Azərbaycan Respublikasının Gənclər Fondu Türkiyənin müvafiq qurumu ilə əməkdaşlıq edəcək

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov İstanbulda Türkiyə Respublikası Gənclər Fondunun baş direktoru Enes Eminoğlu ilə görüşüb. Görüşdə Azərbaycanın və Türkiyənin Gənclər fondları arasında əməkdaşlıq imkanlarının müzakirəsi və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Fonddan bildiriblər ki, söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, o cümədən təhsil, fərdi ideyaların dəstəklənməsi, beynəlxalq təmsilçilik, məşğulluq və digər sahələrdə gənclər üçün icra olunan proqramlar barədə məlumat verilib. Həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun fəaliyyəti barədə geniş təqdimat edilib.

Görüşdə iki qurum arasında əməkdaşlıq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb. Xüsusilə tələbələrin dəstəklənməsi, gənclər mübadiləsi, beynəlxalq təmsilçilik, gənclərin potensialının artırılması, asudə vaxtın səmərəli təşkili, digər sahələrdə birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi barədə razılığa gəlinib. Həmçinin Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülük ili” elan edilməsi nəzərə alınaraq, könüllülüklə bağlı hər iki ölkənin gənclərinin iştirakı ilə beynəlxalq layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikası Gənclər Fondunun tələbə-gənclər yataqxanalarını ziyarət edib, yaradılmış şəraitlə yaxından tanış olub.