Küveyt qəzetlərində dərc olunan müsahibədə ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Küveytin “Dasmannews” portalında, eyni zamanda, “Əl-Jareda” və “Əl-Nahar” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanın müsahibəsi dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən  bildiriblər ki, müsahibədə müasir müstəqil dövlətimizin qurucusu, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri qeyd olunub. Ulu öndər Heydər Əliyevin çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçdiyi, həyatın bütün çətinliklərindən qalib çıxdığı, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəldiyi vurğulanıb. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğu, məhz onun fəaliyyəti nəticəsində Azərbaycanın özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladığı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyi bildirilib.

Müsahibədə, həmçinin Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı dövrdə Azərbaycanın iqtisadi-siyasi cəhətdən inkişaf edərək SSRİ ölkələri arasında daha çox inkişaf edən ölkələrdən birinə çevrildiyi, Sov. İKP MK Siyasi Bürosunda yeganə müsəlman lider olan Ulu Öndərin ərəb və İslam dünyasının dostu kimi ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olduğu qeyd edilib. Onun Dövlət Təhlükəsizlik Komitəsində, Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı dövrlərdəki tarixi fəaliyyəti barədə məlumat verilib. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunduğu, Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırıldığı bildirilib.

Həmçinin müsahibədə Ümummilli Lider tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsində ictimai, iqtisadi stabilliyə nail olunduğu və Azərbaycan iqtisadiyyatının inkişafında yeni mərhələnin başlanıldığı, iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb.

Bundan başqa, müsahibədə Azərbaycanın Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dinamikasında irəlilədiyi, iqtisadi və demokratik islahatlar sahəsində regionun lider ölkəsinə çevrildiyi, bu gün bölgənin bir çox məsələlərində həlledici rol oynadığı vurğulanıb. Azərtac