Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Türkiyənin məşhur el sənətkarının 125-ci ildönümü ilə bağlı elan etdiyi “Aşıq Veysəl 2019” xatirə ilinin Ankarada keçirilən açılış mərasimi və konsert proqramı barədə məlumat vermişdik. Konsertdə Azərbaycan sənətçiləri də iştirak edib.

Ankaradan sonra “Aşıq Veysəl ili” çərçivəsində sənətkarın doğma yurdu Sivasda, həmçinin Bayburt şəhərində anma mərasimləri və konsertlər təşkil olunub. Tədbirlərdə Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı da iştirak edib.

Bayburt Universitetində keçirilən tədbirdə Bayburt valisi Əli Həmzə Pəhlivan, universitetin rektoru, professor Səlçuk Coşkun və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış ediblər.

Aşıq Veysəl yaradıcılığının Türkiyədə hər zaman sevildiyini diqqətə çatdıran vali onun həyat və fəaliyyətinə göstərilən diqqətə görə TÜRKSOY rəhbərliyinə təşəkkür edib.

TÜRKSOY-un həyata keçirdiyi mədəniyyət layihələrinin əhəmiyyətini yüksək dəyərləndirən Səlçuk Coşkun bildirib ki, “Aşıq Veysəl ili” sayəsində böyük el sənətkarı türk dünyasında daha geniş tanınacaq. 

Elçin Qafarlı çıxışında diqqətə çatdırıb ki, TÜRKSOY Nazirlər Şurasının ötən il Kastamonuda keçirilən 36-cı iclasında 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi və Türkiyənin məşhur el sənətkarı Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü şərəfinə xatirə ili elan edilib. TÜRKSOY-un həyata keçirdiyi layihələrin türk dünyasının mədəni inteqrasiyasında böyük təsirə malik olduğunu qeyd edən natiq söyləyib ki, Azərbaycan təşkilatın fəaliyyətində hər zaman təşəbbüskar və aktiv rol oynayır.

Tədbir çərçivəsində Aşıq Veysəl yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.

Sonra iştirakçılar Bayburtda yerləşən Dədə Qorqud məzar-məqbərəsini ziyarət ediblər. Elçin Qafarlı Azərbaycanda Dədə Qorquda göstərilən ehtiram barədə ziyarətçilərə məlumat verərək qeyd edib ki, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi UNESCO səviyyəsində, eləcə də türkdilli ölkələrin iştirakı ilə Bakıda geniş qeyd olunub. Bundan əlavə, 2015-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un şərqşünas, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcüməsi və Avropaya tanıdılmasının 200 illiyi UNESCO-da qeyd  edilib.

Mehparə Sultanova
Ankara