Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı, Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Namik Kamal Zeybək, sənət, ədəbiyyat dünyasının təmsilçiləri iştirak edirdi.

Açılış nitqi ilə çıxış edən Düsen Kaseinov bu tədbir vasitəsilə Yəhya Akenginin yaradıcılığı ilə daha yaxından tanış olacaqlarını bildirdi: “Yəhya Akengin şeir və ədəbiyyat sahəsində 50 ildən çoxdur ki, aktiv şəkildə çalışmaqdadır və dəyərli əsərlər yazıb”.

Səfir Abzal Saparbekulı çıxışında qeyd etdi ki, Türk dünyasına könül vermiş Yəhya Akengin Qazaxıstan və Türkiyə arasında qardaşlıq əlaqələrinin inkişafında, Muhtar Sahanov, Oljas Süleymenov, Nurlan Orazalin kimi qazax şair və yazıçılarının Türk dünyasında tanınmasında böyük rol oynayıb.

Namik Kamal Zeybək ədibin yaradıcılığının ayrı-ayrı istiqamətlərindən, əsərlərinin Türk dünyası ədəbiyyatının inkişafında rolundan danışdı. O, Akenginin bədii üslubuna toxunaraq, “Romanları şeir kimi, şeirləri isə roman kimi” dedi.

Tədbirdə çıxış edən şair və yazıcılar da Akenginin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər.

Düsen Kaseinov ədibi TÜRKSOY-un “Çingiz Aytmatov” xatirə medalı ilə təltif etdi. Digər iştirakçılara sertifikatlar təqdim olundu.

Sonda Yəhya Akengin çıxış edərək ona göstərilən diqqətə görə təşəkkürünü bildirdi, “Bir samovar məhəbbət” kitabını oxucularına təqdim etdi.

Mehparə Sultanova
Ankara