Xaricdə Azərbaycan diasporunun mütəşəkkil həmlələri Paşinyanı Ermənistanda fövqəladə tədbirlərə məcbur etdi…

 

Dəyanət Osmanlı: “Azərbaycan Prezidentinin dinamik siyasi gedişləri və Birinci vitse-prezidentin milli təəssübkeş müraciəti dünya azərbaycanlılarının ayağa qalxaraq erməni təxribatçılarına layiqli cavab vermələrini sərgilədi”

Müxtəlif xarici ölkələrdə, o cümlədən, Avropa ölkələrində və ABŞ-da uzun illərdən bəri formalaşan erməni diasporu Azərbaycan diasporunun ortaya qoyduğu birlik, həmrəylik və cəsarət nümunələri qarşısında aciz duruma düşüb.

Erməni diasporunun qəfil aldığı bu zərbə onu dərindən sarsıdıb. Hətta vəziyyət elə bir şəkil alıb ki, Nikol Paşinyan Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparıb. Təmizləmə əməliyyatı zamanı rəhbər vəzifəli şəxslər də daxil olmaqla, 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın şəkildə ortaya qoyur.

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində bir sıra hadisələr yaşandı. Məlum olduğu kimi, erməni təxribatından sonra Azərbaycan diaspor təşkilatları xüsusi fəallıqları ilə seçildilər. Azərbaycan diasporunun mütəşəkkilliyi, birliyi və həmrəyliyi Ermənistanı və erməni lobbisini çətin vəziyyətə saldı. Artıq bir neçə həftədir ermənilər qarşılaşdıqları bu mənzərənin şokunu yaşamaqdadırlar. 

Bilirik ki, müxtəlif ölkələrdə erməni işğalına son qoyulması, haqq-ədalətin təmin olunması, insan hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Bunu bütün dünya ictimaiyyəti də gördü və erməni vandalizmini pislədi.

Sirr deyil ki, bütün yaşananlar, ermənilərin azərbaycanlıların fəallığının qarşısını almaq üçün əl atdıqları təxribat üsulları erməni lobbisinin vəhşi simasını ifşa etdi.

İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata görə, Paşinyanın belə addımı atmasına səbəb Diaspor İşləri Komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə bağlı olub. Onu xüsusilə erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib.

Baş nazir, həmçinin, Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanın bu günlərdə ortalarda görünməməsindən də bərk qəzəblənib.

Qəzet yazır ki, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

Ekspertlərin fikrincə, Paşinyan indi köhnələri rədd edib, onların yerinə daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək. Çünki Paşinyanın fikrincə, onlar Tovuz döyüşləri zamanı xarici ölkələrdə xüsusi fəallıq göstərərək Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diasporunun qarşısında aciz, səriştəsiz və passiv duruma düşüblər.

Bu saat Ermənistan ictimaiyyəti Azərbaycan diasporunun ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansından şokdadır. Elə Paşinyanın özü də dilxor vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycan diasporuna qarşı erməni lobbisinin təşkil etdiyi təxribatlar ölkəmizdə də ciddi narazılıqla qarşılandı və ən yüksək formada soydaşlarımıza dəstək göstərildi. Bildiyimiz kimi, hadisələrdən dərhal sonra, iyulun 24-də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib. Mehriban xanımın bu müraciəti də xaricdəki Azərbaycan diasporunun daha da aktivləşməsinə, güclənməsinə təkan oldu. Heç şübhəsiz ki, Mehriban Əliyevanın bu çağırışından beynəlxalq təşkilatlar, dünya birliyi də lazımi dərs götürməlidir.

  • “Xaricdə yaşayan azərbaycanlı-türk birliklərinin həmrəyliyi düşmənin təbliğat planlarını alt-üst etdi”

Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı bizimlə söhbətində bildirdi ki, erməni diasporunun son uğursuzluğu Paşinyanı bu şəkildə hərəkətə keçməyə vadar edib. “Erməni diasporu, təbliğat maşını bir neçə istiqamətdə türklərə qarşı böhtan, terror kampaniyasında güclü olub. Şər ilk baxışdan güclü, islaholunmaz görünür. Amma haqqa tapınan insanların birliyi önündə, gec-tez, məhvə məhkumdur. Tovuz hadisələrindən sonra erməni diasporunun əsl vandalist siması dünyaya bəlli oldu. Xaricdə yaşayan azərbaycanlı-türk birliklərinin həmrəyliyi düşmənin təbliğat planlarını alt-üst etdi. Hadisələrin dünyada Ermənistanın əleyhinə cərəyan etməsi Paşinyanın böyük təşvişinə səbəb olub. Ermənistan Baş nazirinin ağılsız siyasəti elə onun hakimiyyətini iflasa aparan yoldur. O son qərar və çıxışları ilə öz hakimiyyətinin nöqsanlarını ört-basdır etməyə çalışır. Ermənistan bir daha öz məkrli hərəkətləri ilə sübut etdi ki, başqa dövlətlərin əlində oyuncaqdır. Azərbaycanla müharibədə təkbaşına heç bir uğur-filan əldə edə bilməz. Ancaq yenə də onlara dəstək verənlərin özlərinə də aydın oldu ki, türk birliyinə qarşı çıxmaq böyük təhlükə, sonunda isə acınacaqlı məğlubiyyət deməkdir”.

D.Osmanlının fikrincə, dövlətimizin uzun illər bütün dünyada azərbaycanlılara yönəlik həyata keçirdiyi azərbaycançılıq konsepsiyasının bəhrəsi günü-gündən görülməkdədir. “Dispor təşkilatlarımızın adekvat addımları nəticəsində bir sıra ölkələr Ermənistanın təcavüzünü pislədi. Azərbaycan Prezidentinin dinamik gedişləri və Birinci vitse-prezidentin milli təəssübkeş müraciəti dünya azərbaycanlılarının ayağa qalxaraq erməni təxribatçılarına layiqli cavab vermələrini sərgilədi.

Hazırda türk birliyi ideyası bir işlək ideoloji mexanizmə çevrilib. Azərbaycana hər addımda qardaş Türkiyənin böyük dəstəyi və ardınca bu günlərdə Naxçıvanda genişmiqyaslı təlimlərə başlaması düşmənləri ciddi narahat etməkdədir. Erməni hərbi qüvvələrinin Tovuz istiqamətində sərhədləri pozmaq cəhdi və təxribat hərəkətləri də türk birliyinə qarşı çirkin planın tərkib hissəsi idi.  Ermənistan hələ də anlamaq istəmir ki, onlara 1sm torpaq da güzəşt olunmayacaq, türk birliyinə mane ola bilməyəcək, əksinə, o, Cənubi Qafqazda həyata keçirilən transmilli layihələrdən özünü təcrid edərək xalqının həyatını çox çətin şərtlər altına atacaq. Çünki indi müasir tələblərə görə dünyada güclə ağıl birlikdə hakimdir. Ermənistanda isə bunların heç biri yoxdur. Ermənilərin və onların havadarlarının Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi böyük enerji layihələrinə əngəl törətmək istək və cəhdləri istər Türk dünyası, istərsə də dünya birliyi tərəfindən həmişə əzmlə dəf olunacaq” – deyə D.Osmanlı vurğuladı.

İradə SARIYEVA

 Baki-xeber