TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru İlahiyyat İnstitutunda olub

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

İnstitutdan bildirilib ki, görüşdə Aİİ-nin rektoru Ceyhun Məmmədov Türkiyə-Azərbaycan münasibətlərinin yüksək mənəvi dəyərlər üzərində qurulduğunu vurğulayıb. Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən rektor iki dövlət arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əməkdaşlıq olduğunu bildirib. O, institutun beynəlxalq əlaqələrinə toxunaraq, Aİİ-nin xarici ölkə universitetləri, o cümlədən Türkiyə ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurduğunu qeyd edib.

Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki qurumun fəaliyyəti haqqında məlumat verib, agentliyin Azərbaycanda iqtisadi, sosial, mədəni və təhsil sahələrində həyata keçirdiyi müxtəlif layihələrdən danışıb. Agentliyin hazırda bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, birgə layihələr həyata keçirdiyini bildirib.

Görüşdə, həmçinin sentyabrın 19-20-də keçiriləcək “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransla bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, konfrans Azərbaycan Respublikası Prezidentinin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında 2019-cu il 10 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil ediləcək.

Konfrans Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində fəaliyyəti, Difai təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Bununla yanaşı, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının tədqiqi məsələləri müzakirə olunacaq. Konfransın materialları kitab şəklində çap olunacaq. AZƏRTAC