Türkiyədə və İraqın şimalında PKK-ya məxsus cəbhəxanalar aşkarlanıb

 

Türkiyənin Batman vilayətinin Kozluk rayonunda PKK terror təşkilatına qarşı mühüm antiterror əməliyyatı keçirilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, PKK-ya məxsus böyük cəbhəxana aşkarlanıb. Daha bir antiterror əməliyyatı isə Hakkari vilayətinin Çukurca-Kazan vadisində həyata keçirilib. Uğurlu əməliyyatda zərərsizləşdirilən üç terrorçudan biri Kava ləqəbli təhlükəli terrorçu Məhəmməd olub. Bildirilir ki, zərərsizləşdirilən terrorçular ötən il iyunun 1-də hərbi qulluqçular Ercan Sanca və Mehmet Sait Barışın ölümünə səbəb olan terror hücumunda iştirak ediblər. Bu bölgədə də terrorçulara məxsus silah və sursat ələ keçirilib.

Milli Müdafiə Nazirliyinin məlumatında isə qeyd olunub ki, PKK-ya məxsus daha bir silah anbarı İraqın şimalında aşkarlanıb. (Azərtac)