Türk kimliyimizi türk kimi anladan böyük insan və alim

Nizami Cəfərovun 60 yaşı tamam olur, amma mən onu, az qala, 60 ildir ki, tanıyıram və onu tanıyanda da Nizami Cəfərovun 60 yaşı vardı.

Bu il Nizami Cəfərov ili olduğundan (dostlarımızla belə müəyyən eləmişik) onun haqqında məqaləni istənilən ayda yazmaq olar…

Bizdən cəmi 2-3 yaş böyük olan Nizami Cəfərovu ilk dəfə Yasamalda görmüşəm. O zaman aspiranturada oxuyurdu, həm də ADU-da (indiki BDU) dərs deyirdi. Mən tələbə yoldaşlarıma qonaq getmişdim və bir səhər ləngər yeriyən, sanki çiyinlərində ağır yükü qürurla daşıyan bir adamı göstərib dedilər ki, o gedən Nizami Cəfərovdur. Biz onda jurnalistika fakültəsinin birinci kursuna yeni qəbul olunmuşduq, əsgərlikdən gəldiyimizə görə az yaşımız da yox idi.

Qış semestrində Nizami Cəfərov rəhmətlik professor Ziynət Əlizadənin asisenti kimi bizdən imtahan götürdü, ikisi birləşib mənə beş yazdılar və haqqımda xoş söz dedilər.

Nizami Cəfərovun titullarını ona görə yazmıram ki, o, hər məqaləsinin altında sadəcə bir ad yazır: Nizami Cəfərov. Bu o deməkdir ki, onsuz da başqa bir Nizami Cəfərov yoxdur. Düzdü, əvvəllər, yəni ötən əsrin 80-ci illərində (ötən əsrin ha!!!)  “Ədəbiyyat və incəsənət” qəzetində Nizami imzası ilə yazırdı. Sonradan Nizami Gəncəvi ilə qarışıq düşməmək üçün  Nizami Cəfərov imzasına qol qoydu və düz də elədi. Bircə onu deyə bilərəm ki, Nizami Cəfərov ən gənc yaşlarında elmlər doktoru adına və professor tituluna sahib olanlardandır (33-35 yaşlarında). Hətta desəm ki, akademik və millət vəkilidir, yenə də heç nə dəyişən deyil.

Biz ona Qağa deyə müraciət edirik. Bu söz Nizami Cəfərovun doğulub boya-başa çatdığı Qərb zonasının sevimli müraciət formasıdır, böyük qardaş, yaxud ağsaqqal anlamına gəlir.

Dostlar, Nizami Cəfərov elə bir şəxsiyyətdir ki, görə bilməyəcəyi işi boynuna götürməz, bacardığını əsirgəməz. Belə bir xüsusiyyət xalq yazıçımız Anarda da, xalq şairimiz Sabir Rüstəmxanlıda da  var.

Bəzən adam haqqında deyirlər: noolsun vəzifəsi var, amma gölgəsi yoxdur.

Nizami Cəfərov kölgəsi böyük adamlardan və ağaclardandır. Belə insanlara arxalanmaq, kürəyini söykəmək olar.

Bir dəfə kabinetində söhbət edirdik. Tanınmış ağsaqqal yazarlardan biri gəldi. Nizami Cəfərov onunla bir az söhbət edəndən sonra qoluna girdi, qulağına və “cibinə” nəsə pıçıldadı və qayıdandan sonra özünəməxsus təbəssümlə belə dedi: “Görürsən də, bu ağsaqqalla da belə əməkdaşlıq edirik.”

Nizami Cəfərovun zəngin elmi araşdırmaları, onların qiyməti barədə çox söz deyilib, çeşidli məqalələr yazılıb. Ona görə də bu barədə mənim hər hansı bi söz deməyim yerinə düşməz.  Amma onu deyə bilərəm ki, son oxuduğum  “Azərbaycan xalqının tarixi, yaxud tərcümeyi-halı” kitabı bizə türk kimliyimizi doğru-dürüst tanıtmaq baxımından qiymətlidir və hər bir azərbaycan türkünün stolüstü kitabı olmağa layiqdir. Onun bu yığcam əsəri hardan gəlib hara getdiyimizi yığcam və konseptual şəkildə aydın edir.

O, gəncliyindən başlayaraq azərbaycançılıq və türkçülüyü paralel izləyən və işləyən, bu barədə onlarla fundamental əsərlər ortaya qoyan alimdir. O,  ölkəmizin dəyərli fikir adamlarından biri, ictimai-sosial proseslərə məxsusi münasibəti olan şəxsiyyətdir.

Nizami Cəfərov həm də bir alim kimi, Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələri haqqında ürəkaçıqlığı ilə kitablar, məqalələr yazan ədəbiyyat araşdırmaçısdır…

Bayaq dedim ki, Nizami Cəfərovu 60 ildir ki, tanıyıram və onu daha 60 il də tanımaq istəyirəm. Və inanıram ki, illər keçəcək bu ağır taxtalı kişinin qədri, gördüyü işlər  daha aydın bilincək.

Ömrü uzun, canı sağlam olsun!

Elçin Hüseynbəyli

Aprel-may, 2019