Azərbaycanda həmrəylik görünməmiş dərəcədə güclənib – nələrin hesabına…

Bir çox halda deyirlər ki, təhlükəli xəstəliklər, pandemiyalar, viruslar, təbii fəlakətlər xalqların iradəsini, dövlətinə sədaqətini, dövlətlərin isə gücünü, çevikliyini, vətəndaşına münasibətini sınağa çəkir. Azərbaycan dövləti COVID-19 pandemiyası dövründə vətəndaşlarının təhlükəsizliyindən, sağlamlığının mühafizə edilməsindən tutmuş, sosial müdafiəsinin gücləndirilməsinə qədər çoxşaxəli işlər həyata keçirib, keçirməkdə də davam edir.

Koronavirusa qalib gəlmək üçün əsas amillərdən birinin milli həmrəylik olduğu şəksizdir.

Azərbaycan Prezidenti İlham Əliyev pandemiya dövründə ölkəmizdə milli birliyə nail olunduğunu dəfələrlə vurğulayıb.

Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda da bu məsələyə toxunaraq bildirib ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb: “Azərbaycan, əlbəttə, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atmışdır. Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər – biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk”.

Ölkəmizdə milli həmrəyliyin bu günə qədər müşahidə edilməyən dərəcədə artmasına nəyin hesabına nail olmuşuq?

  • Vaqif Abışov: “Biz birlikdə güclüyük devizi indiki dövrdə belə yüksək dərəcədə özünü göstərən milli həmrəyliyimizin əsasını təşkil edir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışovun fikrincə,   bunun əsas səbəbi ölkə başçısının “Biz birlikdə güclüyük” tezisidir ki, bu, hər bir vətəndaşda belə ağır dövrdə birləşmək, həmrəy olmaq əzmini gücləndirdi. “Düşünürəm ki, bu gün ən vacib məsələ dünyanı bürüyən koronavirus bəlasından az insan itkisi ilə qurtarmaqdan ibarətdir. Bunun üçün hökumətimizin yaratmış olduğu Operativ Qərargahın qəbul etdiyi bütün qərarlara əməl etmək lazımdır. “Biz birlikdə güclüyük” devizi indiki dövrdə belə yüksək dərəcədə özünü göstərən milli həmrəyliyimizin əsasını təşkil edir. Dövlətimizin bu günə kimi xalqımızı düşünərək  həyata keçirmiş olduğu siyasət bizim daha da həmrəy olmağımızı tələb edir. Ona görə də bu günün “Evdə qal” tələbinə hamı əməl etməlidir. Artıq Azərbaycan xalqının yüksək dərəcədə həmrəylik göstərdiyinin, milli birlik sərgilədiyinin hər kəs şahidi olur” – deyə V.Abışov qeyd etdi.

  • Dəyanət Osmanlı: Bu günlərdə xalqımızın böyük birlik, əzm nümayiş etdirməsi bir daha dövlətimizin azərbaycançılıq ideologiyasının həmrəyliyimizi reallaşdıran bir generator olduğunu göstərdi”

Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı bizimlə söhbətində qeyd etdi ki, bütün dünya bir gerçək sınaq qarşısında olduğunu, təhlükə ilə  üzləşdiyini artıq anlayır: “Öncələr koronavirus pandemiyasının yayılmasına və bu xəstəliyin nə qədər təhlükəli olduğuna Azərbaycanda da cəmiyyət içərisində səthi yanaşanlar vardı. Elə indi də bunu nəsə bir qurama hesab edənlər olmamış deyil. Amma ötən dövrdə dövlətin aldığı önəmli tədbirlər, xəstəliyin geniş yayılması vəziyyətinin nəzarətdə saxlanması və bu sahədə QHT və media sektorunun maarifləndirici fəaliyyətləri müsbət nəticəsini göstərdi . Xəstəliyə yoluxanlarla sağalma sayındakı müqayisələr deməyə əsas verir ki, insanların sağlamlığı, onların sosial müdafiəsi əsas prioritet kimi diqqətdə saxlanır. Cənab Prezidentin təbirincə,  ölkəmizdə vaxtında önləyici tədbirlər görülməsəydi, bu gün Azərbaycanda xəstələrin sayı minlərlə ölçülərdi. Bu məsələləri dövlət başçısının birbaşa nəzarətə götürməsinin səbəbidir ki, xəstəliyin statistikasında ümidverici məlumatlar əks olunur. Dünyada ilk dəfə olaraq Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində vidiokonfrans vasitəsilə Türkdilli Dövlətlərin Şurasının üzvü olan dövlət başçılarının görüşü baş tutdu”.

D.Osmanlının sözlərinə görə, eləcə də ölkə daxilində uyğun onlayn iclasların keçirilməsi göstərir ki, dövlət koronavirusla mübarizədə digər qabaqcıl ölkələrdən geri qalmır, hətta bəzi məqamlarda onlardan daha praqmatik addımlar atır. “Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda xalqımızın cətin günlərdə nümayiş etdirdiyi və beynəlxalq müstəvidə örnək olası həmrəylik məsələsinə toxundu: “Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Bu günlərdə xalqımızın böyük birlik, əzm nümayiş etdirməsi bir daha dövlətimizin azərbaycançılıq ideologiyasının həmrəyliyimizi reallaşdıran bir generator olduğunu göstərdi. Dövlətimizin yürütdüyü siyasətin etibarlılığı, düzgünlüyü də məhz azərbaycançılıq ideyasının həyatın bütün sahələrində önəmli yer almasını təmin etməsidir. Sıravi vətəndaşlar, ziyalılar ictimai və media qurumları öz fəaliyyətləri ilə dövlət orqanlarının müəyyənləşdirdiyi qaydalara, qərarlara anlayışlı yanaşmaqla xəstəliklə mübarizədə könüllü şəkildə iştirak etmiş oldular. Və bu fəallıq, həmrəylik gərgin məqamlarda öz bəhrəsini verməkdədir” – deyə D.Osmanlı vurğuladı.

İradə SARIYEVA 

baki-xeber.com

18.04.20120