Jalə Əliyeva: Baş vermiş son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin vəhşi simasını ifşa etdi

Müsəlmanlıq, İslam, insanlıq tarixinin ən gözəl günlərini yaşayırıq. Növbəti Qurban bayramını qeyd edirik. Qurban bayramı müsəlmanlığın, bütövlükdə insanlığın əl tutmaq, yardımlaşmaq, rəhm, mərhəmət, şəfqət göstərmək kimi yüksək, ali dəyərlərini özündə yaşadır. Bir müsəlman, İslam ümməti olaraq bizlər də yüz illərdir, min illərdir bu bayramı qeyd edir, bayramlaşır, yardımlaşırıq. Bu gün isə bu bayram rəsmi dövlət səviyyəsində qeyd olunur, təqvimimizdə rəsmi, qeyri-iş günü olan bayramlar sırasında yer alır. Hətta, 71 il ərzində sovetlər boyunduruğunda, sosializm quruluşunda yaşadığımız illərdə belə bu bayramı qeyd etmişik, heç bir repressiya aparatı bu bayramı qeyri-rəsmi də olsa belə, bizlərə qeyd etməyə mane ola bilməyib. Çünki bu ruhumuzdan, sevgimizdən irəli gələn bir məsələdir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, professor Jalə Əliyeva bildirib.

Deputat deyib: “Müstəqillik əldə etdikdən, xüsusilə də ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra və onun yolunun layiqli davamçısı Prezident İlham Əliyevin möhtəşəm 17 illik hakimiyyəti dövründə hər il bu bayramı ən yüksək səviyyədə qeyd etmişik. Düzdür, 6 aydan bu yana davam edən koronavirus pandemiyası, xüsusi karantin rejimi ilə əlaqədar bu il bu bayramın təmtəraqlı, daha geniş çapda keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər oldu. Lakin bununla belə, hər bir azərbaycanlı minimum səviyyədə olsa da, bu bayramı qeyd etdi və edir. Yenə də qurbanlar kəsildi, yenə də xüsusilə, yardıma, qayğıya ehtiyacı olan ailələrə qurban əti paylandı”.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Qurban bayramı ilə bağlı müraciətlərinə toxunan deputat bildirib ki, bu müraciətlərdə xalqımıza ən xoş arzu və diləklər ifadə olunub. Ölkə Prezidenti öz təbrikində qeyd etdi ki, “Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər”. Dövlət başçısı təbrikində, həmçinin bildirdi ki, bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qurban bayramı ilə bağlı təbrikində bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərlə həmrəy olduğunu bildirdi, hər bir azərbaycanlıya möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzuladı.

“Bəli, bunlar həm dövlət başçısının, həm də birinci xanımın Azərbaycan xalqına sevgisindən qaynaqlanan hisslər, duyğular, fikirlərdir. Ən əsası burada böyük həssaslıq, böyük duyarlılıq, böyük səmimiyyət var. Heç təsadüfi deyil ki, budəfəki bayram günlərində də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə onun 16 ildən bəri rəhbəri olduğu Heydər Əliyev Fondu yüzlərlə, minlərlə insanı, ailəni sevindirdi, onlara qurban əti və digər hədiyyələr paylandı.

Eyni zamanda, onu da qeyd etməyi mütləq şəkildə vacib sayıram ki, bu il də Qurban Bayramı münasibətilə Prezident İlham Əliyevin ünvanına xeyli təbriklər gəldi. Azərbaycan Prezidentinin bir sıra müsəlman ölkələrin dövlət başçıları, o cümlədən qardaş və dost Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı oldu. Həmçinin Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin dövlət və hökumət başçılarına təbriklər ünvanlandı və İƏT-ə üzv ölkələrin rəhbərləri tərəfindən də dövlətimizin başçısının ünvanına təbriklər daxil oldu . Bu təbriklərdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında fəal üzv dövlət kimi rolu, ümumiyyətlə, Azərbaycanın İslam həmrəyliyinin inkişafına verdiyi töhfələr xüsusi vurğulandı. Bunlar hamısı Azərbaycanın dünyadakı, o cümlədən İƏT-dəki yerinin, rolunun, çəkisinin, nüfuzunun, söz sahibinə çevrilməsinin əyani təsdiqidir və hər birimizdə böyük fərəh, qürur hissi doğurur”, – deyə deputat vurğulayıb.

Qurban bayramı ərəfəsində ermənilərin dövlət sərhədimizin Tovuz rayonu istiqamətində törətdiyi təxribata toxunan Jalə Əliyeva Azərbaycan torpaqlarının bütövlüyü və toxunulmazlığı yolunda şəhid olanlara Allahdan rəhmət diləyərək deyib: “Bununla belə, onların qanı, qisası yerdə qalmadı. Ermənilərə, Ermənistana, onları üzərimizə qaldıranlara elə bir zərbə vuruldu ki, hələ də təsirindən ayıla bilmirlər. Düşmən və onun havadarları bir daha Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun əzmini, sarsılmaz iradəsini, qətiyyətini, cəsarətini gördü. Eyni zamanda, xaricdə yaşayan, qəlbləri vətən eşqi ilə döyünən soydaşlarımız, həmvətənlərimiz, diaspor təşkilatlarımız bir andaca müsəlləh əsgərə döndülər, ayağa qalxdılar, yaşadıqları ölkələrdə dinc aksiyalar keçirərək ölkəmizə, Ordumuza, Prezidentimizə dəstəklərini ifadə etdilər. Bu dinc aksiyalar zamanı bütün dünya bir daha ermənilərin əsil terrorçu mahiyyətinin şahidi oldu. Bütün cəbhələrdə Azərbaycana uduzan ermənilər Ermənistandan və anti-Azərbaycan mərkəzlərdən aldıqları təlimatlarla dinc soydaşlarımızın üzərinə yürüdülər və bir daha iç üzlərini, faşist mahiyyətlərini göstərdilər. Amma soydaşlarımızın soyuqqanlılığı və təmkinliliyi sayəsində yenə də istəklərinə nail ola bilmədilər, fiaskoya uğradılar. Bir sözlə, baş vermiş son hadisələr, azərbaycanlıların fəallığı erməni lobbisinin mürtəce, vəhşi simasını ifşa etdi. Həm düşmənlərimiz, həm də bütün dünya bir daha gördü ki, Qarabağ, torpaq məsələsində Azərbaycan zərrə qədər güzəşt etməyəcək.

Fikirlərimi Prezidentin Balakən rayonuna səfəri zamanı səsləndirdiyi fikirlərlə tamamlamaq istəyirəm: “Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt – erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.

Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.