Sözümüzün Ali Baş Komandanı

 

Erməni işğalçılarına qarşı Azərbaycan xalqının qırx gündən artıq davam edən müzəffər hərbi, ictimai, siyasi mübarizəsində Ali Baş Komandan İlham Əliyevin Sözü – xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr son dərəcə mühüm rol oynadı. Həmişə  vaxtında deyilmiş, kifayət qədər mürəkkəb hadisələrin, gərgin, qaynar, hər cəhətdən sürəkli (və ideoloji ehtiraslarla zəngin) proseslərin mahiyyətini böyük analitik istedad (və intellektlə) şərh edən, başlıcası isə, Azərbaycan xalqının iradəsini bütün  təfsilatı ilə əks etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu  möştəşəm Söz, heç şübhəsiz, dilimizin ən mötəbər mənbələrindən biri kimi tarixə yazıldı.

Əlbəttə, Ali Baş Komandanın sözügedən Sözü ilk növbədə onunla əlamətdardır ki, deyildiyi günlərdə hadisələrə sadəcə təsir göstərməklə deyil, bir xalqın taleyini həll edən prosesləri yönəltməklə, milli ruhu mərkəzləşdirib, həqiqətən, dəmir bir yumruğa, sarsılmaz mənəvi qüvvəyə çevirməklə öz tarixi missiyasını uğurla  həyata keçirdi. Xalqa müraciətlərdə  bu Sözü, bir tərəfdən, informasiya təfərrüatı və dəqiqliyi, məntiq dərinliyi və ardıcıllığı hərəkətə gətirirsə, digər tərəfdən, xalq danışıq sintaksisinin lakonizmi, təravətli leksikon, xüsusilə o günlərin kontekstində hər cəhətdən yerinə düşərək ruhları coşduran, dildən dilə gəzən nüfuzedici frazeologiya cilalayırdı.  Və Ali Baş Komandanın  nitqində ana dilinin qüdrətli intonasiyası  elə bir qürurla səsləndi ki, yüz illər keçsə də bu səsi hər kəs eşidəcək – dost da, düşmən də…

Prezident işğaldan azad edilmiş hər bir şəhərimizin, qəsəbəmizin, kəndimizin adını elə bir şövqlə çəkirdi ki, tək onun yox, hər bir sözünə diqqət kəsilmiş dinləyicilərin də ruhu bədəndə oynayırdı… “Adlarınızı dəyişdiriblər” deyirdi, “biabırçı adlar qoyublar” deyirdi, “Mən bu adı dəyişdirdim” deyirdi. Bu “Mən” bir ayrı “mən” idi,  bir şəxsin yox, bir millətin “Mən”i idi. Və bu “Mən” heç bir maneəsiz “Biz”ə çevrildi: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Harda praqmatika varsa, orada həm semantika var, həm də sintaktika…

Nüfuzlu informasiya vasitələrinə müsahibələrində İlham Əliyevin diplomatik səviyyəsi, beynəlxalq məsələlər üzrə peşəkarlığı nə qədər aydın görünsə də, bundan az önəmli olmayan başqa bir üstünlüyü də vardı: o, lideri olduğu xalqın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin heç bir şübhə doğurmayan həqiqətini bəyan edir,  yorulmadan (və özünəməxsus lider cəsarəti ilə) bütün dünyaya çatdırırdı ki, bu həqiqət hansısa subyektiv, yaxud  separatist marağın ifadəsi yox, beynəlxalq, humanist tələblərdən, BMT- nin əsaslandığı birgəyaşayış prinsiplərindən irəli  gələn obyektiv təzahürdür, Ermənistan öz təcavüzkar “rəhbərlər”inin şəxsində bütövlükdə insanlığa qarşı cinayət işlətmiş, haqq- ədaləti tapdalamış, cəzasız qalacağını güman edərək get- gedə daha da azğınlaşmışdır… Hər kəs görürdü ki, Prezidentə  verilən suallarda həmin həqiqəti ortaya çıxarmaq əvəzinə onu dumanlandırmaq, “əzabkeş erməni” mifini müdafiə eləmək istəyi daha çox qabardılır, lakin onu da görməmək mümkün deyildi ki, İlham Əliyev elə ilk kəlmələrindən  bu mifi dağıdır, erməni faşizminin iç üzünü açıb göstərir, özbaşınalığı, cinayətkar rejimi, havadarlarına güvənərək qəsbkarlığın miqyasını daha da genişləndirmək barədə xam xəyallara düşən Paşinyan qudurğanlığını ifşa edir.

Ola bilsin ki, müəyyən qədər qəribə səslənsin, ancaq mənə elə gəlir ki, Azərbaycan Prezidentinin  rus, eləcə də ingilis dilindəki müsahibələrinə ana dilinin ruhu çökmüşdü. Və dərindən mənimsədiyi  bu dillərdə də Prezident Azərbaycan  həqiqətlərini əks etdirdiyi üçün məhz “azərbaycanca danışırdı”. Heç kimə sirr deyil ki, XX əsrin sonu, XXI əsrin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkədə, eləcə də beynəlxalq  aləmdə Azərbaycan dilinin siyasi mövqeyini, nüfuzunu görünməmiş bir səviyyəyə yüksəltdi. Həmin ənənəni davam etditən Öndər Atanın Öndər Oğlu xalqa  müraciətlərilə ana dilinə müzəffər bir ordunun Ali Baş Komandanının nitq  enerjisini qazandırdı. Elə bir enerji ki, dilimizin (və xalqımızın) buna ehtiyacı vardı… Uzun illər məişət sferası ilə hüdudlanmış ifadələr qırx günün içində ərazi bütövlüyü uğrunda mübarizə tariximizin “açar sözlər”inə çevrildi: Cəbrayıla yol çəkirdin, sərxoş olub Cıdır Düzündə rəqs edirdin, nə oldu bəs, məsciddə donuz saxlayanın özü donuzdur, başından elə vurmuşuq ki, cəhənnəmə getdi, gora getdi, gorbagor oldu, iti qovan kimi qovmaq,  siçan kimi deşik axtarmaq, ora- bura zəng eləmək , yoxdur status- kvo, yoxdur təmas xətti, hamısını vurub dağıtmışıq, dəmir yumruq, nəyi nə vaxt etməyi Mən bilirəm, nə demişik, onu da eləmişik…

Xalq dilinin dərinliklərindən çıxarılaraq ehya edilmiş, tarixi mübarizənin tərcümanına çevrilmiş həmmin ifadələri, yəqin ki, ən modern, ən rəsmi, ən normativ söz- terminlər belə bu enerji (və səmimiyyət)lə əks etdirə bilməzdi. Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, yuxarıda yalnız az bir hissəsini  xatırlatdığımız ifadələri beynəlxalq dillərin ən modern, ən rəsmi, ən normativ terminologiyasını müfəssəl bilən, tarixi qələbəmizi heç kimin təsəvvür edə bilməyəcəyi layihə gücündə həyata keçirən bir Lider işlətdi – Sözümüzün Ali Baş Komandanı!..

Nizami Cəfərov

akademik, millət vəkili