“Sizə salam gətirmişəm” mahnısının ifaçısı Huşəng Azəroğlu qəlblərdə yaşayacaq

Güney Azərbyacanın səsi,Türkiyədə “Qızıl kəpənək”  mükafatına layiq görülən, ilk dəfə Türkiyədə” Sizə  Salam gətirmişəm” mahnısını ifa edən Türk dünyasının böyük sənətkarı, ustad Huşəng Azəroğlu 19  iyun 2019-cu  ildə Güney Azərbyacanda vəfat edib.

Qəfil ölüm xəbərindən ustad  sənətkarın səsinin vurğunları sarsıldılar. Mərhum sənətkar sosial şəbəkələrdə ən xoş sözlərlə anıldı.

Huşəng Azəroğlunun son görüntülərini sosial medyada İstanbulda Bengü Türk Tv-nin “Azerbaycan Rüzgarı” verilişinin aparıcısı Səidə Ömər paylaşıb. Səidə Ömər ustad sənətkarla bağlı fikirlərini də bölüşüb:  “Nədənsə uzun müddətdir efirlərdən uzaq durudu. Amma “Azərbaycan rüzgarı”nın çağırışına sevə-sevə gəlirdi.  2018-ci ilin  oktyabr ayında ustad Şəhriyara həsr olunmuş verilişimizin qonağı oldu. Şairlə olan xatirələrini bölüşdü, “Heydər babaya salam” mahnısını özünəməxsus  ifayla oxudu. Son olaraq,  mart ayında Novruz bayramına həsr olunmuş verilişimizdə iştirak etdi. “Gəldi bahar”ı oxudu.

Tanışlığımızın ömrü qısa olsa da,  mərhum sənətkardan bizə xoş xatirələr və bir də əvəzedilməz ifası qaldı. Evində də qonaq olduq.  Şəkillərinə baxdıq, idmançı olduğunu da öyrəndik.

İlk dəfə verilişimizin adını duyanda həvəslə “əgər bir yerdə Azərbaycan rüzigarı əsirsə, Huşəng orda olmalıdır” demişdi. Bu davranışıından da çox sevinmişdim. Çünki sənətkar illər idi ki, heç bir televiziya kanallarında görünmürdü və tədbirlərə qatılmırdı. Amma məni qırmadı gəldi.  Maraqlıdır ki, Novruz bayramı çəkilişindən sonra məndən çəkilişin disklərini,canlı ifaların hamısının görüntüsünü  istəyirdi. Deyirdi, İrandan maraqlanırlar. Onun son canlı ifalarından biri məhz “Qarabağ”mahnısı oldu. İçində, səsində olan yanğı insanın qəlbini titrədirdi. Son zamanlar fəlsəfəyə dair oxuduğu kitablar ifasına da sirayət edirdi sanki”.

Səidə Ömər daha sonra bildirib ki, Ölümü məni də çox sarsıtdı. 10 gün əvvəl  ifa etdiyi canlı  muğamların  videolarını  göndərmişdi. Türk dünyası üçün ifa etdiyi son  ifaları bizə xatirə qaldı. Bu səs zamanla “Azərbaycan rüzgarı”nda səslənəcək. Huşəng Azərğlu sənətini sevən, Türk dünyasına xidmət edən dəyərli sənətkarlardan idi. Onun itkisi Azərbaycan musiqi sənəti üçün böyük  itkidir. O, qəlblərdə yaşayacaq”.