VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub 

Sentyabrın 27-da Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

 VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Açılışda mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu bildirib. Son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını söyləyib.

Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyir və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacaq.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, “dəyirmi masa”ların, müzakirələrin aparılacağını bildirib.

Nazir Ə. Qarayev son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında verdiyi müvafiq Sərəncama uyğun olaraq reallaşdırılır.

Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açan Ə.Qarayev bildirib ki, ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət daşıyır.

Əbülfəs Qarayev kitab nəşriyyatı sahəsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş Nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir.

Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən Əli Əhmədov bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

“Bu sərgi-yarmarka hər şeydən əvvəl Azərbaycanda kitabın təbliğatı üçün həyata keçirilən əzəmətli bir təşəbbüsdür. Kitab bilik, mədəniyyət, cəmiyyətin inkişafı deməkdir. Bütövlükdə cəmiyyətin mədəni, intellektual, iqtisadi inkişafı öz başlanğıcını kitablardan götürür. Azərbaycan qədimdən elmə, biliyə həvəsi olan ölkə olub. Bu həvəsin həyata keçirilməsində kitab misilsiz rol oynayıb. Bu gün Azərbaycan böyük intellektual sərvəti olan bir ölkədir. Biz bu günümüzü və gələcəyimizi də bu sərvətdən ayrıca təsəvvür etmirik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, insan kapitalının inkişafı Azərbaycanın yüksəlişinin, tərəqqisinin əsas bünövrəsidir. Çox sevindirici haldır ki, Azərbaycanda həmişə kitaba hörmət və məhəbbətlə yanaşılıb. Güman edirəm ki, bu sərginin altıncı dəfə keçirilməsi də kitaba olan məhəbbətin ifadəsidir. Gənclərimiz mütaliə etməklə zəngin biliklər əldə edəcəklər, intellektual, mədəni səviyyələri yüksələcək və gələcəkdə ölkəmizin inkişafı naminə xidmətlər göstərmək qüdrətində olan layiqli vətəndaşa çevriləcəklər. Gənc nəslin kitaba biliklərə məhəbbətini daha da gücləndirməklə cəmiyyətimizi daim irəli apara biləcəyik. Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi layihələr böyük rol oynayır. Bu layihələrdə iştirak etməklə böyüyən nəslə kitaba və kitab vasitəsilə biliklərə, mədəniyyətə, dərin mənəviyyata, əxlaqa möhkəm hörmət və ehtiram sərgiləmiş olacağıq. Mən sizin hər birinizə kitaba sevgi arzu edirəm”,-deyə Baş Nazirin müavini vurğulayıb. Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Bu yarmarkada keçən illərdəki kimi Azərbaycanda Atatürk Mərkəzi ayrıca stendlə təmsil olunur. Mərkəz bu dəfə  də özünün nəşr etdiyi 80-nə yaxın adda kitabı sərgidə paylanışa çıxarıb. Qeyd edək ki Azərbaycanda Aattürk Mərkəzi fəaliyyəti ərzində 150-dən cox adda kitab nəşr edib.

Sərgidə bir sıra poliqrafiya müəssisələrinin son çap məhsulları da nümayiş olunur.

Sərgi sentyabrın 29-dək davam edəcək.