Prezident İlham Əliyev Türkiyənin yeni səfirini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyənin yeni səfirini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunun etimadnaməsini qəbul etmişdir.

 Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. 

Səfir İsmail Alper Coşkun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir İsmail Alper Coşkun Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin böyük inkişaf yoluna qədəm qoyduğu bir dövrdə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə etdi. İsmail Alper Coşkun Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dedi.

Bu yaxınlarda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının uğurla keçdiyini və yüksək nəticələr əldə edildiyini qeyd edən dövlətimizin başçısı əlaqələrimizin qarşıdakı illərdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən sıx əlaqələri olan ölkələr olduğunu və əməkdaşlığımızın bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd etdi.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.