İtaliya jurnalında ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

İtaliyanın “Scenari Internazionali” onlayn jurnalında ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunub.

ATATURK.AZ xəbər verir ki, məqalədə Azərbaycanın keçmişi, bu günü və gələcəyi ilə sıx bağlı olan, xalqın yaddaşında hər zaman yaşayan ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünün qürur və ehtiram hissi ilə anıldığı bildirilir.

Yazıda Sovet İttifaqı dövründə 1969-1982-ci illərdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərin respublikada mədəni, elmi və iqtisadi intibah, iqtisadiyyatın güclü şəkildə modernləşməsi və ölkənin sənayeləşmə dövrü kimi yaddaşlarda qaldığı, Heydər Əliyevin 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunaraq, səhiyyə, elm, yüngül və ağır sənaye, nəqliyyat, kommunikasiya, mədəniyyət və təhsil kimi sahələrə rəhbərlik edərək Sovet İttifaqının əsas liderlərindən biri olduğu vurğulanır.

SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanın Ermənistanın hərbi təcavüzü, vətəndaş müharibəsi riski və yenicə əldə olunmuş müstəqilliyi itirmək təhlükəsi kimi böyük çətinliklərlə üzləşdiyi məqamda xalq tərəfindən Heydər Əliyevin ölkəni bu çətin vəziyyətdən xilas edə biləcək yeganə şəxs olaraq seçildiyi diqqətə çatdırılır.

1993-2003-cü illərdə Prezident Heydər Əliyevin Azərbaycanı milli maraqları üstün tutaraq beynəlxalq münasibətlər sistemində fəal, siyasi və iqtisadi cəhətdən sabit, demokratik dəyərlərə malik müasir dövlət modelinə aparan bir rəhbər olduğu, Ümummilli Liderin Azərbaycanda dünyəvilik, azadlıq ideyalarını təcəssüm etdirməklə çağdaş dövlət institutlarının və vətəndaş cəmiyyətinin, iqtisadiyyatın inkişafını dəstəkləyən təsisatların yaradılmasını təmin etdiyi bildirilir. Ulu Öndərin uzaqgörən siyasətinin əsasında ölkənin bütün potensialından, malik olduğu zəngin təbii ehtiyatlardan, Şərq və Qərb arasında strateji yerləşməsindən bəhrələnərək müstəqilliyi gücləndirmək, ölkəni müasirləşdirmək və 1988-1994-cü illər arasında bir milyon qaçqın və məcburi köçkün kimi ağır humanitar nəticələrə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq məqsədi dayandığı vurğulanıb.

Bildirilir ki, Ulu Öndər Azərbaycan və İtaliya arasında münasibətlərə mühüm töhfələr verib və onun 1997-ci ildə İtaliyaya rəsmi səfəri bu gün rəsmi Bakı və Roma arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsasını qoyub. 2018-ci ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana və 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərləri bunun təsdiqidir.

Məqalədə sonuncu səfər zamanı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında davamlı olaraq genişlənən iqtisadi və mədəni mübadilələr və Cənub Qaz Dəhlizinin tamamlanması üçün 2020-ci ildə fəaliyyətə başlayacaq Trans-Adriatik Qaz Boru Kəməri (TAP) kimi, o cümlədən Avropa üçün də strateji olan layihələrin təşviqi ilə ikitərəfli münasibətlərin möhkəmləndiyi bildirilir.

Yazıda Heydər Əliyev irsinin yaşadığı və bütün ölkədə məhəbbətlə və minnətdarlıqla anıldığı vurğulanır və bu xüsusda Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətindən də bəhs olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkədə və dünyada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən layihələrə dəstək verdiyi vurğulanır. Heydər Əliyev Fondunun sayəsində Azərbaycanı səciyyələndirən multikulturalizmin milli sərhədlərdən kənarda tanındığı və məhz fondun təşəbbüsü ilə İtaliya və Azərbaycan arasında çoxsaylı əməkdaşlıq layihələrinin həyata keçirildiyi diqqətə çatdırılır.

Məqalədə Prezident Sercio Mattarellanın Bakıya səfəri zamanı Heydər Əliyev Fondunun İtaliyada tarixi və mədəni irsin qorunub saxlanması istiqamətində fəaliyyətinə görə təşəkkürünü bildirdiyi, fondun dəstəyi ilə aparılan bərpa işləri arasında Casilina yolu üzərindəki Müqəddəs Marcellino və Pietronun, Appia küçəsində Müqəddəs Sebastian katakombalarının freskalarının bərpası, Romanın Kapitolini muzeyinin Filosoflar zalının bərpası, Fori İmperiali ərazisində Alessandrina küçəsində arxeoloji qazıntıların aparılması və sair bərpa işlərinin olduğu qeyd edilir. Bildirilir ki, Heydər Əliyev Fondu illərdir İtaliyada Venesiya Biennalesi kimi mühüm beynəlxalq tədbirlərdə iştirak edir, sərgilər və konsertlər təşkil edir. Məqalədə, həmçinin Romanın Villa Borghese parkında tanınmış Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş abidənin inşasının da görülən işlər arasında olduğu vurğulanır.

Sonda İtaliyada COVID-19 virusu ilə bağlı fövqəladə vəziyyətin ən çətin günlərində də İtaliya xalqına həmrəylik nümayiş etdirildiyi, bu xüsusda Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası xatırladılır və bu diqqətin İtaliya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilir.

Məqalə ilə bu keçiddən tanış olmaq mümkündür:

https://www.scenari-internazionali.com/azerbaigian-domenica-la-celebrazione-di-heydar-aliyev-storico-leader-del-paese/ . (Azərtac)