“Farsca yazan türk mütəfəkkir Mövlanada türk obrazı” kitabı elektron variantda yayımlanıb

Türkiyəli yazar və araşdırmaçı alim Muhsin Kadıoğlunun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəli ilə birlikdə Türkiyə türkcəsində yazdıqları “Farsca yazan türk mütəfəkkir Mövlanada türk obrazı” kitabı “Google play Books” üzərindən elektron yayımlanıb.

İnstitutdan bildirilib ki, kitabda müəlliflərin “Ön söz”ü, Mövlananın “Məsnəvi”si haqqında ümumi məlumat yer alıb, əsərin altı cildinin hər biri ayrı-ayrı bölmələrdə şərh olunub, türk məsələləri ortaya çıxarılıb. Kitabda “Məsnəvi”dəki türklük məsələləri və obrazları, onların hansı sözlə ifadə olunduğu, həmin sözlərin konkret və ya məcazi məna ifadə etdiyi, hansı kontekstdə təsvir edildiyi və neçə dəfə göstərildiyi dəqiq şəkildə öz əksini tapıb. Buna görə də kitaba, həmçinin “Məsnəvi”də türk obrazlarının statistikasını ifadə edən mənbə kimi yanaşmaq, onun təqdim etdiyi örnəklər əsasında geniş təhlil və araşdırmalar aparmaq mümkündür.

Müəlliflər qeyd edirlər ki, Mövlana “Məsnəvi”ni digər əsərləri kimi fars dilində yazıb. Filosof şairin türk dilində yalnız bir neçə şeiri və farsca-türkcə müxəmməsi qalıb. Türk ədəbiyyatı zəngin şifahi və yazılı ədəbi ənənələrə sahib olsa da, XIII əsrdə poeziyada fars dili üstünlük təşkil edirdi. Farsdilli ədəbiyyatın inkişafında türk şairlərinin misilsiz rolu olub. Mövlana da Şərqin ən böyük farsdilli şairlərindən biri kimi bu ədəbiyyata ölməz əsərlər verib. Lakin digər farsdilli türk şairləri kimi Mövlananın fars dilində yazması onun milli kimliyinə şübhə doğurmamalıdır. Bu baxımdan məşhur “Məsnəvi” əsərində türk obrazı və türk məsələlərini araşdırmaq, mütəfəkkir şairin türklük şüurunun müəyyənləşdirilməsinə imkan verməklə yanaşı, əhəmiyyətli faktların ortaya çıxmasına da şərait yaradır. Azərtac.