Türkiyədə “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” əsəri ingilis dilində nəşr olunub

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası (MAJL) İctimai Birliyinin sədri, Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində fəaliyyət göstərən professor Qafar Çaxmaqlının (Mehdiyev) qələmə aldığı “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” adlı elmi əsəri ingilis dilində nəşr olunub.

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) tərəfindən nəşrə hazırlanıb. AVİM-in saytında əsər barədə xülasə material yerləşdirilib. Kitaba “Ön söz”ü tanınmış türkiyəli professor Kamal Çiçək yazıb.

Müəllif uzun illər keçmiş SSRİ hakimiyyətində ali vəzifələrdə çalışan Anastas Mikoyanın siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərini əsaslı şəkildə araşdırıb. Həmişə türk-müsəlman düşmənçiliyi aparan A.Mikoyanın Leninə, Orconikidzeyə və Çiçerinə yazdığı məktublar təhlil edilib. Toplanan sənədlər və elmi mühakimələr bir daha təsdiq edir ki, Mikoyan ömrünün sonunadək xalqımıza qarşı düşmənçilik aparıb.

Bütün dövrlərdə ikiüzlü və riyakar kimi tanınan Mikoyanın Azərbaycan və Türkiyəyə qarşı mənfi münasibətinə baxmayaraq, ortaya çıxarılan yeni arxiv sənədlərində onun bir sıra etirafları da yer alıb. O, saxta “böyük Ermənistan” ideyasını “Daşnaksutyun” beynəlxalq terror təşkilatının təxribatı sayıb, Dağlıq Qarabağ və Zəngəzurun Azərbaycanın tərkibində qalmasını yeganə düzgün yol hesab edib.

Müəllif rus və erməni dillərində olan rəsmi sənədləri tədqiqata cəlb edib. Çoxsaylı foto və rəsmi sənədlərin surəti kitabda yer alıb.

Qeyd edək ki, AVİM saxta “erməni məsələsi”nə qarşı Türkiyədə sistemli mübarizə aparan ixtisaslaşmış nüfuzlu araşdırmalar mərkəzi olaraq tanınır.