Yelena Vasilyeva: “Turqut Özalın SSRİ-yə səfəri zamanı tərcüməçi qismində Bakıya gəlmişdim”

Yelena Vasilyeva məşhur rusiyalı türkoloq Dmitri Vasilyevin xanımıdır. Sovetlər dövründə uzun illər Moskva radiosunun Türkiyə bölümündə çalışıb. Sonrakı fəaliyyətini Türkiyənin Rusiyadakı səfirliyində tərcüməçi kimi davam etdirib. Atatürkün “Nutuk” əsərinin  həyat yoldaşı ilə birlikdə rus dilinə çevirib. Hazırda rus-türk lüğət kitabları üzərində çalışır. Yelena xanım maraqlı xatirələrini bizimlə bölüşdü.

– Bildiyim qədərilə, həyat yoldaşınız Dmitri Vasilyevlə institutda bir qrupda oxumusunuz. Sonra o türkoloq kimi elmi fəaliyyətini davam etdirdi, siz də radioya gəldiniz…

– 1971-ci ildə Asiya-Afrika İnstitutunu (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin xüsusi fakültəsi – red.) bitirəndən sonra Moskva radiosunda çalışmağa başladım. Xarici dillərdə yayım şöbəsində işləyirdim. Şöbə çox böyük idi, Avropa, Asiya, Afrika, Amerika, Latın Amerikası üzrə müxtəlif dillərdə yayım həyata keçirilirdi. Onlardan biri də 1941-ci ildə qurulan Türkiyə bölümü idi. Bu bölümdə diktor, redaktor, tərcüməçilər işləyirdilər. 23 il bu radioda gözəl və istedadlı insanlarla bir arada çalışdım. Yaradıcı iş olduğu üçün həvəslə işləyirdim. Qadınlar üçün proqram hazırlayırdım. Özüm hazırlayır, tərcümə edir, oxuyurdum və bu işdən zövq alırdım. 1990-cı illərin əvvəllərində radioda artıq işçiləri azaltmağa başlayırdılar. Mən həmin illərdə Türkiyənin Rusiyadakı səfirliyində tərcüməçi kimi işləməyə başladım.

– Radioda təqdim edilən proqramların məqsədi nə idi?

– Moskva radiosunun Türkiyə bölümündə çalışmağım mənə çox böyük təcrübə qazandırdı. Dayanmadan türkcə oxuyursan və bu, dili inkişaf etdirir. Proqramların məqsədi sadəcə təbliğat aparmaq idi. Bütün proqramlar kommunist ideologiyasını təbliğ etmək üzərində qurulmuşdu. Eyni zamanda Türkiyə haqqında məlumat almaq çox faydalı idi. Biz proqramlarda SSRİ-yə maraq və sevgi oyatmalı idik: sovetlər ölkəsində həyat tərzi, burada xalqların bir-birlərilə sülh və dostluq içərisində yaşaması. Həmin illərdə  SSRİ ilə Türkiyə arasında birgə iqtisadi layihələr gerçəkləşdirilirdi. Türkiyədə tikintilərdə iştirak edənləri də tez-tez proqrama dəvət edirdik. Onlar da Türkiyə haqqında gözəl sözlər deyirdilər.

– Uzun zaman bir ölkə ilə bağlı proqramlar hazırlamaq, o ölkənin dilində danışmaq… Bu müddətdə içinizdə belə arzu oyanırdımı ki, Türkiyəyə gedəsiniz, oradakı insanlarla bilavasitə ünsiyyətdə olasınız?

– Radioda işləyərkən məni İzmir yarmarkasına göndərdilər. Həqiqətən də, o zaman Türkiyəni görmək, türk insanı ilə ünsiyyətdə olmaq kimi bir qaynar istək var idi içimdə. İlk gördüyüm, söhbət etdiyim şəxs yazıçı Əziz Nesin oldu. O, türkoloqlar, tələbələr, jurnalistlərlə görüşüb söhbət etdi. Biz diqqətlə onu dinləyirdik. Bu, təxminən 1980-ci illərin əvvəlləri idi. O zaman bizim üçün səfər həm də təhlükəli idi. Çünki Türkiyə ilə bağlı yaxşı xəbərlər almırdıq. Ölkədə hərbi çevriliş olmuşdu.

Amma İzmirdə çox gözəl vaxt keçirdik. Şəhər çox xoşuma gəldi. Ümumiyyətlə, 80-ci illərin ortalarında Türkiyə-Rusiya əlaqələri inkişaf edirdi. İzmiri gördükdən sonra Türkiyədə dincəlmək arzusu yarandı. Bu günə qədər Ankara, Antalya, İzmir, Trabzonda olmuşuq. Türkiyənin bütün məkanları gözəldir. Türklərlə münasibətlərim hər zaman gözəl olub. Hazırda mənə desələr ki, harada olmaq istərdim, deyərdim, Adıyamanda. Orda nəhəng heykəlləri görmək ən böyük arzumdur.

– Sovet dönəmində Moskva radiosunda Türkiyədən, eləcə də ittifaq respublikalarından gəlib çalışanlar da var idi. Bu simaları necə xatırlayırsınız?

– Moskva radiosunun kollektivi beynəlmiləl idi. Orda çalışan türklər kommunistlər idilər. Onlar Moskvaya Türkiyə və Bolqarıstandan gəlmişdilər. Radioda xatırlanan maraqlı insanlardan biri də Nazim Hikmət olub. Radionun arxivində onun nadir səsləri qorunur. N.Hikmət radioda şeir və mətnlər səsləndirib. Rusiya vətəndaşı ilə ailə quran Fatma adlı bir xanımı da xatırlayıram. Onlar Nazim Hikmətlə yaxın dost idilər. Məşhur azərbaycanlı tarixçi alim Ziya Bünyadovun xanımı Tahirə Bünyadova da radioda işləyən tanınmış insanlar sırasında olub. O, təhsilini Moskvada almışdı və bir müddət radionun Türkiyə bölümündə fəaliyyət göstərmişdi. Xatırlayıram ki, məndən yaşlı həmkarlarım onu çox gözəl sözlərlə xatırlayırdılar.

– Türkiyəyə bağlılığınız yalnız öz işlərinizə, radioya görə idi, yoxsa başqa məqamlar da var idi?

– Mən deyim ki, bu sahəni sevirdim və indi də sevirəm. Və nə yaxşı ki, həyatımda Türkiyə, türk dili faktoru var. Bu, çox uğurlu seçim idi. Türk dilini çox sevirdim. Yenidənqurma dönəmində iqtisadi vəziyyət pisləşməyə başlayanda məni Türkiyənin Rusiya səfirliyinə dəvət etdilər. Çünki o zaman səfirlikdə rus dili tərcüməçisi yox idi. 1994-cü ildən səfirlikdə tərcüməçi kimi fəaliyyətə başladım. Bu iş də maraqlı idi. Xeyli maraqlı, məşhur adamları görür, onları tərcüməçi kimi müşayiət edir, maraqlı hadisələrə şahidlik edirdim. Prezident Turqut Özalın Moskvaya səfəri zamanı xanımı Səmra Özalın tərcüməçisi idim. Onlar əvvəlcə Moskvaya gəldilər. Sonra da digər keçmiş ittifaq respublikalarına səfər etdilər. Sovet İttifaqının bir neçə respublikasına səfər zamanı onu tərcüməçi kimi müşayiət etmişəm. Həmin müddətdə mən Bakıda da oldum. Amma iş o qədər çox idi ki, şəhəri görmək imkanım olmadı.

– Hazırda Türkiyə-Rusiya əlaqələri inkişaf edir. Çoxlu qarşılıqlı layihələr, tədbirlər həyata keçirilir. Öz təcrübənizdən istifadə edərək yeri gələndə məsləhətlər verirsinizmi?

– Həyat yoldaşımla bu sahədə mən əlimizdən gələn köməkliyi edirik. Düzdür, bizdən fərqli olaraq yeni nəsil türkoloqlar, məsələn, mənim oğlum Aleksandr Türkiyəni bizdən də yaxşı tanıyır. Çünki onların Türkiyəyə getmək imkanları daha çoxdur. Hər şeyi öz yerində görürlər. Amma o zamanlar biz bu imkanlardan məhrum idik. Əlbəttə, bizdən məsləhət istədikdə məmnuniyyətlə veririk. Evimdə xeyli Türkiyə suvenirləri, hədiyyələri var. Onları Türkiyədən Rusiyaya səfərə gələnlər hədiyyə edirdilər bizə. Hazırda tələbələrə kömək edirəm. Tərcümə lazım gələndə bu sahədə də yardım edirəm. Çoxdankı arzum olan rus-türk lüğətləri üzərində çalışıram.

Mehparə Sultanova
Ankara