Azərbaycanın ürəyi Türkiyədə döyünür.

Qardaş ölkə Türkiyədə Cümhuriyyətin qurulması münasibətilə İstanbul Şəhərində yerləşən Halil Türkkan məktəbinin ev sahibliyi ilə bayram tədbirləri keçirilib. Azərbaycandan müəllimlərin və istedadlı uşaqların da qatıldığı möhtəşəm bayram proqramında Ukrayna, Kosova, Makedoniya, Karadağdan nazirlər, məktəb direktorları, müəllimlər və şagirdlər də iştirak ediblər. Oktyabrın 29-da Halil Türkkan məktəbində keçirilən bayram tədbirində səhnədə yer alan Dəcəl Balam Ailə və Uşaq Mərkəzinin üzvləri ilk öncə Türk dünyasının böyük Şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini söyləyiblər. Sonra isə Azərbaycan haqqında mahnı səsləndirilib.

Qeyd edək ki, proqramda Türkiyədən dövlət məmurları, o cümlədən İstanbuldakı Azərbaycan Konsulluğunun nümayəndələri, Bengü Türk TV-də yayımlanan Azərbaycan Rüzgarı verilişinin aparıcısı Səidə Ömər də iştirak edib. Beş gün davam edən bayram tədbirlərində İstanbul gəzintiləri də təşkil olunub.