“Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib

Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib.

Konfransda çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, tədbir ölkə başçısının Sərəncamına müvafiq olaraq Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə hazırlanmış tədbirlər planı əsasında reallaşıb.

Gövhər Baxşəliyeva qeyd edib ki, XIX əsrin sonu XX əsrin birinci yarısında yaşayıb yaratmış Əhməd bəy Ağaoğlu böyük ictimai-siyasi xadim, ziyalı, jurnalist, pedaqoq, siyasətçi, yazıçı və əsl vətənpərvər şəxsiyyət olub. O, Azərbaycanda və ölkənin hüdudlarından kənarda ictimai-siyasi proseslərdə fəal iştirak edib, milli oyanış hərəkatının daim ön sıralarında dayanıb, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Əhməd bəy Ağaoğlu ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində mühüm, diqqətəlayiq xidmətlər göstərib. Bu böyük şəxsiyyətin ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

Akademik diqqətə çatdırıb ki, Əhməd bəy Ağaoğlu hər zaman məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni inkişafından keçdiyini qeyd edib. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən görkəmli mütəfəkkir Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Əhməd bəy Ağaoğlu qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı.

Qeyd olunub ki, Əhməd bəy Ağaoğlu təkcə Azərbaycanda deyil, Türkiyədə də ictimai-siyasi fəaliyyətini davam etdirib, türkçülük ideyalarını təbliğ edib. Onun təklifi ilə “Difai” təşkilatı yaradılır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. O, siyasi fəaliyyətinə görə 1912-ci ildə “İttihad” və “Tərəqqi” partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonkarahisar bölgəsindən deputat seçilir. Osmanlı dövlətində yüksək məqamlara sahib olan mütəfəkkir Vətənini heç vaxt unutmayıb. Əhməd bəy Ağaoğlu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimik Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti yarandıqdan sonra Əhməd bəy Ağaoğlu Bitərəflər fraksiyasından Zəngəzur qəzasından parlamentin üzvü seçilir. 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh konfransında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibinə Əhməd bəy Ağaoğlu da daxil idi.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Əhməd bəy Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolundan danışıb. Akademik Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə aparmış Əhməd bəy Ağaoğlunun hər iki ölkənin dövlət müstəqilliyi uğrunda mübarizədə öndə gedən ziyalılardan biri olduğunu qeyd edib, böyük mütəfəkkirin hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb.

Bildirilib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanda və Türkiyədə milli-mənəvi və islami dəyərlərin qorunub saxlanılması şərtilə Şərq əsaslı və Qərb yönümlü inkişaf uğrunda fəaliyyət göstərib, məhz bu istiqamət onun publisistikasının əsasını təşkil edib. Görkəmli mütəfəkkirin hər iki xalqın milli istiqlalının əldə olunmasında böyük rolu olub. Əhməd bəy Azərbaycan mətbuatında, xüsusilə redaktoru olduğu “Həyat” qəzetində və “İrşad” qəzetində, eləcə də Türkiyə mətbuatında dərc olunmuş əsərlərində Qərb yönümlü cümhuriyyət tipli dövlətin qurulması ideyalarını təbliğ edib. Onun “Həyat” və “İrşad” qəzetindəki fəaliyyəti Azərbaycanda XX əsrin əvvəllərində milli oyanışa və müstəqillik dövlətçilik uğrunda mübarizəyə hazırlıq məsələlərinin həyata keçirilməsinə böyük təkan verib. Əhməd bəyin “Həyat” qəzetində dərc olunan məqalələri milli intibahın manifesti səviyyəsindədir. Bu qəzetin çağırışları Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxarıb.

Akademik bildirib ki, Əhməd bəy Ağaoğlu Ankara Universitetinin Hüquq fakültəsinin qurucularından olub, eləcə də ölkəmizdə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün “Difai” təşkilatını yaradıb.

İsa Həbibbəyli AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı keçirilmiş beynəlxalq simpoziumu xatırladaraq qeyd edib ki, bu tədbirdə görkəmli mütəfəkkirin Fransada yaşayan oğlu və bacısı nəvəsi iştirak edib, onlar Azərbaycanın bugünkü inkişafını yüksək qiymətləndiriblər.

AMEA-nın vitse-prezidenti Əhməd bəy Ağaoğlu haqqında müxtəlif mənbələrdə geniş məlumatların olmasına baxmayaraq ümumiləşdirici monoqrafiyanın hazırlanmasına ehtiyac duyulduğunu vurğulayıb. Akademik bu məqsədlə AMEA-nın bir sıra institutlarının birgə həmin monoqrafiya üzərində işləməsi təklifini irəli sürüb.

Akademik İsa Həbibbəyli konfransın keçirilməsini Azərbaycan Respublikası Prezidentinin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının AMEA-da icra olunması istiqamətində atılmış addımlardan biri kimi əhəmiyyətini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

AMEA-nın İctimai Elmlər Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova konfransın Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətinə, irsinə böyük töhfə olduğunu söyləyib. O, Əhməd bəy Ağaoğlunu böyük mütəfəkkir, şərqşünas, hüquqşünas, türkoloq, filosof kimi səciyyələndirib, onun həyatı və fəaliyyəti haqqında külliyyatın nəşr edilməsinin Azərbaycan elminə mühüm töhfə olacağına əminliyini bildirib.

Sonra Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin “Əhməd bəy Ağaoğlu və milli kimlik” mövzusunda məruzəsi dinlənilib. Əhməd Ağaoğlunun milli kimlik məsələsində “iranlı” kimliyindən “türkçülüyə” doğru düşüncələrinə diqqqət çəkən məruzəçi Azərbaycan türkçülüyünün patriarxı, maarifçi, mühərrir, mütəfəkkir, ictimai-siyasi və dövlət xadiminin həyat yolunu şərqşünas-iranşünas tədqiqatçı kimi Fransa, İngiltərə, Qafqaz və Türkiyə mətbuatında dərc olunan İrana dair məqalələri və kitabları əsasında nəzərdən keçirib. Əhməd bəy Ağaoğlunun milli kimlik məsələsində “iranlı” kimliyindən “türkçülüyə” keçid mərhələsinə daha ətraflı nəzər salan Solmaz Rüstəmova-Tohidi onun İran və Azərbaycan türklərinə “iranlı” və “türk” kimliyi bucağından baxışlarını təhlil edib və “azərbaycanlı” kimliyinə dair mövqeyinə münasibət bildirib.

Konfransda Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, dosent Esmeralda Həsənova “Əhməd bəy Ağaoğlu və onun Türkiyənin ictimai-siyasi fikrinin inkişafında rolu”, Şərq-Qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlı “Əhməd bəy Ağaoğlunun milli ləyaqət uğrunda mücadiləsinin mahiyyəti və əhəmiyyəti”, Türk filologiyası şöbəsinin müdiri, dosent Səriyyə Gündoğdu “Sırati-müstəqim” dərgisində Əhməd bəy Ağaoğlunun maarifləndirici fəaliyyəti”, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli “Əhməd bəy Ağaoğlu və Malta sürgünü” mövzularında məruzələrlə çıxış ediblər.AZƏRTAC