Azərbaycanla Türkiyə arasında münasibətlərin genişləndirilməsi istiqamətində hazırlanmış layihələrin icrası müzakirə olunub

Martın 9-da ölkəmizin İstanbuldakı Baş konsulu Məsim Hacıyev bu şəhərin Sarıyer Bələdiyyəsinin başçısı Şükrü Gençi və onun müavini Hüseyin Coşku ilə görüşüb.

Görüşdə Baş konsul Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” şüarı əsasında inkişaf etdiyini bildirib. O, bundan sonra da bu şüarı rəhbər tutaraq Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyən olunan siyasi kurs əsasında davam etdiriləcəyini qeyd edib.

Şükrü Genç ölkəmizlə hər sahə üzrə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Bələdiyyə başçısı ulu öndər Heydər Əliyevin doğum və vəfat tarixlərinin bələdiyyənin cari ildəki tədbirlər təqviminə daxil olunduğunu qeyd edib.

Görüş iki ölkə arasındakı mövcud münasibətlərin daha da genişləndirilməsi məqsədilə irəli sürülən layihə və təşəbbüslərin icrası istiqamətində müzakirələrlə davam etdirilib. AZƏRTAC