Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib 

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib.

Tədbirdə saxta “erməni məsələsi”ni tədqiq edən alimlər, keçmiş səfirlər, diplomatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Avrasiya Araşdırmalar Mərkəzinin sədri Alev Kılıç AVİM-in davamlı olaraq təşkil etdiyi konfransların əhəmiyyəti, o cümlədən budəfəki tədbirin məruzəçisi tədqiqatçı alim Qafar Çaxmaqlı Mehdiyevin yaradıcılığı barədə danışıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, görülən işlər Azərbaycanın və Türkiyənin qarşılaşdığı problemlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasına böyük töhfə verir.

Sonra Türkiyənin Erciyes Universitetinin professoru, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin sədri Qafar Çaxmaqlı Mehdiyev mövzu ilə bağlı məruzə edib. Erməni millətçi dairələrinin Türkiyədə və Azərbaycanda törətdikləri tarixi cinayətlər barədə məlumat verən alim bu toplumdan olan şəxslərin faşist Almaniyası ilə əməkdaşlığının səbəb və məqsədlərindən bəhs edib. O əsaslandırıb ki, erməni-nasist əməkdaşlığı uzun illər dünya ictimaiyyətinin diqqətindən kənar qalıb. Bu məsələ məhz Azərbaycanda aparılan tədqiqat işləri nəticəsində ortaya çıxarılıb. Hazırda dünya elm ictimaiyyəti, eləcə də tarixçilər bu mövzunun araşdırılmasına ciddi diqqət göstərirlər. AZƏRTAC