Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

25 fevral 2020.

Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı.

Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib

Fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

Dövlət başçıları iclasda çıxış ediblər.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur.

Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar.

Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək.

Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram.

X X X

Prezident Rəcəb Tayyib ƏRDOĞAN dedi:

-Mən də hörmətli cənab Prezidentə, əziz qardaşıma gəldiyimiz andan etibarən istər şəxsən mənə, istərsə də nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə çox təşəkkür edirəm. Təkbətək görüşümüzdə Türkiyə-Azərbaycan əlaqələrini dərin təfərrüatı ilə müzakirə etmək imkanımız oldu. Siyasi, hərbi, iqtisadi, ticari, mədəni – bütün sahələrdə nələr edə biləcəyimizi və indiyə qədər nələr etdiyimizi ətraflı müzakirə etdik. Belə bir toplantıya – Şuranın səkkizinci iclasına sədrlik etməkdən duyduğumuz məmnunluğu da xüsusi vurğulamaq istəyirəm.

Dünən şəhid olan azərbaycanlı qardaşımıza – İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı diləklərimi də burada ifadə etmək istəyirəm.

Bu gün keçirəcəyimiz görüşlərdə nazir yoldaşlarımız qarşılıqlı olaraq bir-biriləri ilə lazımi müzakirələr aparacaqlar.

Keçən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə əldə etdiyiniz nəticənin də xüsusilə Azərbaycanımız üçün xeyirli olmasını Allahdan diləyirəm. Bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyduq.

Hörmətli qardaşım cənab Əliyevin liderliyi ilə reallaşdırılan islahatlar prosesini də təqdirlə izləyir, müşahidə edirik. İslahatlar prosesini dəstəkləmək məqsədilə bütün sahələrdə təcrübələrimizi Sizinlə bölüşməyə hazır olduğumuzu ifadə etmək istəyirəm.

Təbii ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, “Star” neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atdıq. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımla razılıq əldə etdik.

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu”nu imzaladılar.

“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) arasında əməkdaşlığa dair 2020-2021-ci illəri əhatə edən Fəaliyyət Planı”nı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun rəhbəri Nail Olpak imzaladılar.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu”nu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç imzaladılar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu”nu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkiyə Radio Televiziya Qurumunun baş direktoru İbrahim Eren imzaladılar.

“2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokol”u Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaş imzaladılar.

“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur nazirinin müavini Adil Karaismailoğlu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

“2012-ci il sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol”u Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli mətbuat nümayəndələri.

Cənab Prezident Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Sizin səfəriniz çox böyük önəm daşıyır. Bizim səfərlərimiz müntəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin.

Bu gün bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq.

Keçən il Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışdır. Bu, Birləşmiş Millətlər Təşkilatından sonra dünya miqyasında ikinci böyük təsisatdır. Bu gün bu təsisatla Türkiyə arasındakı gələcək əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi. Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim. Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır.

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər.

İqtisadi sahəyə gəldikdə, əziz qardaşım, hörmətli Prezident bir müddət bundan öncə qarşıya hədəf qoymuşdur ki, ticarət dövriyyəsi 15 milyard dollara çatsın. Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcəkdir.

Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu, böyük ölçüdə sərmayənin qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər.

Təbii ki, bu gün biz gələcək işbirliyi haqqında geniş fikir mübadiləsi apardıq. Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir və əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Çünki bunun son layihəsi – TAP-ın icrası 92 faizə çatıbdır. Enerji ilə bağlı digər məsələlər də müzakirə edildi.

Müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparıldı. Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq.

Nəqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında bu gün danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda, Naxçıvanın gələcək fəaliyyəti, uğurlu inkişafı haqqında da fikir mübadiləsi aparıldı. Üç il bundan əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutuldu. Buna görə də biz minnətdarıq və əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır.

Bu gün biz kənd təsərrüfatı və təhsillə bağlı bir çox məsələləri müzakirə etdik. Burada da çox böyük potensial var. Yəni, gündəlik kifayət qədər geniş olmuşdur və heç bir məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Əksinə, fikrimiz birdir, niyyətimiz birdir, amalımız birdir -Türkiyəni və Azərbaycanı daha da gücləndirmək.

Fürsətdən istifadə edərək, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın türk xalqı qarşısında göstərdiyi xidmətlər haqqında demək istərdim. Onun yorulmaz fəaliyyəti nəticəsində Türkiyə bu gün dünya çapında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik. Ağır günlərdə, Allah eləməsin, amma əgər olarsa, hər zaman bir-birimizin yanında olacağıq.

Bir daha əziz qardaşım, Sizi səmimiyyətlə salamlayıram, Sizə və qardaş Türkiyə xalqına daimi rifah və xoşbəxtlik arzulayıram. Sağ olun.

Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

– Hörmətli cənab Prezident, əziz qardaşım.

Dəyərli heyət üzvləri.

Əvvəla, sizi ən səmimi hisslərlə şəxsən öz adımdan və millətim adından salamlayıram.

Həqiqətən bu gün istər ikitərəfli, istərsə də nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşlərdə gələcəklə bağlı çox önəmli addımlar atdıq. Həqiqətən də bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın VIII toplantısını keçirmək üçün irəliyə doğru bir addım da atmanın xoşbəxtliyini, məmnunluğunu yaşadıq.

Nazirlərimiz öz aralarında görüşlər keçirdilər. Biz isə təkbətək görüşümüzdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni – bütün bu sahələrdə həmişə həmrəylik nümayiş etdirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmazlığımız var, gələcəkdə necə hərəkət edəcəyik, – bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə həmrəylik ən yüksək səviyyədə davam edir. Nazirlərimiz bu məsələdə həmrəy olduqlarını bu günə qədər davamlı surətdə göstəriblər, beynəlxalq qurumlarda və təşkilatlarda bu həmrəyliyi davam etdirirlər. Bununla əlaqədar aidiyyəti nazirlərimizi təbrik edirəm. Bundan başqa, digər sahələrdə də nazirlərimiz bir-biriləri ilə həmrəylik nümayiş etdirirlər. Bu həmrəyliyi daha da inkişaf etdirəcəyik.

Həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir. Bu, özünü çox aydın şəkildə göstərməkdədir. Bundan sonra da bunun davamını görəcəyimizə inanıram. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını Allahdan diləyirəm.

Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır. Bu inkişaf bundan sonra da artmaqda davam edəcəkdir. Bunu da görəcəyik.

Qeyri-neft sektorunun 3 faiz, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyildir. Bunu da görməyə şadıq. Bu da təqdirəlayiqdir. Azərbaycanın bu sürətli inkişafı davam etdirəcəyinə inanıram.

Şuranın iclasında əlaqələrimizi hər bir sahədə daha necə inkişaf etdirə biləcəyimizi də müzakirə etmək imkanımız oldu. Bir az əvvəl 14 sənəd – memorandum, saziş və protokol imzaladıq. Bu, təbii ki, çox önəmlidir. Aidiyyəti nazirlərimiz bu sahədə işi davam etdirəcəklər. Amma bunların arasında ən önəmlisi, əlbəttə, preferensial ticarət sazişidir ki, bu da işin iqtisadi tərəfini təşkil edir. Amma bundan başqa siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir.

Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıqlar verdik. Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir.

Nəqliyyat sahəsində də eyni şəkildə. Dəmir yolu ilə bağlı da infrastruktur işlərinə başlanacaq və təbii ki, qısa müddətdə tamamlanacaqdır. Bu sahədə daha bir önəmli addım qardaşım İlham Əliyev ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışını etməyimiz oldu. 2019-cu ildə ticarət dövriyyəmiz təxminən 4,5 milyard dollar oldu. Bu rəqəmi 2023-cü ildə, İnşallah, 15 milyard dollara çatdıracağıq. Hədəfimiz budur. Buna da nail olmalıyıq. Bu gün imzalanan preferensial ticarət sazişimiz bu sahədə bizim üçün böyük önəm kəsb edir. Gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq.

Həmrəyliyimiz terrorla mübarizədə də çiyin-çiyinə davam edir. 251 insanımızı şəhid edən FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur. Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədərimizi bölüşdükləri və həmrəylik göstərdikləri üçün azərbaycanlı qardaşlarıma ölkəm və millətim adından təşəkkür edirəm.

Dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır. Müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. “Sülh çeşməsi” əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik.

Hörmətli media nümayəndələri, mərhum Bəxtiyar Vahabzadənin “Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.

Sabah Xocalı qətliamının 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm.

Bu düşüncələrlə Əliyev qardaşıma şəxsən mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkürlərimi bildirirəm. Toplantının nəticələrinin və imzaladığımız sənədlərin xeyirli olmasını Rəbbimizdən arzu edirəm. İyunda futbol üzrə milli komandamızın 2020-ci il Avropa çempionatı çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmaları birlikdə izləmək arzusu ilə hamınızı ehtiramla salamlayıram. Sağ olun.

İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib.

Ziyafətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola saldı.

https://president.az/articles/35965