Türk dünyasında yanan Əli Şamil işığı

Bu il 70 yaşı tamam oldu Türk Dünyasının Əli Şamilinin. Bu 70 ildə nələr yaşadı, nələrdən keçdi, hansı məşəqqətlərə qatlaşdı – bütün bunlar Əli Şamil adlı Nəhəng Kişinin avtoportretinin astar üzüdür. Lakin görünənlər budur ki, nə “yüksək” fəxri adlar, nə dildolaşdıran titullar, nə gözqamaşdıran mükafatlar, nə də cingiltili səslər çıxaran orden-medallar bəzədi onun ömür səhifələrini.

Özü istəmədi bunu, istəməzdi də. Heç buna şərait də yaratmazdı. Əvəzində Türk Dünyasının boydan-boyacan bir fədai kimi gəzib-dolaşdığı ən ucqar nöqtələrində belə Əli Şamil işığı yandı, Əli Şamil fədakarlığı boy göstərdi, bəhrə verdi…

Tədqiq etdiyi dissident həyatı yaşamış insanların özləri qədər də dissident taleyi yaşamağa məcbur olmuş, ömrü mübarizələrdə keçmiş bir aydınımızın 70 illik yubileyinin beləcə susqunluqla keçəcəyi gözlənilən idi. Nədən ki, dissidentlərə bu acı taleyi yaşamaq hökmü oxumuşların varisləriylə göz-gözə, nəfəs-nəfəsə yaşayıb-fəaliyyət göstərmək, hər addımda tənələr, təqiblərlə üzləşə-üzləşə “qaranlıqları aydınlığa çıxarmaq” naminə ömrünü girov qoymaq yolunda yorulmadan, bezmədən, usanmadan “yola davam” deyən şəxsiyyətlərdəndi qəhrəmanımız. Bilə-bilə ki, bu yolda ölüm də ola bilər, itim də, zindanlara da atıla bilər, sürgünlərə də… yenə yolundan sapmadı, doğruya “oğru” demədi, haqqı nahaqqın ayağına vermədi, hər zaman ədalətin yanında ədalət carçısı kimi dayanmağı tərcih etdi Əli Şamil.

Əli bəyin yubileyi ərəfəsində “Dissident sorağında (1956-1986)” adlı kitab işıq üzü görüb. Kitabın müəllifləri – Əzizə Şamil və Əli Şamil xalqın mənafeyini hər şeydən üstün tutan açıqfikirli ziyalılarımızın Sovet DTK-sı tərəfindən məruz qoyulduqları ağlasığmaz işgəncələri, təhdid və təqib faktlarını, xalqın canını boğazına yığmış mənfur quruluşa qarşı mübarizəyə qalxanların başına gətirilən barbarcasına zülmlərin hər üzünü açıb göstərməyə çalışmışlar. Hakim təbəqənin, daha dəqiq desək,rəsmi hakimiyyətin qoyduğu lüzumsuz, qeyri-məqbul qanunlarla razılaşmayan və bu qanunları sinirə bilməyən, irticaçı rejimə qarşı özəl baxışlar müstəvisindən yanaşaraq, bu qanunlara qarşı çıxan və toplumu mübarizliyə səsləyən “ayrı cür düşünən”, “razılaşmayan” adamlar – dissidentlər, əslində, Azərbaycanın müstəqilliyi və özgürlüyü yolunda canlarını oda atmış, ölümün gözünə dik baxmış insanlardır. Təəssüf doğuracaq haldır ki, müəlliflərin qeyd etdiyi kimi, Azərbaycanın müstəqilliyə qovuşmasından 27 il keçsə belə, Sovet rejiminə, müstəmləkəçiliyə, irticaya, qatı mühafizəkarlığa qarşı dirəniş göstərənlər hələ də layiqincə dəyərləndirilməyib. Məhz bu baxımdan yanaşsaq, neçə illik gərgin zəhmət bahasına araya-ərsəyə gəlmiş bu dəyərli tədqiqat işinin necə böyük əhəmiyyət kəsb etdiyi ortaya çıxar.

“… Təqib və təzyiqlər altında olsa da, millətinin taleyini düşünən, onun üçün nəsə bir iş görməyə çalışanların əməlləri aysberqə bənzəyir” – yazır Ə.Şamil. Təbii ki, “xalq üçün ağlayan gözdən olar” misalı, bu aysberqin digər üzünü görmək üçün adıçəkilən kitabı vərəqləmək yerinə düşər. Bu aysberq-şəxsiyyətlərdən “Çingiz Abdullayevlərin, Cahid Hilaloğluların, Məhəmməd Biriyaların, İsfəndiyar Coşqunların, Tanqoların, Xəlil Rza Ulutürklərin, Asif Ataların, Safruhların, Əbülfəz Elçibəylərin və başqalarının” əməllərinin çox kiçik bir hissəsinin əks olunduğu kitabda eyni zamanda, ailə qurub ev-eşik sahibi olmadan dünyasını dəyişməsi səbəbindən nəsli kəsilən altı mərd, mübariz, döyüşkən insanın – Çingiz Abdullayev, Tanqo (Tanrıqulu Əliyev), Sabir Yanardağ, Baycan Məhərrəmov, Tofiq Vəndamlı və Nofəl Tahirzadənin faciəli, məşəqqətli ömür yolu barədə məlumat ala bilirik. Dissidentlərin əksəriyyətinin ailəsi vaxtsız-vədəsiz dağılmağa məruz qalmış, bəziləri isə, Əbülfəz Elçibəy də daxil olmaqla, çox gec ailə qurmaq məcburiyyətində qalmışlar. “Tarixin bütün dövrlərində vətənin və millətin xoşbəxt gələcəyi üçün mübarizə aparan yenilikçilər az olublar. Həmişə də onların fəaliyyəti nə hakimiyyətdəkilər, nə də xoşbəxtliyi uğrunda mübarizə apardığı toplum tərəfindən xoş qarşılanıb…” – Belə olmasaydı, bu qədər faciələrimiz, ziyalılarımızın kütləvi şəkildə repressiyası baş tutardımı? Bunca qırğınlara, bunca faciəli ölümlərə, intihar və sui-qəsdlərə səbəb də elə “ayrı cür düşünən” – aydın, açıq fikirli insanlara qarşı elan olunmamış səlib yürüşü deyilmi?

Əli Şamili təkcə Azərbaycan türklərinin problemlərini araşdıran tədqiqatçı kimi təqdim etmək fikrindən tamamilə uzağıq, çünki yorulmaz araşdırmaçımız dünyanın bütün nöqtələrində yaşayan xırdalı-irili bütün türksoylu xalqların taleyinə güzgü tutmaqla yanaşı, dünya ictmaiyyətinin nəzər-diqqətini də problemlər içində çabalayan bu insanların taleyinə yönəldir və problemlərin həllinə çalışır. Hansı coğrafi ərazidə yaşamasından, dinindən və dilindən asılı olmayaraq türklük ideallarına sadiqlik nümayiş etdirən hər bir insanın pozulmuş haqlarının müdafiəçisi kimi bu ideallara xidmətdədir Əli Şamil. Onu çəkinmədən Türkün Böyük Oğlu adlandırmaqdan özümü saxlaya bilmirəm. Əli Şamilin Güney Azərbaycan türklərinin, Kuzey Kıbrıs türklərinin, Colan türkmanlarının, Uyğur türklərinin, Ahıska türklərinin, Kumıkların, Qaqauzların, Krım tatarlarının, Noqay türklərinin, Qaşqay türklərinin folkloru, ədəbiyyatı, yaşam tərzi, üzləşdiyi problemlər və faciəli taleləri barədə araşdırma əsərləri oxucularda böyük maraq doğurur. Tanınmış tədqiqatçı barədə professor Ramiz Əskərin olduqca maraqlı, son dərəcə səmimi fikirləri var. Yazı böyük olsa da, biz onun yalnız bir hissəsini oxuculara təqdim etmək niyyətindəyik: “…Əli Şamili 1972-ci ildən tanıyıram. Həmin il mən Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdum. Bir-iki ay sonra fakültədə oxuyan bütün tələbələri adbaad tanıyırdım. Onların arasında Əlinin xüsusi yeri vardı. Çünki o, fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri idi, buna görə ona “TEC Əli” deyirdilər. Mən elmi işlərə çox həvəs göstərirdim. İkincisi, müəllimlər də, tələbələr də Əliyə dərin hörmət bəsləyirdilər. Nəhayət, Əli mənim eloğlum idi. Bəri başdan deyim ki, mənim jurnalist və sonralar alim kimi yetişməyimdə onun müstəsna rolu var”.

Bunların ardınca Ramiz Əskər Əli Şamili ensiklopedik biliyə, zəngin dünyagörüşünə, eyni zamanda, bütün müsbət keyfiyyətlərə malik əsl ziyalı, vətənpərvər, millətsevər şəxsiyyət kimi bu cür xarakterizə edir: “Əli bizim heç vaxt eşitmədiyimiz şəxslər və şeylər barədə danışır, bəzi məsələlərə gözümüzü açırdı. Misal üçün, Əmin Abid adını mən ilk dəfə ondan eşitmişdim. Zəki Vəlidi Toğan, Xalid Səid Xocayev, Əhməd Baytursun, Numan Çələbi Cihan, Abbasqulu ağa Şadlinski kimi şəxsiyyətlər haqqında məlumatları, Solovki, QULAQ, repressiya ilə bağlı bilgiləri də ondan almışdım. “Gilqamış” dastanından tutmuş, Xəstə Hasan, Aşıq Şenlik, Aşıq Veysəl, Qarani, Sümmani, İslam Ərdənər, Aşıq İskəndər Ağbabalıya qədər Azərbaycan aşıq mühitində az tanınan sənətkarların, Məxdumqulu, Bəkir Çobanzadə, Abdulla Tukay, Şahzadə Babiç kimi şairlərin adı Əlinin dilindən düşmürdü.

Əli ən yeni tarixin ən gözəl bilicisi idi. Arxivə getməyə əsla ehtiyac yoxdu, sadəcə olaraq ona yaxınlaşıb filan tarixi hadisə, filan bolşevik, filan komissar, filan daşnak, filan ictimai-siyasi xadim barədə sual verib dolğun cavab almaq mümkün idi. Bir sözlə, Əli canlı, gəzən ensiklopediya idi…” (Ramiz Əskər. Yaxın keçmişimizə Əli Şamil baxışı. Əli Şamilin “Biobiblioqrafik göstərici” kitabına yazılmış Ön sözdən. Bakı, 2019).

Göründüyü kimi, Əli Şamil heç vaxt elmi dərəcə almağa çaba göstərməmiş, əksinə, bütün mənalı ömrünü Türk xalqlarının folklor və ədəbiyyatının, dəyərli şəxsiyyətlərinin, eyni zamanda, problemli məsələlərinin araşdırılıb üzə çıxarılmasına sərf etmişdir. “Əli Şamil. Biobiblioqrafik göstərici” adlı sanballı kitab görkəmli tədqiqatçı-alim “Əli Hüseyn oğlu Şamilovun həyat və fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab, məqalə və məruzələrini, həmçinin, onun haqqında yazılmış mənbələri əks etdirir…” Qeyd etmək lazımdır ki, həmin mənbə və məxəzlərin sayı mindən artıqdır. Şübhəsiz, bu məxəzlərin sayı getdikcə artacaq və Əli Şamil adlı yorulmaz tədqiqatçının ömür və yaradıcılıq yolunun ziyası hələ çox qaranlıqlara işıq salacaq. (http://525.az)

Qiymət Məhərrəmli
Filologiya üzrə fəlsəfə doktoru