Anadolu Agentliyi: Türkiyə-Azərbaycan-Gürcüstan müttəfiqliyi regionda sülhün və sabitliyin güclənməsinə yönəlib

Türkiyə-Azərbaycan-Gürcüstan müttəfiqliyi regionda sülhün və sabitliyin güclənməsinə yönəlib. Bu üç dövlətin birliyi regionda yeni siyasi vəziyyət yaradıb. Bu da iqtisadi inkişafa və siyasi əlaqələrin yaxınlaşmasına səbəb olub.

 ATATURK.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Anadolu Agentliyində dərc olunan yazıda yer alıb.

Yazıda qeyd olunub ki, ötən dövrlərdə olduğu kimi, bu il də Türkiyə, Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə önəmli tədbirlər keçirilib. Belə ki, bu il iyunun 12-də Qəbələdə üç ölkənin Müdafiə nazirlərinin birgə toplantısı keçirilib. Bundan başqa, iyunun 19-da Ankarada hər üç ölkənin Baş Qərargah rəislərinin, hərbi qoşun qüvvələri komandanlarının iştirakı ilə hərbi təlimlər reallaşdırılıb. İyulun 16-da isə Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin toplantısı keçirilib.

Müəllif dost ölkələrin birgə fəaliyyətləri fonunda bəzi qüvvələrin təxribat yaratmaq cəhdlərini də oxucuların diqqətinə çatdırıb. Qeyd edib ki, bu cəhdlərə baxmayaraq, Türkiyə, Azərbaycan və Gürcüstan bölgədə nəhəng iqtisadi layihələr reallaşdırıb. O, buna misal olaraq Bakı-Tbilisi-Ceyhan boru kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini göstərib. Vurğulayıb ki, bu layihələrin həyata keçməsi region ölkələri ilə yanaşı, dünya dövlətləri üçün də önəmlidir.