Azərbaycanda Atatürk Mərkəzi

Spread the love

Ümummilli lider Heydər Əliyevin düşüncəsində türk dünyasının görkəmli dövlət xadimlərinə, unudulmaz şəxsiyyətlərə, mütəfəkkirlərə xüsusi bir ehtiram var idi. O, böyük Atatürkün şəxsiyyətinə və irsinə, xid-mətlərinə də yüksək sayğılar bəsləyirdi. Çağdaş müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün dövlətçilik təcrübəsini Azərbaycanın milli dövlət quruculuğu prosesində daim xatırlamışdır. Atatürk Mərkəzini yaratmaq fikri də bütün türklərin mütəfəkkir insanına zamanında gördüyü işlərə görə cəmiyyətimizdə minnətdarlıq hissinin ifadəsidir. Türk dövlətlərində bu tipli mərkəzlərin yaradılması ideyası çoxdan mövcud olsa da, ilkin olaraq dövlət qurumu kimi Azərbaycanda gerçəkləşmişdir.

Ümummilli lider Heydər Əliyev Atatürkə, Türkiyəyə və türk dünyasına ehtiramının əlaməti olaraq, 9 mart 2001-ci il tarixli sərəncamla qardaş Türkiyə ilə tarixi, milli-mənəvi, mədəni bağlılığımızın inkişafı üçün mühüm əhəmiyyət daşıyan bir təsisat – Azərbaycanda Atatürk Mərkəzini yaratmışdır. Mərkəzin fəxri sədri Azərbaycan Respublikasının Prezidentidir. Prezidentin sözügedən sərəncamında və mərkəzin əsasnaməsində bu birmənalı şəkildə vurğulanır. Atatürk Mərkəzin yaradılması zərurəti konkretdir. Bu mənada, sərəncamda qeyd olunduğu kimi, təsisat «Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədi» daşıyır.

Mərkəzin fəaliyyəti ilə tanışlıqdan aydın olur ki, qurum ictimai fikri türk dünyası və Atatürklə bağlı tarixi hadisələrə, tədqiqata, yeni münasibətlərə yenidən yönəltməyi istiqamət olaraq seçmişdir. Burada türk dünyasının tarixi, mədəniyyəti və bu sferaya daxil ola biləcək digər məsələlər araşdırılır və nəşr olunur.

Ulu öndər 4 iyul, 2001-ci il tarixli digər bir sərəncamla görkəmli türkoloq alim, tədqiqatçı, prof. dr. Nizami Cəfərovu bu mərkəzə müdir təyin etmişdir. O vaxtdan etibarən mərkəzdə görkəmli türkolq-alimin rəhbərliyi ilə bir sıra ürəkaçan işlər görülmüşdür. Atatürk Mərkəzinin müdiri sıradan bir elm adamı, millət vəkili deyil, o, Azərbaycanda və Türk dünyasında kifayət qədər nüfuz qazanmış türkoloq-alim, ictimai xadimdir. Onun elmi araşdırmaları və kitabları dünya türkoloqları, tədqiqatçılar üçün impulsveriçi örnək kimi həmişə diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev rəsmi görüşlərin birində Atatürk Mərkəzinin yaradılması münasibətilə demişdi: «Çox məmnunam ki, mənim təşəbbüsümlə Azərbaycanda Atatürk Mərkəzi artıq fəaliyyət göstərməkdədir. O zamanlar mənə Beynəlxalq Atatürk Sülh Mükafatı verilərkən düşündüm ki, belə bir qurumu yaratmaq gərəkdir və buna da böyük ehtiyac varmış. Mən çox böyük bir professoru o mərkəzə başqan təyin etdim. O, bizim parlamentin millət vəkilidir. Onlara çox gözəl və tarixi bir bina verdim».

Mərkəzdə türk dünyasının tarixi, mədəniyyəti və bu sferaya daxil ola biləcək digər məsələləri araşdırmaq da nəzərdə tutulmuşdur. Bu elm, mədəniyyət ocağında ictimai fikri türk dünyası və Atatürklə bağlı tarixi hadisələrə, araşdırmalara, gəlişən münasibətlərə yenidən yönəltmək də bir istiqamət olaraq seçilmişdir.

Atatürk irsi, Türk dünyasının tarixi və mədəniyyəti yayınlarda
2001-ci ildən bu yana, əsasnaməsi təsdiq olunduqdan sonra mərkəz kifayət qədər məhsuldar fəaliyyətə başladı. Bu məhsuldarlığın miqyasını xarakterizə edən, cəmiyyətə göstərən tədbirlər, nəşrlər böyük bir ədəbiyyat siyahısından ibarətdir. Hazırda mərkəz Atatürk, atatürkçülük, türk xalqlarının ədəbiyyat və mədəniyyət nümunələrinin araşdırılması və yayınlanması işilə, keçirdiyi elmi konfrans və simpoziumlarla öz vəzifəsini layiqincə həyata keçirməkdədir.

Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərovun rəhbərliyi ilə mərkəz öz fəaliyyəti dövründə türk dünyası və atatürkçülüklə bağlı cəmiyyətin ehtiyac duyduğu məsələləri həmişə diqqətdə saxlamışdır. Bu sahədə nəzərəçarpacaq elmi tədqiqatlar aparılmış, zəruri ədəbiyyatların (72 adda kitab və 24 sayda «Bülleten») nəşri reallaşdırılmış və bu proses indi də davam etdirilir. Azərbaycan Türkiyə münasibətlərinə dair ayrı-ayrı nəşrlərin çapı Azərbaycan və Türkiyə oxucusu üçün yeni və təqdirəlayiq ədəbiyyatlardır. (Atatürk Mərkəzinin nəşrlərinin ümumi siyahısı ayrıca verilmişdir).

Fəaliyyətimizin digər göstəricisi və yayınlayıcısı olan «Azərbaycanda Atatürk Mərkəzi Bülleteni»ləri hər rüb ardıcıl olaraq nəşr olunmuşdur (cəmi 24 say). Burada Mərkəzin özünün keçirdiyi və iştirak etdiyi çoxsaylı tədbirlər, görüşlər, konfranslar, müşavirələr, təqdimatlar, elmi əməkdaşların araşdırma materialları və digər uyğun yazılar əksini tapır. Bu baxımdan, Atatürk Mərkəzinin təşəbbüsü ilə keçirilən, yaxud mərkəz müdirinin, onun müavininin və kollektivin iştirak etdiyi tədbirləri də xüsusilə qeyd etmək yerinə düşər. Mərkəzin konfrans salonunda 300-dək görüş, təqdimat, elmi konfrans və simpoziumlar keçirilmişdir ki, bunların əksəriyyəti bilavasitə prof. dr. Nizami Cəfərovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdur.

Hazırda Atatürk, onun silahdaşları, Türk dünyası tarixi, mədəniyyəti ilə əlaqədar, böyük şəxsiyyətlərimiz, dövlət qurucularımız haqqında yeni kitabların hazırlanması işi davam etdirilir. Bütün bunlar isə Azərbaycanda kütləvi oxucunu, həmçinin elmi ictimaiyyəti türkçülüyün, atatürkçülüyün müxtəlif aspektləri, bütün dünyada tanınan böyük türklərin həyat və fəaliyyəti ilə tanışlığa geniş imkan yaratmaqdır. Və əsas məqsədlərdən biri də odur ki, Azərbaycan cəmiyyəti tərkib hissəsi olduğu türk dünyasının şanlı dövllətçilik tarixini dərindən öyrənsin və xalqlarımızın böyük şəxsiyyətlərini tanısın, onlarla fəxr etsin.

***

Azərbaycan dövləti olaraq, beynəlxalq əlaqələrimizdə Türk dünyası faktoruna da böyük önəm verilir. Türk dünyası və Türkiyənin timsalında münasibətlərimiz xalqlarımızın tarixi, etimoloji, mədəni-mənəvi birliyindən rişələnir və yeni çağda ümummilli lider Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» — milli-ideoloji məzmunu böyük olan tarixi kəlamı anlamını və formasını almışdır.

Prezident İlham Əliyev tarixi bağlılığı möhkəm olan xalqlarımızın çağdaş əlaqələrinə milli aspektdən, Heydər Əliyev kursuna sədaqət nümayiş etdirməklə, türk dünyasına diqqətin milli, ideoloji konturlarını müəyyənləşdirmişdir: «Biz ümumi kökləri olan bir xalqıq, bir dilimiz, bir dinimiz var. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər həmişə dostluq və qardaşlıq kimi səciyyələndirilmişdir. Əsrlər boyu bizi ayırmaq is-təsələr də, bu cəhdlər nəticə verməmişdir. İndi də heç bir qüvvə bizi ayırmaq iqtidarında deyil. Azərbaycanın dost və qardaş münasibətinə daha böyük ehtiyacı var».

Bu yanaşma bir qədər geniş, həm də konkret anlamda Prezident İlham Əliyevin Türkiyə ilə birlikdə türk dünyasına, türk xalqlarına, ümumi etnik-mədəni dəyərlərimizə doğma münasibətidir. Və dövlətimizin başçısının bu kimi baxışları Atatürk Mərkəzinin beynəlxalq fəaliyyətinin ideya istiqamətində mühüm şərt ola-raq götürülür. Fəaliyyət göstərdiyi müddət ərzində Atatürk Mərkəzi Azərbaycanın, Türkiyənin, Türk dünyasının əsas Atatürk mərkəzləri, elmi, mədəni qurumlarla səmərəli əməkdaşlıq qurmuş və hazırda özünün beynəlxalq əlaqələrinin miqyasını daha da genişləndirməyə çalışmışdır. Ötən 6 il ərzində prof. dr. Nizami Cəfərovun təmsilçiliyi ilə mərkəzin beynəlxalq tədbirlərdə, konfranslarda iştirakını xüsusilə əhəmiyyət daşıyan məsə-lələr sırasında qeyd etmək lazımdır:

Istanbul şəhərinə Türk dövlət və topluluqları Dostluq və işbirliyinin qurultayı — «Azərbaycanşünaslığın metodoloji problemləri» mövzusunda məruzə (2002).
Türkiyənin Istanbul və Ankara şəhərlərində olmuş. Türkiyə Böyük Millət Məclisində, Türkiyənin Nazirlər Kabinetində, Istanbul şəhər bələdiyyəsində, Atatürk Kültür Dil və Tarix Yüksək Qurumunda görüşlər və müzakirələr (2002).
Quzey Kıbrıs Türk Cumihuriyətinin müstəqilliyi ilə əlaqədar Lefkoşa şəhərində dövlət şənlikləri və Osmanlı dövlətinin 721 illiyi münasibəti ilə əlaqədar Biləcik şə-hərində bayram tədbirləri (2002).
Azərbaycan Xalq Cümhuriyyətinin 85 və ümummilli lider Heydər Əliyevin 80 illik yubileyi ilə əlaqədar Tür-kiyənin Izmir şəhərində keçirilən tədbirləri, Türkiyənin Adana şəhərində «Türkiyə-Azərbaycan qardaşlığı» konfrası (2003).
Türkiyənin Ankara şəhərində ezamiyyətdə olmuş-dur. Atatürkün anım günü və Antalya şəhərində mədə-niyyət tədbirləri (2004).
Türkiyədə qondarma «erməni soyqırmı»məsələsinə həsr olunmuş tədbir, Istanbulda keçirilən Atatürk qu-rumlarının ümumi toplantısı (2005).
Şimali Kipr Türk Cumhiriyyətinə səfər, Lefkoşda Azərbaycan nümayəndəliyinin açılışı (2005).
Türkiyənin Qazi Universitetində «1915-ci il erməni məsələsi» mövzusunda elmi simpozium (2005).
Istanbulun Boğaziçi Universitesində Heydər Əliye-vin anım günü münasibətilə elmi tədbir (Prezidentin Icra Aparatının şöbə müdiri Əli Həsənovla. 2005).
Türkiyənin Antaliya şəhərində «Dialoq Avrasiya» təşkilatının 7-ci ümumi iclası (2006).
Türkiyəyə işgüzar səfər (2006).
Qırğız Respublikasının paytaxtı Bişkekdə Şimali Kipr Respublikasının problemlərinə həsr olunmuş tədbir (2006).
Ukraynanın Kiyev şəhərində Dialoq Avrasiya Platformasının «Xalqların bir-birinə yaxınlaşmasında təhsilin və medianın rolu» mövzusunda toplantı (2007).
Türkiyənin Ankara şəhərində «İCANAS -38» Beynəlxalq Asiya və Şimali Afrika Araşdırmaları konqresi (2007).
Qırğızıstanın Bişkek şəhərində «I Uluslararası Böyük Türk Dili Qurultayı» (İhsan Doğramacının şərəfinə). «Genel olaraq Türkiyə türkcəsi» mövzusunda məruzə (2007).
Bu kimi tədbirlərdə prof. dr. Nizami Cəfərov mərkəzi layiqincə təmsil etmiş, nəticə olaraq bir sıra beynəlxalq səviyyəli qurumlarla ikitərəfli əməkdaşlıq və elmi tədqiqat işlərinin mübadiləsində anlaşma əldə olunmuşdur.

Bu gün, elə sonrakı dövrlər üçün də Atatürk Mərkəzinin perspektivə nəzərdə tutduğu, dəqiqliklə əməl etdiyi digər doğal prioritet istiqamət də aydın və birmənaladır – Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında qarşılıqlı əlaqələrin yaradılması və zənginləşməsi sahəsində xidmətlərini işıqlandırmaq, bu sahədə digər türk respublikalarında aparılan işləri araşdırmaq.

Cəmiyyətə bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyəti ilə xalqının yüksəlişi, türk dünyasının birliyi, qardaşlığı yolunda ali məqsədlərə xidmət edir. Və türk dünyasının müasir liderlərindən biri olmaq şərəfini qazanmış şəxsiyyətlərdəndir. Bu mənada, Nizami Cəfərovun Atatürk Mərkəzində həyata keçirdiyi siyasət və bu siyasi düşüncədən irəli gələn əsas prinsip belədir – mərkəz Azərbaycan dövlətinin siyasətini, müstəqillik uğrunda mübarizəsini, Heydər Əliyevin yaratdığı ənənələri təbliğ etməli, Azərbaycanın türk dünyasında nüfuzunun yüksəldilməsi işində öz köməyini göstərməlidir, və şübhəsiz göstərir də.