Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin mühüm  istiqamətini təşkil edir

1 avqust – Azərbaycan əlifbası və və Azərbaycan dili günüdür

Ümummilli lider Heydər Əliyevin «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasında biri də əlavə olunub. Həmin fərmana əsasən, avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi  qeyd olunur. Qətiyyət, siyasi iradə və prinsipiallıq nəticəsində respublikamızın həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya – latın qrafikalı Azərbaycan əlifbasına keçidi reallaşdı. Bu, müəyyən mənada inzibati addım təsəvvürü yaratsa da, əslində müstəqilliyin və cəmiyyətin tələbindən,ölkədəki gerçəklikdən doğan obyektiv zərurət idi.

Heydər Əliyev Azərbaycan dilini müstəqil dövlətçiliyin əsas rəmzlərindən saymaqla, onun inkişafı, zənginləşməsi və saflaşması naminə daim xüsusi tədbirlər həyata keçirmişdir. Bu istiqamətdə atılmış vacib addımlardan biri də 18 iyun 2001-ci ildə «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.

Əslində, latın qrafikalı Azərbaycan əlifbasına keçid hələ 1991-ci ildən nəzərdə tutulsa da, bu prosesi könüllülük əsasında tam olaraq başa çatdırmağın mümkünsüzlüyü qabarıq görünürdü. Ölkədə nəşriyyat-poliqrafiya işinin paralel olaraq latın və kiril əlifbaları ilə aparılması əhalinin çaşqınlığı və haqlı narazılığı ilə qarşılanır, kütləvi diskomfort yaradırdı. Bu problem eynilə mətbuat sənayesində də özünü aşkar büruzə verir, qəzetlər yarı latın qrafikalı Azərbaycan əlifbası, yarı kiril əlifbası ilə nəşr olunurdular. Maarifçilik nöqteyi-nəzərindən cəmiyyətə örnək və nümunə göstərməli olan mətbuat bu məsələdə konyuktur maraqlardan çıxış edir, hətta oxucu auditoriyasının daralacağını bəhanə gətirən bəzi qəzetlər bu prosesi ciddi şəkildə əngəlləməyə çalışırdılar. Xüsusilə də qərəzli müxalifət mətbuatında belə cəfəng iddialar səslənirdi ki, guya Azərbaycan xalqı hələ əlifba dəyişikliyinə hazır deyil, bu prosesi zamanın öhdəsinə buraxmaq lazımdır. Fəqət, bu ətrafda qaldırılan süni ajiotaj «daldan atılan daşa» bənzəyir, xalqın ümumi rəyini əks etdirmirdi. Tarixi təcrübədən məlumdur ki, hər hansı əlifbaya könüllü keçidi təmin etmək heç də mümkün olmur və son zərurətdə bu prosesi inzibati üsullarla həyata keçirmək lazım gəlir. Sonrakı proseslər Azərbaycan xalqının da bu dəyişikliyə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi.

Şübhəsiz, bu qərar özündə həm də dərin siyasi-ideoloji, mənəvi-psixoloji çalarları ehtiva edir, xalqda tarixən formalaşmış dövlətçilik atributlarına dərin hörmət hissinin aşılanmasına, milliözünüdərkin gücləndirilməsinə, habelə birliyə və həmrəyliyə xidmət edirdi. Bu qərarla xalqımızın taleyində baş vermiş tarixi ədalətsizlik aradan qaldırıldı, respublikamız latın qrafikalı Azərbaycan əlifbasına keçməklə, dünya xalqlarının ümumi yazı sisteminə qoşuldu. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi həm də ümummilli liderimiz Heydər Əliyevin 1969-cü ildən başladığı milli dil siyasətinin, habelə 1993-cü ildə əsasını qoyduğu milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsi idi. Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə dilimizin inkişafına çalışır, onun unutdurulmasına gönəlmiş bədnam siyasətə dolayı etirazını ifadə edirdi. Məhz onun qətiyyətli və prinsipial mövqeyi nəticəsində keçmiş Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş yeni konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamankı reallıqda belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi siyasi və mənəvi mahiyyət kəsb edirdi.

Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra – 1995-ci ildə ilk Konstitusiyamızın qəbulu ərəfəsində cəmiyyətdə ən böyük mübahisələr yenə də dövlət dilinin necə adlandırılması məsələsi ətrafında idi. Psevdomillətçilik mərəzinə tutulmuş bəzi qüvvələr Azərbaycanın dövlət dilinin türk dili adlandırılmasına çalışır, amma bunun çoxluq tərəfindən qəbul olunan elmi izahını verə bilmirdilər. İctimaiyyətin müxtəlif təbəqələrinin, dilçi alim və ziyalıların iştirakı ilə keçirilən genişmiqyaslı müzakirələr, diskussiyalar, nəhayət, yekdil qərarın qəbulu ilə nəticələndi: xalqımız 12 noyabr 1995-ci ildə referendum yolu ilə öz prinsipial mövqeyini nümayiş etdirərək, Azərbaycan dilinin dövlət dili kimi təsbitlənməsinə səs verdi. Bununla da bir zamanlar ana dilimizə qarşı edilmiş haqsızlıq, biganəlik aradan qaldırıldı, onun cəmiyyətdəki mövqeyi bərpa edildi.

Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Həmçinin qeyd edirdi ki,  Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi intellektual məzmun və hadisələri, informativ mənzərəsi bu dildə çevik şəkildə, səlistliklə əksini tapa bilir. Dilimizin gözəlliyi, rəvanlığı, obrazlılığı və ən dərin mətləbləri ifadə etmək imkanları hətta əcnəbilər tərəfindən də dəfələrlə qeyd olunmuşdur. Azərbaycan dili minillər, yüzillər boyu xalqımızın varlığını yaşatmış əvəzsiz hadisədir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Bir məqamı da vurğulamaq lazımdır ki, peşəkar natiq olan ümummilli liderimiz Heydər Əliyevin hər çıxışında dilimizin zənginlikləri aşkara çıxır, orfoepiya qaydalarına heyrətamiz dərəcədə əməl olunurdu.

Təqdirəlayiq haldır ki, cənab İlham Əliyev də dövlət atributlarına, habelə Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, tarixən formalaşmış milli adət-ənənələrinə xüsusi qayğı və diqqətlə yanaşır. Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk aylarda bir sıra dünya klassiklərinin, habelə Azərbaycan xalqının tanınmış yazıçı, şair və publisistlərinin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrini nəzərdə tutan sərəncam imzaladı. Bu, dövlət başçısının Azərbaycan dilinə, əlifbasına, habelə ədəbiyyatına, bir sözlə, zəngin milli irsinə necə böyük sayğı ilə yanaşmasının əyani təzahürü idi. Bundan başqa, bir neçə ay öncə Azərbaycan Milli Ensiklopediyasının hazırlanması ilə bağlı xüsusi müşavirə keçirən cənab İlham Əliyev bu məsələyə son dərəcə ciddi yanaşmağı tövsiyə etdi, lazımi tapşırıq və göstərişlərini verdi.

Cənab Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə kitablar çap olunur. Eyni zamanda həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla Azərbaycan dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün gerçəkliklərini nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın əsas göstəricisi olan ana dilimizin qorunması, saflaşdırılması və zənginləşdirilməsi istiqaməətində mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində reallığa uyğun istifadəsi, dilçilik araşdırmalarının stimullaşdırılmasıdır. Həmçinin bu proqram dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi araşdırmaların inkişafına yönəldilmiş yaradıcılıq fəaliyyətlərinin ümumiləşdirilməsini və dilçiliyin müasir dövrün kerçəklikləri və aktual məsələləri ilə əlaqələndirilməsini səciyyələndirir.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Azərbaycan dilinin qorunması və inkişafı naminə indiyə qədər həyata keçirilmiş dövlət siyasəti bundan sonra da davam etdiriləcək. Azərbaycan dili milli varlığımızın ifadəsi kimi zənginliyini və saflığını daim saxlayacaq.

D.Osmanlı 

Atatürk Mərkəzinin baş redaktoru