Tale qardaşlığı: 100 ilin hesabatı

Müstəqil xarici siyasətin 100 yaşı Azərbaycan-Qazaxıstan münasibətləri kontekstində

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bütün Müsəlman Şərqində ilk demokratik respublika olmaqla bərabər, həm də müasir diplomatik münasibətlər sisteminin üzvü kimi fəal xarici siyasət kursu yeritməkdə idi. Dövrün mürəkkəb siyasi mənzərəsi, dünya müharibəsinin acı nəticələri, Azərbaycanın yerləşdiyi region uğrunda böyük dövlətlərin amansız mübarizəsi hərbi imkanları xeyli zəif olan ölkənin aktiv diplomatik fəaliyyət həyata keçirməsini tələb edirdi. Belə ağır şəraitdə ölkənin xarici siyasət kursunu həyata keçirən Xarici İşlər Nazirliyinin qurulması və qısa müddətdə onun vacib beynəlxalq nailiyyətlərə imza atması yeni yaranmış siyasi qurumun fəaliyyətinin min illər öncəyə uzanan tarixi köklərə və siyasi ənənələrə söykəndiyindən xəbər verirdi.

 Qədim Hun, Göytürk, Səlcuqlu, Ağqoyunlu, Səfəvi siyasi görüşlərinə dayanan idarəçilik və diplomatiya ənənələri ilə zənginləşən bu siyasi məktəb XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə sürətli və ciddi bir transformasiya dövrü yaşayır, yeni beynəlxalq mühitə uyğunlaşmağa çalışırdı. Məhz həmin dövrdə rəsmi olaraq qurulan və yeni yaranmış müstəqil dövlətin xarici siyasətini həyata keçirən Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında duran ən vacib məsələ Cümhuriyyətin beynəlxalq birlik tərəfindən rəsmi olaraq tanınmasına nail olmaq idi. Paris Sülh Konfransına gedən çətin və məşəqqətli yolun uğurla nəticələnməsi Milli Şura, Parlament və Nazirlər Kabineti də daxil olmaqla xarici siyasət idarəsinin ən böyük qələbəsi idi.

Sovet hakimiyyəti illərində fəaliyyətini formal da olsa qoruyub saxlayan xarici siyasət strukturuna yeni nəfəs ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gəldi. Peşəkarlıq və təcrübəni önə çıxaran Ümummilli lider qısa müddətdə onu yenidən qurdu və qarşısına vacib öhdəliklər qoydu. Azərbaycanın xarici siyasət konsepsiyası və onun prioritetləri müəyyənləşdirildi, fəaliyyətdə ardıcıllıq təmin olundu. Müstəqilliyin ilk illərində münaqişəyə cəlb olunan və Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan Respublikası geosiyasi reallıqları da nəzərə alaraq, bütün istiqamətlər üzrə aktiv xarici siyasət yürütməyə başladı. Qısa müddət ərzində beynəlxalq münasibətlər sistemində öz layiqli mövqeyini möhkəmləndirən Azərbaycan Respublikasının xarici siyasətində vacib istiqamətlərdən birini məhz Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla əlaqələr təşkil edir.

Azərbaycan-Qazaxıstan: ortaq keçmişdən birgə gələcəyə doğru

Qazaxıstanla Azərbaycan oxşar tarixi taleyə malikdir. Ortaq keçmişə, ortaq milli dəyərlərə, ortaq mədəniyyətə, dilə və dinə sahib olan iki qardaş dövlətin münasibətlərinin onurğa sütununu da məhz qeyd edilən amillər təşkil edir. Dünya praktikasında nadir rast gəlinən haldır ki, minillər boyu qonşu yaşayan iki xalq – Azərbaycan və qazax xalqları arasında heç zaman ədavət və münaqişə müşahidə edilməmişdir.

Skiflər və hunlarla başlayan ortaq dövlətçilik tariximiz müəyyən dövrlərdə xarici düşmənlərin hədəfinə çevrilsə də, zamanın sınağından uğurla çıxmış və bu gün ən yüksək zirvəsinə çatmışdır. Tarixin müxtəlif mərhələlərində Azərbaycan-Qazaxıstan münasibətlərinin bir-birinə qırılmaz tellərlə bağlanmasını təmin edən, onu daim canlı və etibarlı saxlayan hadisələr az olmamışdır. Ən önəmlisi odur ki, bu münasibətlər yalnız rəsmi səviyyədə qalmaqla məhdudlaşmamış, xalqlarımız arasında bir-birini hiss edəcək ölçüdə və geniş miqyasda yayılmışdır. Hətta, başqa güclərin əsarəti altında olan zamanlarda belə, iki qardaş xalqın yardımlaşma mədəniyyəti başqalarına örnək təşkil etmişdir.

Hər iki xalqın öndə gedən ziyalıları, fikir adamları bu yaxınlığı öz əməli addımları ilə daim canlı tutmağa çalışmışdır. Məsələn, 1911-ci ildə Qazaxıstandan bir qrup ziyalı Bakıya məşhur mesenat Hacı Zeynalabdin Tağıyevlə görüşə gəlmiş, məqsəd Qazaxıstanda çap olunan və ciddi çətinlikləri olan “Qazaxıstan” qəzetinin çapına dəstək istəmək olmuşdur. Məşhur xeyriyyəçi qəzetin çapı üçün lazım olan bütün məsrəfləri ödəmişdir. Bununla bağlı qəzetin saylarının birində qeyd olunur: “Ötən il, 1911-ci il may ayının əvvəlində xalq arasında müzakirələrdən sonra qəbul edilmiş qərara əsasən, “Qazaxıstan” qəzetinin əhəmiyyətli statusunu saxlamaq məqsədilə, biz, iki nəfər Allahın mərhəmətinə güvənərək, Bakıda yaşayan Zeynalabdin Tağıyevin yanına yola düşdük. Bu fikrin boşa çıxacağını söyləyən çox insan var idi. Amma biz inanırdıq ki, niyyətimizin yerinə yetirilməsi üçün dua edənlər də az deyil. Allah bu duaları eşitdi, saf düşüncələrimizi dəstəklədi və Hacı bizim istəyimizi təmin etdi. “Qazaxıstan”a kömək olaraq 1000 rubl verdi. O, bir ata kimi ürəkdən gələn arzularını bildirdi, qazax xalqına müqəddəs Quran kitabının 3 nüsxəsini də hədiyyə etdi. Vidalaşarkən kövrələrək, söylədi: “Məndən bütün qazaxlara salam söyləyin – sərvət mənə deyil, xalqa, millətə məxsusdur” (Приуралье. “Зейнелгабиден Тагиев”. № 154, Четверг, 28 декабря 2017 года.).

H.Z.Tağıyevin son cümləsi onun bu köməyi öz şəxsi yardımı kimi deyil, Azərbaycan xalqı adından etdiyini və hələ o dövrdə xalqlarımız arasında mənəvi bağların nə qədər dərin olduğunu göstərir.

Qafqazda Azərbaycan Xalq Cümhuriyyətinin, Mərkəzi Asiyada Türküstan və Alaş Orda muxtariyyətlərinin qurulduğu 1917-20-ci illərdə mürəkkəb beynəlxalq vəziyyətə və ciddi təhdidlərə baxmayaraq iki xalqın və siyasi liderlərin bir-birinə dəstəyi davam etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin məhdud imkanlar şəraitində Türküstanda diplomatik nümayəndəlik açması və oraya təcrübəli siyasi xadim Ələkbər bəy Sadıqovu təyin etməsi ölkəmizin Mərkəzi Asiyanın qardaş xalqlarına verdiyi önəmin əyani sübutu idi (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, “Lider nəşriyyatı”, 2004, 440 səh., s. 173).

Digər tərəfdən, 1918-ci ilin əvvəllərində Türküstan hökumətinə başçılıq edən Mustafa Çokay hökuməti bolşeviklər tərəfindən dağıdıldıqdan sonra Qafqaza getmiş, Tiflisdə və Bakıda olmuş və Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləmişdir (Шоқай М. Таңдамалы. Т.2. – Алматы: Қайнар, 1999. – 520 б).

Cümhuriyyəti quran liderlərimizin dostluğu və xalqlarımızın müstəqilliyi naminə əməkdaşlığı onların mühacirət həyatında da davam etmişdir. Onlar Avropada “Prometey” təşkilatını təsis etmiş və mühacirətdə bolşevizmə qarşı birgə mücadilə etmişlər.

M.Çokay Parisdə yaşayarkən Azərbaycan mühacirləri M.Ə.Rəsulzadə, Ə.Topçubaşov və C.Hacıbəylı ilə görüşür, birgə mübarizə planları hazırlayır, toplantılar keçirir, fikir mübadiləsi edirdilər. O, 1929-1939-cu illər arasında Avropada çap etdirdiyi “Yaşa Türküstan” jurnalında azərbaycanlı siyasi mühacirlərin məqalələrinə geniş yer verir. Jurnalda yalnız Türküstanın deyil, Sovet imperiyası ərazisində əsarətdə yaşayan bütün türk xalqlarının milli mübarizəsi öz əksini tapır. Jurnalın əsas qayəsi əsarətdə olan xalqları Sovet rejimindən qurtarmaq və türk xalqlarının birliyinə də nail olmaq idi.

1934-cü ildə Parisdə mühacirətdə vəfat edən Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak edən M.Çokay bütün türk xalqlarının adından Azərbaycan xalqının böyük oğluna hörmətini ifadə edərək deyirdi: “Harada yaşamasından asılı olmayaraq, o, öz Vətənini, öz millətini düşünürdü, o, əsl mübariz idi… Biz, Türküstan türkləri, Əlimərdan bəyə ən görkəmli türk dövlət xadimi olaraq hörmət edirik. Əlimərdan bəy kimi insanların gözündə Türküstan türkləri də, Kazan türkləri də, Krım türkləri də öz Azərbaycan türkləri ilə eyni idi” (Приуралье. “Зейнелгабиден Тагиев”. № 154, Четверг, 28 декабря 2017 года).

70 illik sovet rejimi dövründə eyni bir imperiyanın tərkibində yaşamağımıza baxmayaraq, iki qardaş xalqın təmasları mümkün olduğu qədər məhdudlaşdırılmış, onları özgələşdirmək siyasəti yürüdülmüşdür. Bu prosesdə bədnam qonşularımız ermənilərdən aktiv istifadə olunmuşdur. Xüsusilə, ötən əsrin 30-cu illərində qazax xalqına qarşı yürüdülən məqsədyönlü aclıq və soyqırımı siyasətinə erməni əslli şəxslər rəhbərlik etmişdir. Qazaxıstan Kommunist (Bolşevik) Partiyasının birinci katibi olan Levon Mirzoyanın 1 dekabr 1937-ci ildə Ümumittifaq Kommunist Partiyasının Mərkəzi Komitəsinə göndərdiyi “tam məxfi” qrifli “Moskva, ÜK(b)P MK, yoldaş Stalinə” ünvanlı gizli teleqramda qeyd olunur: “Bizə antisovet elementlərin birinci kateqoriya üzrə 8 min, ikinci kateqoriya üzrə də 8 min nəfərinin repressiya edilməsi üçün icazə verilmişdi. Artıq bu limitlər demək olar ki, tükənib – biz dekabrın 10-dək fəal antisovet elementləri təmizləyib onlarla birdəfəlik qurtarmalıyıq. Bu üsyançı, dağıdıcı və casus elementlərdən ibarət iki kateqoriya üzrə biz ləğv etdiyimiz təşkilat və qruplardan müəyyən edilmiş həddən 1600 nəfər artıq adamı ələ keçirmişik. Qalıqların tam olaraq təmizlənməsi üçün biz xahiş edirik ki, bizim əlavə olaraq 1-ci kateqoriya üzrə 600 və 2-ci kateqoriya üzrə 1000 nəfəri repressiya etməyimizə icazə verəsiniz” (“Белсенділер Мирзоянның есімін көше атауынан алып тастауды сұрады”. https://kaz.nur.kz/307971-belsendiler-mirzoyannyn-esimin-koshe-atauynan-alyp-tastaudy-syrady.html).

1926-cı ildə Bakıda təşkil olunan, Qazaxıstandan da dövlət adamlarının, alim və türkoloqların qatıldığı I Türkoloji Qurultayın iştirakçıları da daxil olmaqla, təkcə 1937-38-ci illərdə bu ölkədə yüz minlərlə günahsız insan repressiyaya məruz qalmışdır. Təsadüfi deyil ki, həmin dövrdə Respublikaya məhz 1925-1929-cu illərdə Azərbaycan KP MK-ya də sədrlik edən L.Mirzoyan başçılıq etmişdir. Qazax ədəbiyyatı, elm və mədəniyyətinin görkəmli şəxsiyyətləri, dövlət xadimləri – Əhməd Baytursınlı, Turar Rıskulov, Mıryakup Dulatov, Mağcan Cumabayev, Saken Seyfullin, Şakərim Kudayberdıyev, Beyimbet Maylin, İlyas Cansuqurov, Muxamedcan Tınışpayev, Sultanbek Xocayev, Sancar Asfendiyarov, Uraz Jandosov kimi minlərlə ziyalı güllələnmiş və ya sürgün olunmuşdur. Tarixi sənədlərə əsasən, Qazaxıstana rəhbərlik etdiyi qısa müddətdə bilavasitə L.Mirzoyanın göstərişi əsasında 16 min ziyalı və ictimai fəal şəxsin güllələndiyi məlum olmuşdur.

Oxşar taleyi digər tarixi şəxsiyyətlərimiz də yaşamışdır. Qazaxıstanın böyük dövlət xadimlərindən olan Turar Rıskulov 1921-22-ci illərdə Bakıda işləmiş, RSFSR Millətlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi olmuşdur. Onu 1937-ci ildə, məhz L.Mirzoyanın Qazaxıstana rəhbərlik etdiyi zaman həbs edərək, keçmiş Rusiya imperiyası ərazisindəki türk-tatar xalqlarını Sovet əsarətindən qurtarıb, “Vahid Türk-Tatar Dövləti” qurmaq məqsədi olan gizli təşkilat – “Ümumittifaq Birləşmiş Mərkəz” yaratmaqda ittiham etmiş, 1938-ci il 10 fevral tarixində isə güllələmişdilər. Azərbaycandan bu təşkilatın üzvü kimi professor Bəkir Çobanzadə, professor Əziz Qubaydullin də həbs edilərək güllələnmişdi. T.Rıskulov Türküstanın türk dilli xalqlarının eyni millət olduğunu, tarixən bölündüyünü, ayrı düşdüyü fikrini irəli sürdüyü üçün onu pantürkizmdə günahlandırmışdılar.

Ermənilərin 1918-1920-ci illərdə Azərbaycan paytaxtında və ölkənin müxtəlif bölgələrində Türkiyənin Qars vilayətində, eyni tarixdə, bu hadisələrə paralel şəkildə Orta Asiyada, Türküstanda soyqırımları törətmələri yürüdülən siyasətin bir mərkəzdən idarə olunan, öncədən planlaşdırılmış, məqsədli və sistemli şəkildə həyata keçirildiyini sübut edir. Daşnakların Türküstanda insanlığa qarşı törədilən dəhşətli cinayətləri nəticəsində ümumilikdə 1 milyon 700 mindən artıq özbək, qazax və digər türkdilli əhali məhv edilmişdir (Саламов Ш. Н. Туркестан и Южный Кавказ XIX–XX в.в.: дашнаки от Ферганы до Карабаха. Ташкент. 2015, “Янги аср авлоди”, c. 161. 304 c.)

Ötən əsrin 1930-40-cı illərində Azərbaycandan, o cümlədən indiki Ermənistan və Gürcüstan ərazisindən minlərlə azərbaycanlı ailə Orta Asiyaya sürgün olunmuşdur. Yerli əhali, xüsusilə qazaxlar dili, dini bir olan soydaşlarına qucaq açmış, onların bir çoxunun yenidən həyata tutunmalarına yardım göstərmişdir. Qazaxıstanın paytaxtı Nur-Sultan yaxınlığındakı “Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi” – ALJİR adlanan əsir düşərgəsinə isə azərbaycanlı xanımlar sürgün olunmuşdu. Dövlət himnimizin müəllifi, böyük şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım da daxil olmaqla 44 azərbaycanlı xanım məhz bu düşərgədə sürgün həyatı yaşamışdır. Yerli əhalinin o dövrdə sürgün həyatı sürən xanımlara qazax milli mətbəxinin simvollarından biri olan “kurt” vasitəsilə necə yardım göstərdikləri barədə rəvayətləri indi qazax xalqının qürurla bəhs etdiyi mövzulardan birinə çevrilmişdir.

Müstəqillik əldə etdikdən sonra Qazaxıstanda tarixçilər tərəfindən müstəqil tədqiqatların aparılması, Rusiya Dövlət arxivində bəzi sənədlərin aşkarlanması tarixi həqiqətlərin üzə çıxarılmasına gətirib çıxarmış, qazax xalqının haqlı etirazları nəticəsində ölkənin Almatı, Nur-Sultan, Aktobe kimi böyük şəhərləri daxil olmaqla bir çox yerlərdə L.Mirzoyanın adına olan yerlər və küçələrin adları dəyişdirilmişdir.

Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dərinləşməsində bu ölkədə yaşayan Azərbaycan icmasının da rolu böyükdür. Təsadüfi deyil ki, Qazaxıstanda yaşayan çoxsaylı azərbaycanlıların iki ölkənin münasibətlərində oynaya biləcəyi əhəmiyyətli rolu Nursultan Nazarbayev “İndi Qazaxıstanla Azərbaycanı 150 min körpü bağlayır” sözləri ilə çox yüksək qiymətləndirmişdi.

Bütün bunlara baxmayaraq, Azərbaycan və qazax xalqlarını bir-birindən uzaqlaşdırmağa, yadlaşdırmağa yönəldilən uzunmüddətli və məqsədli siyasət tarixi bağlarımızı qoparmamış, ən çətin məqamlarda bir-birinə dəstəyi davam etdirmişdir. Müstəqilliyə aparan yolda xalqlarımızın və dövlət xadimlərimizin nümayiş etdirdiyi qətiyyətli və cəsarətli mövqe mövcud münasibətlərimizin təməlini formalaşdırmışdır.

Sovet İttifaqının dağılmasına təkan verən hadisələrdən biri olan 20 Yanvar qırğını zamanı böyük qazax ədibi və siyasi xadimi Oljas Süleymenovun Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirməsi, sovet rəhbərliyinin cinayətkar addımına cəsarətlə qarşı çıxması Azərbaycan xalqının yaddaşından silinmir. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərindən etibarən Qazaxıstanın nümayiş etdirdiyi ədalətli mövqe və vasitəçilik cəhdləri onun regional nüfuzuna və imicinə əhəmiyyətli təsir göstərmişdir.

Ümummilli lider Heydər Əliyevin Qazaxıstanın Qurucu Prezidenti Nursultan Nazarbayevlə müstəqillik illərindən xeyli öncə, sovet hakimiyyəti illərindən formalaşan dostluq münasibətləri sonrakı illərdə münasibətlərimizin sağlam əsaslarla inkişafına münbit zəmin hazırlamışdır. Hələ Sovet İttifaqının rəsmən mövcud olduğu dövrdə, 1991-ci ilin 21-23 sentyabrında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana, Bakıya səfər etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində, ölkənin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyini ifadə etmişdir.

Təsadüfi deyil ki, Avrasiya Ali İqtisadi Şurasının zirvə görüşündə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü zamanı irəli sürülən və bu üzvlüyün Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməsi şərtinin müəllifi məhz Nursultan Nazarbayev idi. Onun quruma üzv ölkələrin dövlət başçılarının 29 may 2014-cü il tarixində Moskvada keçirilmiş sammitində Azərbaycan Prezidenti İlham Əliyevin məktubuna əsasən Ermənistanın Avrasiya İqtisadi İttifaqına Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlər çərçivəsində qoşula biləcəyi ilə bağlı məktubunu səsləndirməsi və nümayiş etdirdiyi prinsipial mövqe Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avrasiya İqtisadi Birliyi ölkələrinə ixracının əngəllənməsi yolunda çox mühüm bir addım olmuşdur.

Bu gün qətiyyətlə demək mümkündür ki, Qazaxıstanla sabit diplomatik münasibətlər mövcuddur və Azərbaycan üçün həlledici, prioritet kəsb edən məsələlərdə hər iki ölkə ardıcıl həmrəylik nümayiş etdirmişdir. Hazırda Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməklə kifayətlənmir, ağrılı problemin nizamlanmasında təşəbbüslərlə çıxış etməkdə maraqlı görünür.

Bununla yanaşı, hər iki ölkə beynəlxalq və regional təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir. Bəzi hallarda fərqli siyasi və iqtisadi birliklərdə təmsil olunsalar belə, Azərbaycan və Qazaxıstanın qarşılıqlı dəstəyi nümunəvi xarakter daşıyır.

Azərbaycan və Qazaxıstan həm də türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyasında maraqlı olduqlarını ardıcıl şəkildə və ən ali səviyyədə nümayiş etdirmişdir. Türkdilli dövlətlərin inteqrasiyasına xidmət edən beynəlxalq institutların yaradılmasında da dövlət başçılarımızın müstəsna xidmətləri olmuşdur. Bu il 10 illik yubileyi qeyd edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, bununla bərabər TürkPA, TÜRKSOY kimi təşkilatların məhz Heydər Əliyevin dünyaya göz açdığı Azərbaycanın qədim Naxçıvan torpağında əsasının qoyulması da təsadüfi deyildir. Bu onun türk xalqlarının inteqrasiyası yolundakı xidmətlərinə verilən ali qiymət kimi həm də böyük rəmzi məna daşıyır.

Təsadüfi deyildir ki, türk dünyasının əvəzsiz mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud”un 1300, bu il yubileyini qeyd etdiyimiz böyük sufi-hürufi şair Nəsiminin 1973-cü ildə 600, Məhəmməd Füzulinin isə 500 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi, Azərbaycanın müstəqil türk dövləti kimi bütün dünyada tanınması, türk dövlətləri başçılarının zirvə görüşlərinin təşkili, türk dünyası üçün onlarca taleyüklü məsələnin irəli sürülməsi və müzakirəsində bilavasitə Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Eyni zamanda o, “Manas”ın 1000, Əmir Teymurun 660, böyük qazax şair-filosofu Abayın 150 illik yubileylərinin birlikdə, yaxud Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi üçün şəxsən göstəriş vermişdir.

Onun saymaqla bitməyən xidmətlərini 24 may 2005-ci ildə Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Fondunu ziyarət edən Qazaxıstan Prezidenti də qeyd etmişdi. Ulu öndərin türk dünyası qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək xatirə kitabına qazax dilində öz ürək sözlərini yazmışdı: “Heydər Əliyevin xatirəsi xalqın qəlbində daim yaşayacaq. O, bütün həyatını xalqının rifahına, millətinin dirçəlişinə həsr etdi və ölməzlik qazandı” (Qazaxıstan prezidenti Nursultan Nazarbayev Heydər Əliyev Fondunda olub. https://heydar-aliyev-foundation.org/az/content/view/59/862/Qazax%C4%B1stan-prezidenti-Nursultan-Nazarbayev-Heyd%C9%99r-%C6%8Fliyev-Fondunda-olub).

Qazaxıstan rəhbərliyinin Ulu öndər Heydər Əliyevi fəaliyyətini daim örnək göstərməsi, türkdilli dövlətlərin inteqrasiyasına xidmət edən təşkilatların məhz onun dünyaya göz açdığı əzəli türk, Azərbaycan torpağı olan Naxçıvanda qurulması təşəbbüsü ilə çıxış etməsi Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, Nursultan Nazarbayev Heydər Əliyevin, Azərbaycan xalqının və Azərbaycanın böyük dostu kimi Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ali mükafatı “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur. Mükafatın təqdimetmə mərasimində Prezident İlham Əliyev bu qərarın rəmzi məna daşıdığını bildirmiş, Qazaxıstanın regional məsələlərdə çox böyük rol oynadığını, çoxsaylı uğurlu layihələr barədə təşəbbüs irəli sürdüyünü, həmçinin istər bizim regionda, istərsə də bütün planetdə sülhün möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini qeyd etmişdir: “Öz ölkəniz üçün etdiklərinizə, Azərbaycana münasibətinizə görə Sizi hamı özünə doğma hesab edir, Sizə böyük hörmət bəsləyir. Biz bunu hiss edirik, bilirik, görürük. Azərbaycan xalqı Sizi xüsusən bizim iştirak etmədiyimiz təşkilatlarda Azərbaycanın dəstəklənməsi üzrə fəaliyyətinizə görə yüksək qiymətləndirir” (Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib. https://president.az/articles/23244).

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi kimi problemli məsələdə də 1993-cü ildən bəri Azərbaycanla daha çox həmrəylik nümayiş etdirən məhz Qazaxıstan olmuşdur. Azərbaycan və Qazaxıstan Xəzərin dibinin bölünməsi və bütövlükdə Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılığın əldə olunmasına yönələn prinsiplərin digər sahilyanı dövlətlər tərəfindən də qəbul olunması üçün beştərəfli formatda danışıqlar prosesində də ardıcıl mövqe sərgiləmişdir. Nəhayət, 2018-ci ildə Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında dənizin hüquqi statusunu müəyyənləşdirən konvensiyasının imzalanması, nəqliyyat-kommunikasiya layihələrində yeni imkanların yaradılmasına şərait yaratmışdır.

Bununla yanaşı, 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbi qüvvələrinin təxribatı nəticəsində baş verən hadisələr zamanı Qazaxıstan ictimaiyyətinin sosial şəbəkələr və media üzərindən Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə önə çıxması iki qardaş xalqın bir-birinə sıx tellərlə bağlılığının təbii ifadəsi olmuşdur.

Azərbaycan və Qazaxıstan artıq dünya miqyasında etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Dünyada sülhün və ədalətin təmin olunması, bərabərhüquqlu beynəlxalq münasibətlər sisteminin təmin olunmasında üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirən hər iki ölkəyə qlobal müstəvidə böyük inam və etimad mövcuddur. Azərbaycanın 2012-2013-cü illər, Qazaxıstanın isə 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması qlobal miqyasda ölkələrimizə böyük inamın bariz göstəricisidir. Eyni zamanda bu, dövlət başçılarımızın müəyyənləşdirdiyi beynəlxalq münasibətlərlə bağlı strategiyanın xarici siyasət idarələrimiz tərəfindən peşəkarlıqla həyata keçirildiyinin bariz nümunəsidir.

Ortaq maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıq

Azərbaycanla Qazaxıstanı yuxarıda qeyd edilən etnik-tarixi köklərlə yanaşı, son dövrlərin siyasi münasibətlər sistemini müəyyənləşdirən digər əhəmiyyətli faktorlar da birləşdirir. Hər iki ölkənin bənzər geostrateji mövqeyə, zəngin təbii resurslara malik olması, Şimaldan Cənuba və Şərqdən Qərbə uzanan kommunikasiya yollarının üzərində yerləşmələri kimi amillər buna ciddi təsir göstərir. Bu üstünlüklər Azərbaycan və Qazaxıstana regionun başlıca siyasi aktorları kimi hər hansı bir dövlətin maraqlarına qarşı yönəlməyən, düşünülmüş və balanslaşdırılmış siyasət yürütməyə, regionun inkişafına istiqamət verən layihələri həyata keçirməkdə təşəbbüsü ələ almağa imkan verir.

Azərbaycan və Qazaxıstanın hər ikisinin neft hasilatçısı olmasına, eləcə də iqtisadiyyatın aparıcı qüvvəsinin enerji resursları və karbohidrogenlərin satışının olmasına baxmayaraq, bu ölkələr bir-biri üçün rəqibə çevrilməyib. Əksinə, hər iki ölkənin iqtisadi sistemləri bir-birini tamamlayır və bir-biri üçün yeni imkanlar yaradır. Bu amil Azərbaycan və Qazaxıstanı təkcə yaxşı qonşu kimi deyil, həm də uzunmüddətli tərəfdaş kimi birləşdirir. Ona görə də müstəqillik dövründə Qazaxıstan-Azərbaycan siyasi və iqtisadi əlaqələri uğurla inkişaf etdirilmiş və bu gün ölkələrimiz arasındakı münasibətlər strateji xarakter daşımaqdadır.

Yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinə yeni imkanlar açmışdır. Xəzər dənizinin əks sahillərində yerləşmələrinə baxmayaraq, Azərbaycan və Qazaxıstanın tranzit mövqeyi, yüksək sürətlə formalaşdırılmaqda olan kommunikasiya infrastrukturu Şərq-Qərb nəqliyyat dəhlizində hər iki ölkəyə üstün mövqe qazandırmış, Xəzər bizi ayıran deyil, birləşdirən dənizə çevrilmişdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hələ sovet hakimiyyəti illərində Xəzər dənizinin Qazaxıstan sektorunda yataqların kəşfi və işlənməsi, bu istiqamətdə kadrların hazırlanması və bütövlükdə Qazaxıstanın neft sənayesinin qurulmasında Azərbaycan neftçiləri əhəmiyyətli rol oynamışdır.

Hazırda Qazaxıstan öz neftini ölkəmizin neft kəmərləri, eləcə də dəmir yolu vasitəsilə Azərbaycan üzərindən Avropaya nəql etməkdədir. Bununla yanaşı, hər iki ölkə qarşılıqlı investisiya qoyuluşunda maraqlı tərəf kimi çıxış edir. Xüsusilə, Qazaxıstan geniş potensialı, ərazi imkanları, zəngin yeraltı və yerüstü sərvətləri ilə azərbaycanlı investorlar üçün əlverişli bazar təşkil edir.

Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Çindən Avropaya uzanan tarixi İpək Yolunun canlanması – yeni “Dəmir İpək Yolu”, Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Qazaxıstanda Aktau limanının yenidən qurulması, yeni Kurık limanının açılması ilə Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımaların artmasına, iki ölkənin əlverişli tranzit potensialı və logistika imkanları ilə beynəlxalq iqtisadi münasibətlərdə xüsusi strateji təyinat qazanmasına gətirib çıxarmışdır. Bu strateji mövqe Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələrinin də çoxvektorlu olmasına şərait yaratmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri, artıq istifadədə olan dəmir yolu xətləri iki ölkə üçün Şərq-Qərb vahid dəhlizini formalaşdırmaqdadır. Eyni zamanda Çinin irəli sürdüyü və həyata keçirməyə başladığı “Bir kəmər-bir yol” təşəbbüsü Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın yeni istiqamətləri üçün mühüm perspektiv açmışdır.

Hazırda bütün istiqamətlərdə, o cümlədən mədəni, humanitar, iqtisadi, siyasi sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. 2017-ci illərdə qəbul edilmiş 2018-2020-ci illər üçün ticari-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsinin effektiv tətbiqi artıq öz bəhrəsini verməkdədir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ilə nisbətdə 1,6 dəfə artaraq 220,7 milyon dollara çatmışdır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, yuxarıda sadalanan uğurların təməlində dövlət başçılarımızın, siyasi liderlərin müəyyənləşdirdiyi strateji yol xəritəsi, məqsədyönlü atılan addımlar və yüksək siyasi iradə dayanır. Çünki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Qazaxıstanın müstəqil dövlət kimi formalaşması və inkişafının məsuliyyəti və ağırlığı, ilk növbədə, siyasi liderlərin çiyinlərinə düşmüşdür. Məhz dövlət başçılarımızın müdrik, uzaqgörən siyasəti nəticəsində hər iki respublika beynəlxalq aləmdə müstəqil dövlət kimi mövqelərini gücləndirmişdir.

Beləliklə, Ümummilli lider Heydər Əliyev və Qazaxıstanın Qurucu Prezidenti Nursultan Nazarbayevin əsasını qoyduqları, Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev tərəfindən daha da möhkəmləndirilən dostluq, qardaşlıq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2005-ci ildə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması ilə ölkələrimizin təbii strateji tərəfdaşlığı rəsmiləşmişdir. Türk dünyasının sürətlə inkişaf edərək beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirən iki dövləti bu gün dünya birliyi tərəfindən də etibarlı tərəfdaş kimi qəbul olunmaqdadır.

Rəşad Məmmədov,

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri