Azərbaycanda Atatürk Mərkəzi

Ümummilli lider Heydər Əliyevin düşüncəsində türk dünyasının görkəmli dövlət xadimlərinə, unudulmaz şəxsiyyətlərə, mütəfəkkirlərə xüsusi bir ehtiram var idi. O, böyük Atatürkün şəxsiyyətinə və irsinə, xid-mətlərinə də yüksək sayğılar bəsləyirdi. Çağdaş müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün dövlətçilik təcrübəsini Azərbaycanın milli dövlət quruculuğu prosesində daim xatırlamışdır. Atatürk Mərkəzini yaratmaq fikri də bütün türklərin mütəfəkkir insanına zamanında gördüyü işlərə görə cəmiyyətimizdə minnətdarlıq hissinin ifadəsidir. Türk dövlətlərində bu tipli mərkəzlərin yaradılması ideyası çoxdan mövcud olsa da, ilkin olaraq dövlət qurumu kimi Azərbaycanda gerçəkləşmişdir.

Ümummilli lider Heydər Əliyev Atatürkə, Türkiyəyə və türk dünyasına ehtiramının əlaməti olaraq, 9 mart 2001-ci il tarixli sərəncamla qardaş Türkiyə ilə tarixi, milli-mənəvi, mədəni bağlılığımızın inkişafı üçün mühüm əhəmiyyət daşıyan bir təsisat - Azərbaycanda Atatürk Mərkəzini yaratmışdır. Mərkəzin fəxri sədri Azərbaycan Respublikasının Prezidentidir. Prezidentin sözügedən sərəncamında və mərkəzin əsasnaməsində bu birmənalı şəkildə vurğulanır. Atatürk Mərkəzin yaradılması zərurəti konkretdir. Bu mənada, sərəncamda qeyd olunduğu kimi, təsisat «Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədi» daşıyır.

Mərkəzin fəaliyyəti ilə tanışlıqdan aydın olur ki, qurum ictimai fikri türk dünyası və Atatürklə bağlı tarixi hadisələrə, tədqiqata, yeni münasibətlərə yenidən yönəltməyi istiqamət olaraq seçmişdir. Burada türk dünyasının tarixi, mədəniyyəti və bu sferaya daxil ola biləcək digər məsələlər araşdırılır və nəşr olunur.

Ulu öndər 4 iyul, 2001-ci il tarixli digər bir sərəncamla görkəmli türkoloq alim, tədqiqatçı, prof. dr. Nizami Cəfərovu bu mərkəzə müdir təyin etmişdir. O vaxtdan etibarən mərkəzdə görkəmli türkolq-alimin rəhbərliyi ilə bir sıra ürəkaçan işlər görülmüşdür. Atatürk Mərkəzinin müdiri sıradan bir elm adamı, millət vəkili deyil, o, Azərbaycanda və Türk dünyasında kifayət qədər nüfuz qazanmış türkoloq-alim, ictimai xadimdir. Onun elmi araşdırmaları və kitabları dünya türkoloqları, tədqiqatçılar üçün impulsveriçi örnək kimi həmişə diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev rəsmi görüşlərin birində Atatürk Mərkəzinin yaradılması münasibətilə demişdi: «Çox məmnunam ki, mənim təşəbbüsümlə Azərbaycanda Atatürk Mərkəzi artıq fəaliyyət göstərməkdədir. O zamanlar mənə Beynəlxalq Atatürk Sülh Mükafatı verilərkən düşündüm ki, belə bir qurumu yaratmaq gərəkdir və buna da böyük ehtiyac varmış. Mən çox böyük bir professoru o mərkəzə başqan təyin etdim. O, bizim parlamentin millət vəkilidir. Onlara çox gözəl və tarixi bir bina verdim».

Mərkəzdə türk dünyasının tarixi, mədəniyyəti və bu sferaya daxil ola biləcək digər məsələləri araşdırmaq da nəzərdə tutulmuşdur. Bu elm, mədəniyyət ocağında ictimai fikri türk dünyası və Atatürklə bağlı tarixi hadisələrə, araşdırmalara, gəlişən münasibətlərə yenidən yönəltmək də bir istiqamət olaraq seçilmişdir.

Atatürk irsi, Türk dünyasının tarixi və mədəniyyəti yayınlarda
2001-ci ildən bu yana, əsasnaməsi təsdiq olunduqdan sonra mərkəz kifayət qədər məhsuldar fəaliyyətə başladı. Bu məhsuldarlığın miqyasını xarakterizə edən, cəmiyyətə göstərən tədbirlər, nəşrlər böyük bir ədəbiyyat siyahısından ibarətdir. Hazırda mərkəz Atatürk, atatürkçülük, türk xalqlarının ədəbiyyat və mədəniyyət nümunələrinin araşdırılması və yayınlanması işilə, keçirdiyi elmi konfrans və simpoziumlarla öz vəzifəsini layiqincə həyata keçirməkdədir.

Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərovun rəhbərliyi ilə mərkəz öz fəaliyyəti dövründə türk dünyası və atatürkçülüklə bağlı cəmiyyətin ehtiyac duyduğu məsələləri həmişə diqqətdə saxlamışdır. Bu sahədə nəzərəçarpacaq elmi tədqiqatlar aparılmış, zəruri ədəbiyyatların (72 adda kitab və 24 sayda «Bülleten») nəşri reallaşdırılmış və bu proses indi də davam etdirilir. Azərbaycan Türkiyə münasibətlərinə dair ayrı-ayrı nəşrlərin çapı Azərbaycan və Türkiyə oxucusu üçün yeni və təqdirəlayiq ədəbiyyatlardır. (Atatürk Mərkəzinin nəşrlərinin ümumi siyahısı ayrıca verilmişdir).

Fəaliyyətimizin digər göstəricisi və yayınlayıcısı olan «Azərbaycanda Atatürk Mərkəzi Bülleteni»ləri hər rüb ardıcıl olaraq nəşr olunmuşdur (cəmi 24 say). Burada Mərkəzin özünün keçirdiyi və iştirak etdiyi çoxsaylı tədbirlər, görüşlər, konfranslar, müşavirələr, təqdimatlar, elmi əməkdaşların araşdırma materialları və digər uyğun yazılar əksini tapır. Bu baxımdan, Atatürk Mərkəzinin təşəbbüsü ilə keçirilən, yaxud mərkəz müdirinin, onun müavininin və kollektivin iştirak etdiyi tədbirləri də xüsusilə qeyd etmək yerinə düşər. Mərkəzin konfrans salonunda 300-dək görüş, təqdimat, elmi konfrans və simpoziumlar keçirilmişdir ki, bunların əksəriyyəti bilavasitə prof. dr. Nizami Cəfərovun təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdur.

Hazırda Atatürk, onun silahdaşları, Türk dünyası tarixi, mədəniyyəti ilə əlaqədar, böyük şəxsiyyətlərimiz, dövlət qurucularımız haqqında yeni kitabların hazırlanması işi davam etdirilir. Bütün bunlar isə Azərbaycanda kütləvi oxucunu, həmçinin elmi ictimaiyyəti türkçülüyün, atatürkçülüyün müxtəlif aspektləri, bütün dünyada tanınan böyük türklərin həyat və fəaliyyəti ilə tanışlığa geniş imkan yaratmaqdır. Və əsas məqsədlərdən biri də odur ki, Azərbaycan cəmiyyəti tərkib hissəsi olduğu türk dünyasının şanlı dövllətçilik tarixini dərindən öyrənsin və xalqlarımızın böyük şəxsiyyətlərini tanısın, onlarla fəxr etsin.