Azərbaycanın Türkiyədəki səfirliyi silsilə onlayn tədbirlərə start verib

Prezident İlham Əliyevin ümumxalq həmrəyliyi çağırışı əsasında, koronavirus səbəbindən tətbiq olunan karantin müddətində insanların ev şəraitində vaxtlarının mənalı keçirilməsinə dəstək məqsədilə Azərbaycanın Türkiyədəki səfirliyi müxtəlif qurumlarla birgə onlayn layihələrə start verib. Layihələr virtual idman yarışları, cəmiyyətimizin ayrı-ayrı təbəqələrini və müxtəlif sahə insanlarını təşkil edən görüşlərdən ibarətdir.

Diplomatik nümayəndəliyimizdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) dərnəyinin birgə təşkilatçılığı ilə aprelin 21-də yerli vaxta saat 20.00-da (Bakı vaxtı ilə saat 21.00) AGAH.TV internet kanalı üzərindən qardaş ölkədə təhsil alan və çalışan gənclərimizin Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin təmsilçiləri ilə görüş keçiriləcək. Bu qəbildən olan tədbirlər gələcək günlərdə ayrı-ayrılıqda cəmiyyətimizin müxtəlif təbəqələri, o cümlədən qadınlar, iş adamları, elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türkiyə ictimaiyyətinin təmsilçiləri ilə də təşkil olunacaq.

Bundan başqa, səfirlik və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə təşkilatçılığı ilə onlayn şahmat turniri keçiriləcək. “Evdə qal, mat qalma!” şüarı ilə keçirilən turnirdə hər biri altı nəfər olan “Azərbaycan” və “Azərbaycan-Türkiyə” komandaları yarışacaqlar. www.lishecc.org saytı üzərindən aparılacaq turnir aprelin 23-də Türkiyə vaxtı ilə saat 18.00-da bir gün ərzində başa çatacaq.