Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən xatirə ili elan edilmiş böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümü və Türkiyənin görkəmli el sənətkarı Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü münasibətilə  aprelin 5-də Şimali Kiprin Sosial Elmlər Universitetində (SEU) anma mərasimi təşkil edilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və SEU tərəfindən təşkil olunan mərasim rəsmi hissə, panel və bədii proqramdan ibarət olub.

Rəsmi hissədə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və SEU-nun rektoru, professor Mustafa Tümerin çıxışları dinlənilib.

Çıxışlarda TÜRKSOY tərəfindən 2019-cu ilin Türk dünyasında “Nəsimi ili” və “Aşıq Veysəl ili” elan olunmasının əhəmiyyətindən danışılıb.

Aşıq Veysəlin nəvəsi Gündüz Şatıroğlu babasının şəxsiyyətinə göstərilən ehtirama görə səmimi minnətdarlığını ifadə edib.

Toplantının panel hissəsində professorlar İlqar İmamverdiyev, Umay Türkeş və başqaları İmadəddin Nəsiminin və Aşıq Veysəlin həyat və yaradıcılıqları barədə, onların yaradıcılıq nümunələrinin türkdilli xalqların poeziya və xalq musiqisinin inkişafında rolundan danışıblar.

Bədii hissədə Haşim Aslıhaq və İsmayıl Narın sazda ifaları alqışlarla qarşılanıb.

* * *

Eyni zamanda Şimali Kiprin Girne Amerika Universiteti və TÜRKSOY-un təşkilatçılığı ilə Türk dünyasının böyük mütəfəkkiri Yusuf Has Hacib Balasaqunlu anılıb.

Xatırladaq ki, TÜRKSOY 2016-cı ili Yusuf Has Hacib Balasaqunlunun 1000 illik yubileyi şərəfinə xatirə ili elan etmiş, bununla bağlı müxtəlif tədbirlər keçirilmişdi.

Girne Amerika Universitetində təşkil olunan “Yusuf Has Hacibin Türk mədəniyyətində yansımaları” mövzusunda paneldə rektor Kutsal Öztürk və TÜRKSOY-un baş katibi Düsen Kaseinov açılış nitqi söyləyiblər.

Panelin moderatoru – universitet rektorunun müşaviri və türk xalq bilimi mütəxəssisi, professor Umay Türkeş böyük mütəfəkkirin “Kutadqu bilik” əsərinin əhəmiyyətindən bəhs edib: “Bəzi fəaliyyətlər, insanlığa xidmət fövqəladə şəkildə əbədi ola bilər. Əsrlər keçsə də, onların dəyəri bilinir və bəşəriyyətə töhfə verməkdə davam edir. “Kutadqu biliy”in ən diqqətə çarpan xüsusiyyətlərindən biri bütün Türk dünyasının ortaq əsəri olmasıdır”.

Tədbirdə Umay Türkeş TÜRKSOY tərəfindən Türk dünyası elm həyatına verdiyi töhfələrə görə mütəfəkkir və şair Yusuf Has Hacibin doğumunun 1000-ci ilinə həsr edilən xatirə medalı ilə mükafatlandırılıb.

M.Sultanova
Ankara