Türkiyədə məskunlaşmış soydaşlarımızın bir hissəsinə bu ölkənin müvəqqəti şəxsiyyət vəsiqələri verilib

 

Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin də daxil olduğu işçi qrup tərəfindən aparılan işin nəticəsi olaraq 18 nəfərə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqələri verilib.

Ölkəmizin İstanbuldakı Baş Konsulluğunun inzibati binasında keçirilən təqdimetmə mərasimində baş konsul Məsim Hacıyev, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Əttar, konsulluğun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, siyahıya daxil edilən şəxslərin əksəriyyəti kiçik yaşlarda doğmaları tərəfindən Türkiyəyə gətiriliblər və onların ölkədə müvəqqəti yaşamaları üçün heç bir sənəd alınmayıb. Onların arasında bu ölkədə doğulanlar da var.

Həmin şəxslərin sənədlərinin hazırlanması ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Türkiyənin müvafiq dövlət orqanlarına siyahılar göndərilib. Müvəqqəti şəxsiyyət vəsiqələrinin alınması istiqamətində ölkəmizin İstanbuldakı Baş Konsulluğu və Türkiyənin Miqrasiya Xidməti tərəfindən müvafiq işlər görülüb. Bunun nəticəsi olaraq hazırda 18 nəfərə bu vəsiqələr təqdim olunub.

Qeyd edək ki, bu istiqamətdə aparılan işlər Türkiyədə qeyri-qanuni məskunlaşmış həmvətənlərimizin tam siyahısı üzrə davam etdirilir. Azərtac