Mərkəzin açılış mərasimi

2004-cü il aprelin 10-da Azərbaycanda Atatük Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərasimə toplaşanlar dövlətimizin başçısını ehtiramla qarşıladılar. Respublikamızın rəhbəri xarici qonaqlarla, türkdilli ölkələrin Bakıdakı səfirləri ilə səmimi görüşdü.

Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri prezident Heydər Əliyev türk dünyasının böyük öndəri, Türkiyə Cumhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədi ilə 2001-ci il martın 9-da Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır.

Atatürk Mərkəzinin yaradıcısı və ilk fəxri sədri olan Heydər Əliyev bu sənədi imzalaqla Azərbaycanla Türkiyə arasında tarixi əlaqələrin nə qədər sıx olduğunu bir daha nümayiş etdirdi. Elmi araşdırmalar və mədəniyyət təşkilatı olan bu Mərkəzin əsas məqsədi Mustafa Kamal Atatürkün türk dünyasındakı yerini və rolunu, türk dilli xalqların tarixi və mədəniyyətini fundamental şəkildə hərtərəfli öyrənmək və bu xalqların zəngin irsini təbliğ etməkdir. 

Ölkəmizin həyatında əlamətdar hadisəyə həsr olunmuş mərasimi Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov açdı. Açılış mərasiminin davamında, Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalay, Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural nitq söylədilər.

Sonra Prezident llham Əliyev Atatürk Mərkəzinin rəsmi açılışını bildirən qırmızı lent kəsdi. Dövlətimizin başçısı mərkəzin ayrı-ayrı otaqlarını gəzdi, Mustafa Kamal Atatürkün bürüncdən hazırlanmış büstünə baxdı, son vaxtlar mərkəz tərəfindən nəşr olunan kitablarla maraqlandı.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, nazirlər, Milli Məclisin deputatları, türkdilli ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.