, problemin hərbi həlli yoxdur fərziyyəsini bir andaca alt-üst etmiş hücumundan sonra edir:

“Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.

Prezident öz müraciətinə çox təmkinlə başlayır, xüsusi emosionallıq, həyəcan, demək olar ki, hiss olunmur, düşmən üzərinə əks-hücumun uğuruna böyük əminlik var. Bunun bir səbəbi Azərbaycan tərəfin haqlı olduğuna inamdırsa, ikinci səbəbi məhz həmin haqlı tərəfin rəqibdən müqayisə edilməyəcək qədər geniş imkanlara malik olmasıdır.

Ən mühümü isə odur ki, hər nə qədər söhbət bilavasitə hərbi şəraitdə və hərbi şərtlər daxilində getsə də, Prezidentin nitqində sülh konseptləri aparıcıdır. Ümumiyyətlə, müraciət mətnlərinin dili üzərindəki araşdırmalar göstərir ki, Prezident Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, qüdrətini həmişə qeyd edir, ancaq hər dəfə bu gücün, qüdrətin missiyasının məhz vicdanlı sülh yaratmaqdan ibarət olduğunu deyir:

“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.

Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Göründüyü kimi, bu müraciətdə siyasi ritm nə qədər güclü olsa da (ən azı ona görə ki, burada öz ərazi bütövlüyünü təmin edən bir ölkənin haqlı iddialarından bəhs edilir), bundan da aparıcı, bundan da miqyaslı elə bir etnotarixi intonasiya var ki, onu “biz haqq yolundayıq” hökmündən daha mükəmməl şəkildə ifadə etmək çətindir.

Prezidentin müraciət nitqləri üçün ən səciyyəvi məqamlardan biri vaxtaşırı ümumiləşdirmələrdən zaman-zaman konkret hadisələrə keçilməsidir ki, bunun nə qədər böyük əhəmiyyəti olduğu üzərində dayanmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur. Hər şeydən əvvəl ona görə ki, şəhərlərimiz, kəndlərimiz, dağlarımız, çöllərimiz, çaylarımız, göllərimiz və s. bir-birinin ardınca azad olur ki, onlar azğın düşmən tərəfindən nə qədər dağıdılıb tar-mar edilsələr belə, sadəcə, adlarının çəkilməsi, Azərbaycan əsgərinin əlində olması barədə ən yüksək səviyyədə məlumat verilməsi xalqın ruhunu yerindən oynadır:

“Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

Prezident Cəbrayıl rayonunun və onun kəndlərinin işğaldan azad edilməsinin bir nümunə olacağını xatırlatmaqla yanaşı, yenidən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixinin mürəkkəb məqamlarının təfsirinə keçir:

“Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır”.

Otuz il ərzində aparılan danışıqların, bu qədər uzun müddətdə Azərbaycan xalqının heysiyyatı ilə oynamaq cəhdlərinin yolverilməz olduğunu bir daha nəzərə çatdıran Prezident xatırladır:

“İyirmi yeddi il ərzində biz bütün dövrlərdə – danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq”.

Azərbaycan Prezidenti qarşı tərəfin hər cür diplomatik, çoxgedişli, çox hallarda da riyakar, hiyləgər mövqeyini geniş xalq kütlələrinin bütün təfsilatı ilə anlayacağı bir dildə şərh edərək tam aydınlığı ilə göstərir ki, məsələni həll etmək üçün döyüş meydanından başqa yol qalmayıb:

“Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?!”

Əlbəttə, Azərbaycan xalqı son illərdə hakimiyyətə gətirilmiş Ermənistan baş nazirinin sayıqlamalarına bələd olduğu kimi, Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq məclislərdə həmin sayıqlamaları vaxtaşırı olaraq ifşa etdiyini, baş nazirin yalan bəyanatların arxasınca başını ora-bura soxmağa cəhdlər göstərdiyini də yaxşı bilirdi.

Beynəlxalq hüquq normalarının qorunması hələ bir yana, öz ölkəsinin taleyi üçün məsuliyyət daşımalı olan baş nazir hansısa qüvvələrin təsiri altında özünü itirib o qədər azğınlaşdı ki, nə özünün, nə də ümumən ölkəsinin arxasında dayana bilməyəcəyi antitarixi sözlər dedi.

Yeri gəlmişkən, xalqa müraciətlərin mətnlərində həm birbaşa, həm də dolayısı ilə çox tez-tez ifadə olunur ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti “Qarabağ Ermənistandır və nöqtə” sözlərini heç kimə güzəştə gedə bilməzdi:

“Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”

Azərbaycan xalqının ruhunu əks etdirməklə Azərbaycan dilinin qüdrətini də nümayiş etdirən bu son dərəcə dərin məzmunlu ifadə texnologiyalarında ümummilli lider Heydər Əliyev nitqinin ölməz təcrübəsinin davamını, inkişafını görməmək, duymamaq, təsəvvürlərdə yenidən canlandırmamaq mümkün deyil. Və heç bir tərəddüd etmədən deyə bilərik ki, zaman etibarilə o qədər də uzun çəkməyən Vətən müharibəsi Azərbaycan dili siyasi üslubunun elə bir zəngin çalarını yaratdı ki, biz onu dilimizin məhz “Vətən müharibəsi üslubu”, yaxud “Zəfər üslubu” adlandırırıq.

“Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”

Nədir bu üslubun özəlliyi? Odur ki, söhbət “danışıq stolu” arxasında, yalan danışmaq, hiyləgərlik etmək, üzdə bir söz deyib arxada ayrı şey düşünməyə imkan verən bir mühitdə getmir, söhbət hər bir sözün bilavasitə dəyəri olduğu təkbətək döyüş meydanında gedir:

“Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.

Azərbaycan Prezidenti – Azərbaycan Respublikasının ərazisini Ermənistan işğalçılarından təmizləməyə uğurla başlamış Ordunun Ali Baş Komandanı xalqa bu müraciətini aşağıdakı sözlərlə yekunlaşdırır:

“Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

***

Prezident İlham Əliyev oktyabrın 9-da xalqa növbəti müraciətində Hadrut qəsəbəsinin, eləcə də bəzi kəndlərin işğaldan azad olunması barədə məlumat verdikdən sonra Azərbaycan Ordusunun döyüş meydanında tam üstünlüyünü göstərən faktlar üzərində dayandı, düşmənin guya hücuma keçdiyini, itirdikləri bəzi mövqeləri geri aldıqları barədə həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti aldatmağa məcbur olduğunu nəzərə çatdırdı. Onu da qeyd etməyi unutmadı ki, düşmən uzun illər ərzində təmas xətti boyunca kifayət qədər möhkəm müdafiə sistemi qurmuşdur ki, “onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur… Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək”.

Düşmənin əhval-ruhiyyəsini səciyyələndirərkən Azərbaycan Prezidenti dedi:

“Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan – qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar”.

Azərbaycan dilinin bu bədii təkrarları, mənagücləndirici sinonimləri, hər cəhətdən məsələnin mahiyyətinə nüfuz edən suallar, cavablar, Prezidentin nitqində (və müharibə üslubunda) yenidən doğulan təsirli (və təzə-tər) frazeologiya, əlbəttə, xalqımızın iradəsini mükəmməl bir şəkildə əks etdirir.

Ən çox nəzərə çarpan da odur ki, bu nitqdə son dərəcə böyük qətiyyət var. İstər keçmiş, istər indiki, istərsə də gələcək zamanda işlənsin, feil bütün hallarda həmin qətiyyətin ifadəsinə xidmət göstərir:

“Bu gün bütün cəbhəboyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

Prezidentin nitqindəki həmin bu qətiyyət ona görə qiymətlidir ki, təkcə Azərbaycan xalqının yox, əsrlərboyu, ilk növbədə, məhz öz liderləri tərəfindən məhrumiyyətlərə məruz qoyulmuş ermənilərin də mənafelərinə uyğun münasibətlərin qurulmasını tələb edir. Halbuki Ermənistan baş nazirinin, qondarma “Dağlıq Qarabağ respublikası”nın quldur başçısının imitasiya etməyə çalışdıqları “qətiyyət” isə, əslində, siyasi təcavüz, yekəbaşlıq və hərcmərclikdir:

“Dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.

Prezident vaxtilə özünü dünyaya göstərmək üçün “xoruzlanan” Ermənistan baş nazirinin cəmi bir atım barıtı olduğunu xatırladır:

“Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik”.

Bundan sonra isə Ermənistanın baş nazirinin və onun ağılsızlıq, yekəbaşlıq üzündən düşdüyü gülünc vəziyyətin təsviri gəlir ki, görünür həmin təsviri Azərbaycan dilindən başqa heç bir dildə bu qədər canlı şəkildə təqdim etmək mümkün deyil:

“Bəs, nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası”, o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs, gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir”.

Azərbaycan Prezidentinin müraciətlərində deyildiyi günlərdən xalqın yaddaşına həkk olan elə mülahizələr, mühakimələr var ki, zaman-zaman öz tarixi dəyərini daha da artıracaq, Vətənin bütövlüyünün təmin olunmasında atılmış strateji addımların hansı dərin qaynaqlardan güc aldığını, hansı perspektivlər vəd elədiyini nümayiş etdirəcək:

“Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”.

Azərbaycan Prezidenti münaqişənin hərbi həll yolu yoxdur mifinin doğru olmadığını bir daha xatırlatdıqdan sonra xalq danışıq dilinin imkanlarına meydan verdi:

“Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır”.

İllər keçəcək, lakin düşmən üzərindəki tarixi qələbəmizin mənəvi şahidi (və müşayiətçisi) olmuş bu sözlər həmin qələbəyə Komandanlıq etmiş dövlət başçısının yaşantılarını daim yaşadacaqdır:

“Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

***

Oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə xalqa müraciət edərkən söhbətə Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasından başladı:

“Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”.

Azərbaycan Prezidenti öz müraciət ənənəsinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərimizi sadaladı:

“Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Füzuli şəhərinin işğaldan azad edilməsinin hərbi-strateji təfərrüatına xüsusi diqqət yetirən Ali Baş Komandan bununla Azərbaycan Ordusunun hansı döyüş qüdrətinə malik olduğunu bir daha xalqın nəzərinə çatdırır:

“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik.

Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.

Azərbaycan Prezidenti yenidən dinc yaşayış məskənlərinin raket atəşinə tutulması məsələsinə qayıdaraq yalnız erməni faşizmini ifşa etməklə kifayətlənməmiş, eyni zamanda, günahkarların cəzasız qalmayacağını xüsusi olaraq elan etmişdi:

“Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun.

Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər”.

Ermənistanın baş nazirinə ünvanlanmış aşağıdakı suallar isə təkcə baş nazirin deyil, bütövlükdə Ermənistanın müstəqil bir dövlət olaraq meydana çıxdıqdan sonra yürütməyə çalışdığı siyasətin portretini yaradır:

“Niyə demirsən “Qarabağ Ermənistandır”. Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər, televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədim torpağımızda yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcək Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur – Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik. Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs. Get köçür, görüm necə köçürəcəksən! O saxta, quldur dəstə başçısının “andiçmə mərasimi”nin keçirildiyi yer nə gündə olub. Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatumla danışırdın. İndi görüm, hansı şərti qoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir”.

Azərbaycan Prezidenti erməni xalqının da öz gələcəyi naminə nələr etməli olduğunu göstərmişdir:

“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”

Aşağıdakı sözlərə gəldikdə isə, heç şübhəsiz, böyük milli tarixi dəyər daşımaqdadır:

“Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.

Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”

* * *

Xalqa oktyabrın 20-dəki müraciətində Azərbaycan Prezidenti söhbətə yenidən erməni faşistlərinin yaşayış məntəqələrini, mülki əhalini hədəfə almaqda davam etdiklərini göstərdi. Və izah etdi ki, bütün bunlar döyüş meydanında məğlub olan düşmənin vurnuxması, canını qurtarmaq üçün çıxış yolları axtarması, özünü daha da çıxılmaz vəziyyətlərə salmasıdır.

Prezident daha sonra dedi:

“Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, – bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, – aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, – bizim belə planlarımız yoxdur, – baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik”.

Azərbaycan Prezidentinin erməni mifi, erməni yalanı barədə dedikləri konkret müşahidələrin, təhlillərin elə bir ümumiləşdirilmiş ifadəsidir ki, heç bir halda təkzib etmək mümkün deyil:

“Onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib. Ballistik raketlərə döyüş tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər, kömək edin, kömək edin!”

Prezidentin müraciətlərində riayət olunan bir cəhət da verilən informasiyaların dəqiqliyi, obyektivliyi ilə yanaşı, müharibə şəraitinin zəruri tələblərinin gözlənilməsidir:

“Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir”.

Prezident çıxışının sonunda dedi:

“Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”

* * *

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə müraciəti xüsusi tarixi əhəmiyyət daşıyırdı və birbaşa Şəhidlər xiyabanından edildi:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Prezident dedi:

“Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.

Azərbaycan Prezidenti xalqa müraciətində düşmən üzərindəki Qələbənin əsas amillərini kifayət qədər müfəssəl təhlil etdi ki, həmin amillər bunlardan ibarətdir:

1) iqtisadi güc;

2) milli birlik;

3) beynəlxalq səviyyədəki uğurlar;

4) ordu quruculuğu.

Sonra dedi:

“Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin – düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik”.

Qarabağın tacı olan Şuşanın əsarətdən azad olunması, əslində, düşmənin məğlub edilməsi, qırx dörd gün davam edən müharibənin bitməsi demək idi. Odur ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan budəfəki müraciətini Azərbaycan xalqı üçün müqəddəs olan bir məkandan etmişdi:

“Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Azərbaycan Prezidentinin dediyi aşağıdakı sözlər belə bir faktı təsdiq edir ki, müharibənin gedişi günlərində Prezidentin xalqa müraciətlərini xalqın onun tarixi arzusunu qəhrəmanlıqla həyata keçirməkdə olan Prezidentə, Müzəffər Ali Baş Komandana kütləvi müraciətləri müşayiət etmişdir:

“Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”

Bu sözlər isə Azərbaycan tarixində Səfəvilər dövründən sonra ölkəmizin ərazi bütövlüyünü təmin etmiş yeganə dövlət başçısının sözləridir. Və bu sözlərdə ifadə olunan çoxlu mənaların əsası odur ki, xalq-iqtidar birliyi Azərbaycanın yeni tarixini yaradır:

“Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

* * *

Azərbaycan Prezidenti bundan sonra xalqa daha dörd dəfə müraciət etməli oldu. Noyabrın 10-da “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin Bəyanatı” ilə xalqı tanış edib dedi ki, Ermənistanın hərbi kapitulyasiya aktı olan bu sənədə Azərbaycan Prezidenti fəxrlə, qürurla, Ermənistanın baş naziri isə hansısa künc-bucaqda şərəfsizliklə imza atır. Azərbaycan Prezidenti 20 noyabr tarixli müraciətində Ağdamın, 25 noyabr tarixli müraciətində Kəlbəcərin, 1 dekabr tarixli müraciətində isə Laçının bir güllə atılmadan işğaldan azad olunduğunun müjdəsini verdi.

Prezidentin xalqa müharibədən sonrakı müraciətləri müharibə günlərindəki müraciətlərinin ideya-məzmunca bilavasitə davamı olduğuna görə dil-üslub texnologiyaları baxımından da yaxındır ki, buraya əsasən aşağıdakılar daxildir:

a) təcavüzkarın iç üzünü açan, onu ifşa və mənən-ruhən məhv edən dil-ifadə texnologiyaları;

b) milli iradəni gücləndirən, tarixi özünüdərk imkanlarını yüksəldən, müasir özünütəsdiq imkanlarını genişləndirən dil-ifadə texnologiyaları;

c) analitik-siyasi, hər bir mühakiməsi möhkəm tarixi yaddaşa, məntiqi-diplomatik təhlilə əsaslanan, sistemli olduğu qədər də səmimi dil-ifadə texnologiyaları.

Ümumən, bu dil, bütün maneələrə rəğmən Əlahəzrət Həqiqəti yarımçıq yox, sonacan demiş dildir!..

Və cəsarətlə demək olar ki, Prezidentin silsilə müraciətləri, bir tərəfdən, ən yeni dövr Azərbaycan tarixinin ən mötəbər mənbələri, digər tərəfdən, müasir Azərbaycan dilinin ən mükəmməl nitq abidələridir ki, milli mütəşəkkillik ruhunun ən dərin qatlarından gəlir.