Qazaxıstan MSK-da Türk Şurasının müşahidə missiyası ilə görüş keçirilib

Qazaxıstan Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun rəhbərlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) müşahidəçi missiyası ilə görüş keçirilib.

Görüşdə MSK rəhbərliyi müşahidə missiyasını Qazaxıstan Parlamenti Senatına seçkilərin təşkili, bu istiqamətdə görülən işlərlə tanış edib, seçki kampaniyasının gedişi, koronavirus pandemiyası şəraitində səsvermə prosesinə hazırlıq barədə ətraflı məlumat verib.

Türk Şurası müşahidə missiyasının rəhbəri Rəşad Məmmədov seçkiləri izləmək üçün edilən dəvətə görə təşkilat adından təşəkkürünü çatdırıb və Türkdilli Şurası nümayəndələrinin Qazaxıstanda, eyni zamanda, digər üzv ölkələrdə seçki prosesinin izlənməsində müşahidəçi kimi böyük təcrübəyə malik olduğunu qeyd edib. Səfir pandemiya səbəbindən beynəlxalq təşkilatların seçkinin gedişini müşahidə etməkdə problemlə üzləşdiyinə diqqət çəkib. Bütün çətinliklərə baxmayaraq, Türk Şurasının seçkini izləmək üçün müşahidə missiyası formalaşdırmasının təşkilatın üzv dövlətlərdəki ictimai-siyasi proseslərə nə qədər diqqətlə və həssas yanaşdığının göstəricisi olduğunu vurğulayıb.

Eyni zamanda, diplomat bu seçkilərin uğurla keçiriləcəyinə, dost Qazaxıstanın demokratik inkişaf yolunda yeni bir addım, əhəmiyyətli bir mərhələ olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanda parlamentin yuxarı palatasına – Senata seçkilər keçirilir. Seçkiləri izləyəcək yeganə beynəlxalq təşkilat olan Türk Şurasının müşahidə missiyasına Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistandan nümayəndələr daxildir. /Azərtac/