Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

X X X

İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.

Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

X X X

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söylədi.

X X X

İclasın sədri Ziyad Səmədzadə gündəliyi təqdim etdi.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olundu.

Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirdi.

Səsvermə oldu və 116 səs lehinə olmaqla, Sahibə Qafarova Milli Məclisin sədri seçildi.

X X X

Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli seçildi.

Deputatlar Adil Əliyev və Fəzail İbrahimli Milli Məclis Sədrinin müavinləri seçildilər.

X X X

Milli Məclisin Sədri Sahibə Qafarova İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər.

X X X

Milli Məclisin Sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxudu.

Məsələ səsə qoyularaq qəbul edildi.

Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq edildilər.

İclasda komitə sədrlərinin müavinləri də təsdiq olundu.

Bununla da altıncı çağırış Milli Məclisin birinci iclası başa çatdı.