Özbəkistan portalında Azərbaycan sazı haqqında məqalə yer alıb

Özbəkistanın uchildiz.uz portalında Azərbaycan sazı haqqında rus dilində geniş məqalə yer alıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilən materialda aşıq sənəti və saz haqqında ətraflı məlumat verilir. Bildirilir ki, saz Azərbaycan xalqının ən sevimli musiqi alətlərindən biridir.

Məqalədə deyilir ki, ta qədimdən aşıqlar qoşma, gözəlləmə, müxəmməs, divani, təcnis və digər xalq yaradıcılığı janrları üstündə aşıq mahnıları ifa edib və bu oxumalar xalq arasında rəğbətlə qarşılanıb. Qeyd olunur ki, bundan başqa aşıqlar dastan yaradıcılığı və dastan söyləməklə də məşhurdurlar. Aşıq sənəti muğamla birgə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin əsasını təşkil edir. Saz isə bütün türk xalqının ruhuna hopan və simvoluna çevrilən ən qədim musiqi alətlərindən biridir. Vurğulanır ki, adlarında fərqlər olsa da, Azərbaycandan başqa İran, Əfqanıstan, Türkiyə, Suriya, Balkan ölkələrində sazdan geniş istifadə olunur.

Məqalədə bildirilir ki, Azərbaycanın klassik şairlərinin əsərlərində də saz alətinin adı çəkilir. Böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqaninin əsərlərində sazın adı hörmətlə anılır.

Yazıda vurğulanır ki, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Səid Rüstəmov, Aqşin Əlizadə, Rəşid Şəfəq və digərləri aşıq musiqisindən istifadə edərək əsərlər yaradıblar. AZƏRTAC