Azərbaycanda Atatürk Mərkəzinin əsasnaməsi

I. Ümumi müddəalar

  1. Azərbaycanda Atatürk Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001- ci il tarixli 641 nömrəli sərəncamı ilə yaradılmışdır.

Mərkəz Mustafa Kamal Atatürkün irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə yaradılmış elmi araşdırmalar və mədəniyyət təşkilatıdır.

Azərbaycan Respublikasının Prezidenti Mərkəzin fəxri sədridir.

  1. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
  2. Mərkəz Azərbaycan Respublikasının elmi- mədəni mərkəzləri ilə, digər türkdilli dövlətlərin analoji qurumları ilə, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
  3. Mərkəz hüquqi şəxsdir, dövlət büdcəsindən maliyyələşdirilir, müstəqil balansa, xərclər smetasına, əmlaka, bank təşkilatlarında hesablaşma və digər hesablara, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.
  4. Mərkəzə verilmiş əmlak dövlət mülkiyyətidir. Mərkəz öz fəaliyyətinin həyata keçirilməsi üçün ona operativ idarəetmə hüqüqları ilə verilmiş əmlaka və bu əmlak üzərində istifadə hüququna malikdir.
  5. Mərkəz Bakı şəhərində yerləşir.
  6. Mərkəzin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə həyata keçirilir.

II. Mərkəzin əsas vəzifələri və funksiyaları

  1. Mərkəzin əsas vəzifəsi Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türkdilli xalqların tarixində tutduğu mühüm yeri, onun xalqlarımızın inkişafında rolunu, ümumiyyətlə, türkdilli xalqların tarixi və mədəniyyətinin fundamental şəkildə hərtərəfli tədqiqi və onların zəngin irsinin təbliğ olunmasıdır.
  2. Mərkəz ona həvalə olunmuş əsas vəzifəsinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

9.1. Mustafa Kamal Atatürk irsini tədqiq və təbliğ etmək məqsədilə bu işlə məşğul ola bilən elm və mədəniyyət xadimlərini muvafiq mövzuların işlənilməsinə cəlb edir və onların elmi fəaliyyətinə lazımi şərait yaradır;

9.2.Atatürk irsinin elm, təhsil, mədəniyyət və s. sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədqiqatlar aparır;

9.3. Türkdilli xalqların ictimai fikir tarixində və mədəni inkişafında Atatürk irsinin rolunun müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir;

9.4. Aparılan tədqiqatların nəticələrini yaymaq və təbliğ etmək məqsədilə elmi əsərlər, məcmuələr və s. nəşr edir;

9.5. Atatürk şəxsiyyəti və irsinin tədqiqinə həsr olunmuş görkəmli əsərlərə görə mükafatlar verir;

9.6. Atatürk irsinə aid sənədlərin vahid arxivini və fondunu yaradır;

9.7.Türkdilli dövlətlərin həyatının müxtəlif sahələrinə həsr edilmiş tədbirlər keçirir;

9.8. Respublika daxilində və respublikadan kənarda türkdilli dövlətlərin elmi və mədəniyyəti ilə əlaqədar tədqiqatlar aparan digər qurumlarla münasibətlərini qurur və onların fəaliyyəti ilə öz fəaliyyətini əlaqələndirmək üçün konfrans və müşavirələr keçirir;

9.9.Türkdilli dövlətlərin və digər xarici dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;

9.10.Müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasını təmsil edir və belə tədbirlərin Azərbaycan Respublikasında keçirilməsini təmin edir.