14 iyul 1969-cu il: Azərbaycan – böyük inkişaf mərhələsinin başlanğıcı

50 il öncə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi ilə sovet imperiyası tərkibində ölkənin iqtisadi, siyasi, mədəni baxımdan nüfuzlu regionlardan birinə çevrilməsi və milli müstəqillik düşüncəsinin formalaşmasının təməli qoyuldu. O zaman respublika iqtisadi gösətricilərinə görə geridə qalmışların sırasında idi. Ulu öndər hakimiyyətə gəldiyi ilk günlərdən həyatın bütün sahələrində yeni quruculuğu və inkişafı təmin edəcək konsepsiyanı ortaya qoyubdur.

Az müddət sonra, 1969-cu il avqustun 5-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev çıxış edərkən respublikanın inkişaf yollarının məziyyətləri barədə danışmış, mövcud nöqsanların səbəblərin açıqlayaraq onların aradan qaldırılmasını mühüm vəzifə olaraq qarşıya qoymuşdur:

«Bəzi nailiyyətlərə baxmayaraq, respublika iqtisadiyyatının inkişafında müəyyən çətinliklərlə qarşılaşırıq, xalq təsərrüfatının bəzi sahələri xeyli geri qalır. Bizim təxirəsalınmaz vəzifəmiz səhiyyədə, tikinitidə və kənd təsərrüfatında yaranmış vəziyyəti dərindən təhlil etmək əsasında bütün zəhmətkeşləri vəzifələrinin yerinə yetirilməsindən ötrü səfərbərliyə almaq üçün ləzımi tədbirlər görməkdən ibarətdir».

Şübhəsiz Heydər Əliyev nöqsanları, problemləri dəqiq bilirdi və doğma respublikanın digər müttəfiqlərdən geridə qalması ilə barışmırdı. Ona görə də ölkə rəhbəri əvvəlcə idarəetmə mexanizmini mükəmməl səviyyəyə qaldırdı, sonra mövcud potensiala nəzərən insanların mütəşəkkilliyi zərurətini irəli sürərək buna nail oldu.

İttifaq miqyasında respublika KP MK-nın plenumunda qarşıya qoyulmuş məqsədlərin reallaşacağına çoxları inanmırdı. Bu irimiqyaslı quruculuq işlərini maneələri dəf edərək həyata keçirmək üçün böyük iradə və prinsipiallıq gərək idi. Heydər Əliyev isə öz qətiyyəti, idarəetmə qabiliyyəti ilə hələ Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdən tanınmışdı. Bu sistemdə o vaxtlar azərbaycanlılara nadir hallarda rast gəlinirdi. Təxminən iki ildən sonra komitədə azərbaycanlı kadrların yerləşdirilməsi və hazırlanması prosesi sürətlənmişdi.

Azərbaycanın qısa müddət ərzində inkişaf etmiş sovet respublikaları sırasına çıxmasını şərtləndirən əsas amillərdən biri də  Heydər Əliyevin siyasətə yeni, həm də milli məzmun gətirməsidir. 1969-79 cu illərdə iqtisadiyyatın bütün sahələrində dirçəlişə nail olunmuş, bu illərdə Azərbaycan sənayenin və kənd təsərrüfatının inkişafına görə yüksək göstəricilər əldə etmişdir. Qazanılmış böyük nailiyyətlərdən biri də respuplikanın kadr potensialının möhkəmləndirilməsi olmuşdur. 70-ci illərdə çoxlu sayda azərbaycanlının müxtəlif ittifaq miqyaslı ali təhsil ocaqlarında təhsil alması sonrakı dövrlərdə ölkə təsərrüfatının bütün sahələrinin milli kadrlarla təminatını reallaşdırdı.

Ümummilli lider avqust plenumundakı nitqində  rəhbər işçilərin vəzifə məsuliyyətini birbaşa bilik və bacarıqdan, iqtisadi potensialdan və insan amilindən səmərəli istifadə ilə əlaqələndiribdir. Yalnız bu məsuliyyətin dərkindən sonra çətinliklərdən qurtararaq hərtərəfli inkişafa nail olmağın mümkünlüyünü ön plana çəkibdir:

«Azərbaycanın bütün ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geridə qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqlırın öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahə üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, tabeliyində olan müəssisələrə rəhbərliyin əsviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur».

Avqust plemundan sonrakı bütün dövrlərdə Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş iqtisadi siyasət respublikanın hərtərəfli inkişafını təmin etmiş, onu dəfələrlə birinçi sıraya çıxarmışdır. Ölkədə iri sənaye, kənd təsərrüfatı, mədəni-məişəti obyektləri, istehsal və emal müəssisələri, təhsil ocaqları yaradılmış, bununla yanaşı, insanların əməyi də lazımi səviyyədə qiymətləndirilib.

Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi onda idi ki, sovet dönəmində mövcud imkanlardan bəhrələnərək Azərbaycanı inkişaf etdirərkən bugünkü müstəqilliyin əsaslarınıdüşünür və  yaradırdı. Müasir Azərbaycan indi Prezident İlham əliyevin rəhbərliyi ilə ümummilli liderin deyaları,  iqtisadi, ideoloji əsasları üzərində öz müstəqilliyini möhkəmləndirir və daha da inkişaf edir.

 

D.Osmanlı
Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru