Azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafının təməl prinsipidir

Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün kompleks tədbirlər reallaşdırılır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün sahələrdə olduğu kimi, seçkilər sahəsində də böyük təcrübə qazanıb. Demokratik ölkələrin, beynəlxalq təşkilatların təcrübəsi ilə milli dəyərlərin vəhdəti şəklində formalaşan milli seçki sistemi ötən dövrdə Azərbaycanın çoxşaxəli inkişafına böyük töhfələr verib. Müşahidəçilərin yekun rəylərində bildirilir ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilən çoxsaylı seçkilərin hər biri əvvəlkilərdən daha keyfiyyətli şəkildə təşkil olunur. Seçkinin keyfiyyət göstəricisi demokratiya, ədalət və şəffaflıqdır. Bu mənada, Azərbaycanın təcrübəsi seçkidən-seçkiyə zənginləşib. Bu gün Azərbaycanın seçki təcrübəsi müxtəlif ölkələr tərəfindən öyrənilir. Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn əsas prinsiplərinə tam şəkildə uyğun hazırlanıb.

Beynəlxalq standartlara görə, istənilən ölkədə seçkilərin azad və ədalətli keçirilməsi üçün aşağıdakı amillərə əməl edilməsi vacibdir:

-Namizədlərin qeydə alınmasında bərabərhüquqlu davranış;

-Kütləvi informasiya vasitələrinin prosesi işıqlandırması üçün bütün şəraitin yaradılması;

-Namizədlər üçün sağlam təbliğat və təşviqat mühitinin yaradılması;

-Seçkilərdə çoxistiqamətli müşahidəçi missiyasının iştirakının təmin edilməsi;

-“Exit-poll” keçirilməsi və s.

Seçkidən-seçkiyə inkişaf dinamikası ilə bağlı ekspert rəyinə müraciət etmək maraqlı olardı. Türkiyənin tanınmış vətəndaş cəmiyyəti fəallarından biri, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözde Dizdar deyib: “Azərbaycan seçkilərə hər zaman ciddi hazırlaşır. Mən 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Onu deyə bilərəm ki, Bakıda olduğum məntəqələrdə hər şey beynəlxalq standartlara uyğun idi. Seçki prosesini izləyən müşahidəçilər arasında müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələr var idi. Bu da şəffaflıq üçün olduqca vacibdir”.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 1374 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Namizədliyi dayandırılan vətəndaşların adları səsvermə bülletenlərindən çıxarılıb. Bülletenlərin nəşrindən sonra namizədliyini geri götürənlərin adlarının üstündən xətt çəkiləcək. Bütün bunlar barədə ictimaiyyətə vaxtaşırı məlumat verilir. Adi hesablama ilə görünür ki, hər məntəqədə səsvermədə orta hesabla on namizəd mübarizə aparacaq. Birmənalı olaraq qeyd edə bilərik ki, əgər ictimaiyyət tərəfindən seçkilərə yüksək səviyyədə inam olmasaydı, namizədlərin sayı da bu həddə çatmazdı. Say məsələsində vəziyyəti yüksək dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib ki, onun ölkəsi Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir. Fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq. Li Litzenberger fikirlərini belə davam edib: “Biz şadıq ki, Azərbaycan seçkiləri izləmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib”.

Xüsusi olaraq diqqətə çatdırmaq lazımdır ki, namizədlərin yerlərdə seçicilərlə görüşü, debatların təşkili, KİV-in imkanlarından istifadə etməsi məsələlərində heç bir məhdudiyyət yoxdur. Əksinə, bir sıra hallarda bəzi namizədlər demokratiya və aşkarlıq şəraitindən sui-istifadə etməkdədirlər. Bütün bunlar demokratik vəziyyətin dəyərləndirilməsi baxımından mühüm nailiyyətlərdir.

Son məlumata görə, Rəy Monitorinq Mərkəzi, eləcə də “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə Milli Məclisə seçkilərdə “exit-poll” keçirəcəklər.

Seçki prosesinin vəziyyəti ilə bağlı daha bir açıqlamaya müraciət edək. Azərbaycanda iqtisadi inkişaf, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib: “Bütün bunların fonunda seçkilərin normal şəraitdə keçəcəyinə əminəm. Aydındır ki, seçki rəqabət və mübarizə deməkdir. İnanıram ki, Azərbaycan xalqı 9 fevral parlament seçkilərində də doğru seçim edəcək”.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib. Bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. İstər seçkilərdən əvvəl, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir.

Seçki prosesinə start verilən andan Azərbaycanda fəaliyyət göstərən yerli və xarici KİV-lər proseslə bağlı sərbəst şəkildə fəaliyyət göstərirlər. Medianın fəaliyyətini, o cümlədən sosial şəbəkədəki müzakirələri əngəlləyə biləcək heç bir fakt mövcud deyil. Seçkilərlə bağlı müraciət edən xarici KİV nümayəndələrinin ölkəyə rahat şəkildə gəlişi təmin edilib. Bundan başqa, ölkəmizdə akkreditasiyadan keçən KİV nümayəndələrinin müraciətlərinə operativ qaydada baxılır. Parlament seçkilərini izləmək məqsədilə Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə bir sıra görüşlər keçirirlər.

Beləliklə, seçkilərin demokratik, azad, ədalətli və şəffaf keçirilməsinin təməl prinsipləri barədə sadaladığımız mühüm məqamlar və Azərbaycandakı seçkilərin buna uyğunlaşdırılması istiqamətində atılan addımlara, mühüm qərarlara dair faktlar, ekspert və müşahidəçi rəyləri Azərbaycandakı mövcud reallığı nümayiş etdirir.

Sabir Şahtaxtı

AZƏRTAC