Dmitri Xoxlovun rəhbərlik etdiyi V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestrinin iştirakı ilə D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Filarmoniyasının böyük zalında, Dövlət Akademik Xor Kapellası və Ordu Evində təşkil olunan konsertlərdə musiqisevərlər türk dünyası bəstəkarlarının əsərlərindən ibarət möhtəşəm konsert proqramlarını izləyiblər.

Layihənin ideya müəllifi, TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun da iştirak etdiyi konsertlərdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Həsən Rzayev, Vasif Adıgözəlov, Atay Oqombayev, Kalıj Moldobasanov, Mukan Tulebayev, Ahmet Jubanov kimi bəstəkarların əsərləri səsləndirilib. Rusiyalı musiqisevərlər bu bəstəkarların “Koroğlu”, “Yeddi gözəl”, “Məhəbbət əfsanəsi”, “Birjan və Sara”, “Abay” kimi opera və baletlərlə yanaşı, tar, komuz, qaval və kuray kimi türk xalqlarının ənənəvi musiqi alətlərini də dinləmək imkanı əldə ediblər.

Konsertlərdə TÜRKSOY-un dəvət etdiyi sənətçilər – dirijor Ağaverdi Paşayev, tarzən Sahib Paşazadə (Azərbaycan), Faruk Sadıkov, Birdonakhon Matkarimova (Özbəkistan), Duysen Ukimbay (dirijor, Qazaxıstan), Cihan Yurtçu (Türkiyə), Sayan İsin, Aygerim Muhtardin (Qırğızıstan), Ramil Qayzullin (Başqırdıstan) və başqaları iştirak ediblər.

Türk dünyasının mədəniyyət ustaları ilə Rusiyanın məşhur orkestrinin birgə konserti böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

Sankt-Peterburq Filarmoniyasında düzənlənən konsert bitdikdən sonra səhnəyə çıxan TÜRKSOY-un Baş katibi Düsen Kaseinov sənətçilərə təşəkkürünü bildirib. Baş katib orkestrin rəhbəri Dmitri Xoxlova TÜRKSOY-un 25 illiyi münasibətilə hazırlanan xatirə medalını təqdim edib. Digər sənətçilərə isə TÜRKSOY-un “Mukan Tolebayev” medalı və sertifikatlar təqdim olunub.

M. Sultanova