İlham Əliyev: Bizim yolumuz şərəfli yoldur

Spread the love

Müasir Azərbaycan tarixində ümummilli lider Heydər Əliyevin adı qurucu lider olaraq keçir. O, müstəqil dövləti qurmaq missiyasına  “Öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlamışdı. Azərbaycanın müstəqilliyi Tanrının xalqımızın gələcəyinə verdiyi bir şans, istək və arzularına açdığı yol idi. Azərbaycan xalqı əsrlər boyu bir-birindən ağır tarixi sınaqlardan keçib və öz müqəddəratını şərəflə həll edib.  Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində  İlham Əliyevin şəxsində öz yeni Prezidentini ­– yeni liderini seçəndə də, o səviyyədə mübarizlik göstərdi.

İlk mərhələdə Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu.

Ikinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ideoloji ənənə və dövlətçilik təcrübəsini dağılmağa, müstəqilliyi naməlum talenin oyunları ilə üz-üzə qalmağa qoymadı. Bu, müasir Azərbaycanda siyasi varislik ənənəsinin nə qədər ehtiyac duyulan həyati məsələ olduğuna mükəmməl sübut idi…

Müstəqilliyinin ilk illərindən Azərbaycan  bugünün  və sabahının üç ana prinsipini, ideya istiqamətini müəyyənləşdirib:

Azərbaycançılıq, Millilik, Demokratizm!

Xalqın lideri Prezidentliyi dövründə dövlətçiliyə yaradıcı münasibətini bu prinsiplər üzərində qərarlaşdıraraq bütöv bir nəslin tərbiyəsini və effektli təcrübə toplamasını reallaşdırdı. Büyük irs və zəngin ənənəli siyasi məktəb yaratdı.

Azərbaycançılıq prinsipi milli dövlətçilik ideologiyasının mərkəzi qollarındandır. Özünütanımada ilkin məqsədlərdən biri kimi, ana dilinin hüquqlarının qorunması, inkişaf etdirilməsi, gələcək nəsillərə sağlam formada ötürülməsi azərbaycançılığın özəyində dayanan amillərdən hesab olunur. Öndər Heydər Əliyev “Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz” kəlamını söylərkən millətə öz mənəvi xəzinəsi ilə fəxr etməyi öyrədir və tövsiyə edirdi. Doğma dilin əsrlərin burulğanında itirilməməsinə, bu günədək yaşamasına (və gözəlliyini saxlamasına) görə gənc nəsildə əcdadlarımıza qarşı minnətdarlıq hissi aşılayırdı.

20013-cü ildə İlham Əliyevin hakimiyyət estafetini qəbul etməsi ilə Azərbaycançılıq ideologiyasının təkamülü  yeni mərhələyə qədəm qoydu və müstəqilliyin tarixi-mənəvi tələblərindən biri olaraq dünyanın müxtəlif yerlərində (həm də xaricdəki öz tarixi torpaqlarında) yaşayıb fəaliyyət göstərən azərbaycanlıların bu ideya ətrafında daha sıx və eyni səmimiyyətlə birləşməsi baş verdi.

Vaxtilə Prezident Heydər Əliyev  Azərbaycan insanına üz tutaraq “hər bir azərbaycanlı milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq” – deyərkən  bütöv xalqın – azərbaycanlı super-etnosun harada və hansı vəziyyətdə olmasını, şəraiti fərqləndirmədən, ümumilikdə onlarda milli duyğuların canlanması işinə bir iradəlilik, sürət impulsu verirdi.

Müstəqillik dövrünün tarixi proseslərinin ictimai xarakteri onu göstərir ki, əgər Azərbaycanda Heydər Əliyevin dövlətçiliyə xilaskar baxışları, siyasi hadisələrə müdaxilələri olmasaydı və İlham Əliyev Azərbaycanın rəhbərliyinə gəlməsəydi müstəqilliyi hələ bərkiməyən ölkənin və dünya azərbaycanlılarının taleyi barədə şübhələr hökm sürərdi.

Və İlham Əliyev hakimiyyətə gəlişiylə Azərbaycançılıq kimi böyük  ideologiyaya yeni bir dinamizm, yeni bir ruh gətirdi. Bu ideologiya dövlətçilikdə özünü doğruldan bir ideoloji model olaraq möhkəmləndi. Dilin, mədəniyyətin, adət-ənənələrin, xalqın şərəfli tarixinin elmi cəhətdən araşdırılması, öyrənilməsi prosesi gücləndi. Vətəndaşların və dünya azərbaycanlılarının həmrəylik istəyi, mütəşəkkilləşmək barədə duyğuları gerçəkləşdi. Azərbaycan Prezidenti dövlətin inkişafı müqabilində maddi-mənəvi imkanlardan istifadə edərək dünya azərbaycanlılarının normal səviyyədə bəhrələnməsinə imkan yaratmağı, onların milli və vətəndaş hüquqlarının qorunması yolunda səyləri gücləndirməyi çağdaş dövr üçün vacib amillərdən sayır.

Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna, maraqlarına uyğun siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Bu keyfiyyət bütövlükdə ümumtürk ruhunun tərbiyəsindən gələn bir xarakterdir. Türk ruhumuzun siyasi, milli, əxlaqi, mədəni dəyərləri çoxəsrlik tarixi sınaqlardan alnıaçıq çıxıb. Millətin yaşam proseslərinə qiymət verərkən, təbii ki, türk dünyasının, türk xalqlarının zaman-zaman özəlliklərini saxlayaraq hərtərəfli inkişaf meyllərinə tapınmasından dövlətin də, Prezidentin də, vətəndaşların da bugünkü qürur sissi böyük olmalıdır.

Öndər Heydər Əliyev “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” tövsiyəsini bütün türk insanlarına ünvanlamaqla çağdaş həyat üçün əsil milli əqidənin nədən ibarət olduğunu anladırdı. Bu ibrətli tövsiyə üzərində xalqımızın dünyəvi həyat kredosu sayılan milli-mənəvi xüsusiyyətlər  bu gün daha əzimlə müdafiə olunmaqdadır. Əsrlərin ziddiyyətli olaylarından, maneələrdən salamat qurtulmuş milli, dini dözümlülük, tolerantlıq  dövlətimizin və onun rəhbərinin, bütün sağlam qüvvələrin təqdir etdiyi xüsusiyyətlərdir. Prezident İlham Əliyevin bu kontekstdə millətin dininə münasibəti belədir: “Biz çox təəssüf edirik ki, dünyanın bəzi dairələrində islamı terrorla eyniləşdirmək istəyirlər. Biz bu cəhdləri pisləyirik. Müsəlman ölkələri tarixdə bir neçə dəfə terrorun qurbanına çevrilmişlər. O cümlədən Azərbaycan dəfələrlə erməni terror təşkilatlarının törətdikləri terror aktlarına məruz qalmışdır. Bu cəhdlər uğursuzluğa məhkumdur. İslam sülh, qardaşlıq, dözümlülük, tolerantlıq dinidir”.

Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm birləşmiş özüldür. O, milli-mənəvi, ideoloji dəyərlərimizin hamısında, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini yalnız və yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır.

Dövlət siyasətinə görə, gənclərimizin idman hərəkatına qoşulmasının həyat üçün müsbət məziyyətləri çoxdur. Təbii ki, fiziki hazırlıq həm müharibə şəraitində olan ölkənin vəziyyəti üçün vacibdir, həm də cəmiyyətin mənəvi-ruhi sağlamlığını, yeni nəsillər arasında narkomaniyanın yayılmasına qarşı mənəvi mübarzəni şərtləndirir. Ölkəmizdə müasir idman siyasəti fiziki hazırlıq çərçivəsini genişləndirərək mənəvi təbiətin güclənməsi anlamına keçmişdir və ictimai, ideoloji əhəmiyyətini ilbəil getdikcə artırır.

Ictimai, idraki və iqtisadi dünya duyumunda bərabər tərəf kimi özünə yer almış millilik və müasirlik  məsələsi ictimai, mənəvi keyfiyyət olaraq İlham Əliyev siyasətinin daimi prioritetlərindəndir. Dövlətin və insanın inkişafında həyatın əsl nəbzini görüb duymaq, obyektiv nəticə çıxarmaq  qlobal-milli əhəmiyyətli problemlərin açarı da elə bundadır. Bu və ya digər mənalarda,   millətimizin 2003-dən başlayan seçimləri tarixi nailiyyət statusu qazanıb və öz öndəri Heydər Əliyev ideyalarına sədaqətinin təcəssümü olaraq həyata vəsiqə alıbdır.

Əminliklə deyə bilərik ki, ölkədə sosial, siyasi, ictimai ehtirasların təbii şəkildə soyumasının davamınca dirçəliş epoxasını yaşadıq və yeni inkişaf mərhələsinin şahidi olduq. Millət üçün zəruri odur ki, İlham Əliyev insanlarımızın ürəyində Heydər-Xalq birliyinin qarşılığında özünün milli, Vətənçi, demokratik, humanist, prinsipial obrazını artıq formalaşdırıbdır.

Demokratizm amili dövlətçilikdə birincilərdən olmaq şərtilə, dünya üçün xüsusilə əhəmiyyət daşıyan anlayışdır. 1993-cü ilin ortalarından başlayaraq ölkədə bütün demokratik prinsiplər bərqərar edilmiş, insan hüquq və azadlıqlarına, siyasi plüralizmə geniş imkanlar açan qanunvericilik bazası yaradılmışdır. Bunu tez bir zamanda, həm də Qərbin onilliklərlə ölçülən demokratiya təcrübəsinin səviyyəsində reallaşdırmaq artıq fövqəladə bir güc deməkdir. Dövlətin rifahı və onun mövqeyinin beynəlxalq arenada qəbul olunması da elə bu problemin həllindən asılıdır.

Demokratik dəyərlərin, ümumi normaların əlamətləri dünya praktikasında real nəticələrilə yaxşı məlumdur. Belə nəticələr Azərbaycanın həm siyasətində, yəni idarə olunmasında, həm də sosial, hüquqi həyatında bir sıra islahatların aparılması, yeni təsisatların yaradılması ilə möhkəm şəkildə bağlıdır. Digər tərəfdən, siyasi plüralizm, mətbuat və söz azadlığı, insan hüquqları da üzvü surətdə demokratik dövlətin özəlliklərini və ölkədəki ictimai-siyasi ab-havanın demokratizmini şərtləndirir.

Indi əsas məsələ odur ki, təqdim olunan, gerçəkləşdirilən demokratik şəraitdən, ümdəsi isə dövlət başçısı İlham Əliyevin kifayət qədər aydın demokratizmindən xalqın, ölkənin imicinin yüksəlməsi üçün səmərəli istifadə edilsin. Millətimizin daxili potensialı, ictimai düşüncəsi ona imkan verir ki, Azərbaycan demokratizmi heç də digər ölkələrin demokratizmindən geri qalmasın.

XX yüzilin böyük mütəfəkkir qurucusu Heydər Əliyev bütün vətəndaşlara, o cümlədən müxalifətə açıq siyasi fəaliyyət və özünütəbliğ üçün təhlükəsiz şərait yaratmışdır. Amma təəssüf ki, müxalifətin bir hissəsi – radikal qolu dövlətçiliyi parçalamaq üsulunu seçdiyi üçün xırda mənsəb iddiaları, qeyri-mədəni, qeyri-sivil hərəkətləri ilə cəmiyyətdə özünə qarşı ikrah doğururdu.

Prezident İlham Əliyev bu gün eyni demokratizmi davam etdirərkən (və yüksəldərkən), sağlam, eyni zamanda, gənc intellektual düşüncənin, qabiliyyətin, milli təəssübkeşliyin yolunu fəal surətdə açıq elan edir. O, müxalifətlə münasibətdə nümayiş etdirdiyi humanizm, demokratik, milli, mədəni, əxlaqi səviyyə ilə Azərbaycanın maraqlarını hər şeydən üstün tutduğunu dəfələrlə açıqlamış, avantürist meyillərə əsaslanan müxalif qüvvələri millətin sabahı naminə düzgün yol tutmağa, səmərəli fəaliyyət göstərməyə, iqtidarla dialoqa dəvət edibdir.

Prezident İlham Əliyev siyasətinin gücü ondadır ki, daxili dəstəkdən məhrum olan qüvvələrin iradları üçün siyasətində əl yeri belə saxlamır. Beləliklə, biz qeyri-obyektiv müxalifətin öz-özünü siyasi meydandan çıxmasının, iflasa uğrayıb haqqa tapınmasının təbii bir prosesə çevrildiyini də gördük. Və bu siyasi istedad həm də dövlət maraqlarından kənar iddiaların xalqın maraq dairəsindən çox-çox uzaq olduğunu sübut etdi. Мillət özü də yaxşı anlayır ki, hakimiyyətə can atmaq məqsədi ilə hər hansı qüvvənin, nəyin bahasına olursa-olsun, ölkədə sabitliyi pozmaq cəhdləri ümumilikdə cəmiyyətin həyat ritminin pozulmasına gətirib çıxara bilər. İndi isə geri yox, irəli getməyin vaxtıdır. Zəkanı, biliyi, Vətən təəssübkeşliyi hissini millətin gələcəyi yolunda sərf etmək məqamıdır.

İlham Əliyevin siyasi portretini onun fərdi obrazının əlamətdar ştrixləri tamamlayır. Və özəllik ondadır ki, həmin cizgilərin genetik qaynaqları Azərbaycan xalqının özünüdərkində əvəzsiz rolu olmuş bir Öndərin ömür təcrübəsi ilə formalaşıbdır.

Ləyaqətlilik – xalqına da, beynəlxalq aləmə də, dosta, düşmənə də münasibətdə, onun siyasətini sevənlə də, qarşı olaraq mübarizə aparanla da davranışda bu xüsusiyyət  böyük bir təmkinlə müşahidə olunur. Və onun ləyaqətlilik hissi əsas etibarilə, Prezident seçkiləri öncəsi xalq kütlələri ilə təmaslarda, müxtəlif məsələlərə münasibətlərdə milli nəbzin daşıyıcısı kimi  daha aydın təzahür edibdir. Bu, siyasi vəziyyətə, yerli problemlərə, hətta sabitliyi gözü götürməyənlərə münasibətlərdə bir əxlaq nümunəsidir. Halbuki İlham Əliyev xalqın Heydər Əliyevə məhəbbətindən istifadə edərək  seçimlərdə  üstünlüklərinə arxayın yanaşıb yenə də uğurlar qazana bilərdi. Amma İlham Əliyev xalqın öz liderinə – Heydər Əliyevə bəslədiyi məhəbbətə şəxsi ləyaqəti və sevgisi ilə cavab verdi.

Humanistlik – bu, insanlığa məhəbbətdən irəli gələn bir keyfiyyətdir. Prezident İlham Əliyev bilir ki, insanları sevmək, onlara xeyirxahlıq, mənəvi-ruhi, hüquqi, sosial baxımdan problemlərinin həllində doğmalıq göstərmək, dayaq durmaq – ən layiqli (və sevimli) rəhbər olmaqdır. Belə yanaşmanı ondan umanların hamısı, suçu əvəzində münasib cəzaya layiq olanlar da, intellektual cəmiyyət də, hətta müxalifət də görür. O, bağışlamağı bacarır, özü də ağır günah işlətmişləri belə – müəyyən dərəcəli ciddi səhvlərə yol vermiş vətəndaşlara həyat haqqında yenidən düşünməyə, özünütərbiyəyə şansı verir.

Vətənpərvərlik – hələ millət vəkili olaraq Avropa Şurasında nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti onun haqqında bu imici yaratmışdı. İlham Əliyev dünyanı bir həqiqətə inandırmağa çalışır ki, Ermənistan terrorçu dövlətdir. Ermənistan zəbt etdiyi  Dağlıq Qarabağ ərazisindən terrorçuluq, narkotik maddələrin tranziti və biznesi məqsədilə istifadə edir. Bu isə təkcə Azərbaycan, Cənubi  Qafqaz üçün deyil, bütün dünyaya təhlükə deməkdir. İlham Əliyev Avropa Şurası kimi mötəbər qurumun üzvü olan ölkələrin hamısına üz tutaraq bu suallara cavab istəmişdir: “Ermənistan Avropa Şurasının üzvü ola-ola beynəlxalq hüququn normalarına məhəl qoymaya bilərmi? Ermənistan Avropa Şurasının üzvü ola-ola digər AŞ üzvünün ərazilərini on ildən artıq bir müddətdə işğal altında saxlaya bilərmi? Ermənistan on ildən artıq müddətdə digər AŞ üzvünün qaçqın və küçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının insan haqlarını açıq-aydın poza bilərmi?”

Beynəlxalq aləm bilir ki, millət, torpaq barədə, Vətənimizin işğalçı Ermənistan tərəfindən zəbt olunmuş 20 faiz ərazisinin azadlığı məsələsində Prezidentin düşüncələri sərtdir və o bu məsələdə haqlıdır. Ancaq, eyni zamanda, bəllidir ki, İlham Əliyev də atası kimi, ilk öncə, sülhə daha çox üstünlük verir. Həm də bəyan edir ki, məcburiyyət qarşısında qalanda heç sülh danışıqları da yeganə vasitə deyil.

Qayğıkeşlik – zamanında on il deputat seçildiyi ərazi onun himayədarlığını kifayət qədər hiss etmişdir. İlham Əliyev bəlkə də onları nəinki mənəvi-sosial sıxıntılarla üz-üzə qoymamış, daim seçiciləri ilə müntəzəm görüşlər keçirərək ümumi əhval-ruhiyyənin yüksəkliyinə nail olmağa çalışıbdır. Çadır düşərgələrində yaşayan qaçqınların və məcburi küçkünlərin məişət, sığınacaq, güzəran qayğıları da İlham Əliyevin nigarançılığına səbəb olan məsələlərdən olub. Bu zavallı insanların yaşam tərzinin yüngülləşdirilməsi, normal səviyyədə istiliyi, işığı olan ev-eşiklə təminatı onun can yanğısı ilə əhatələnibdir. O, həmişə ölkədə baş verən təbii fəlakətlər zamanı zərərçəkmiş insanların iztirablarını aradan qaldırmağı, onlara maddi-mənəvi cəhətdən dayaq durmağı, acılarını, çətinliklərini şəxsən həll etməyi özünə mənəvi borc bilibdir.

Səmimilik – İlham Əliyev rəsmi və ictimaiyyətlə görüşlərində siyasətçiləri, müxtəlif zümrədən olan insanları nəzakətlə, sayğı ilə dinləməyi, məsələyə aydın münasibət bildirməyi ilə tərəf müqabillərini özü haqqında səmimi düşünməyə vadar edir. O, dialoq zamanı həmsöhbətini özünün təbii səmimiyyətinə və obyektivliyinə inandırır. Mətbuat nümayəndələri ilə təmaslarda da sadə və konkretdir. Müxtəlifyönlü, hətta qərəzli suallara cavablarında, eləcə də mövqeyinin düzgünlüyünü sübuta yetirərkən belə dəlilləri həmişə qaneedicidir.

Dövlət xadiminin xalq içərisində və siyasi mühitdə nüfuzunun müəyyənləşməsində bu və ya başqa keyfiyyət amillərinin rolu olduqca çoxdur. Və bu cəhətlər şəxsiyyətin daimi liderliyə doğru yüksəlişinə böyük təminatdır.

Müasir dövrdə İlham Əliyev liderlik yolunda cəmiyyəti də özü ilə birlikdə ucaltmağa qadir olan yeganə dövlət adamıdır. Insanların yaxşı məlumatı var ki, o, atasının quruculuq illərində hansı vəzifə daşımasına baxmayaraq, dövlət müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində və ölkəmizin dünya birliyinə daxil olmasında, Avropanın bir üzvü kimi tanınmasında gəncliyin lideri qismində kifayət qədər bilik, bacarıq, qüvvə sərf etmiş, mübarizlik göstərmişdir. İlham Əliyevin böyük siyasətdə bəlli uğurları sübuta yetirdi ki, daxili, iqtisadi, xarici siyasətimizin – diplomatiya məktəbimizin gənclik potensialı çox güclüdür.

İlham Əliyevin Prezident seçimlərində böyük səsçoxluğu qazanması millətin iradəsinin ifadəsidir. Daha doğrusu, xalqın öz lideri Heydər Əliyevin ideya və prinsipləri ilə yaşamağa duyduğu milli-mənəvi ehtiyacdır. Ən önəmlisi odur ki, Azərbaycanın azadlıq ruhu, dövlətçilik sisteminin təməlləri etibarlı vəziyyətdə qorunub inkişaf etsin.

Dövlət başçısının Azərbaycan ictimaiyyəti arasında dəyərləndirilən səmərəli işini, siyasi fəaliyyətini şərtləndirən bir neçə xarakterik cəhəti də qeyd etmək yerinə düşər.

İşə ciddi münаsibət, proseslərin, ətraf və iç hadisələrin tənasüblərini real, aydın şəkildə görmək; dinamik düşüncədən irəli gələn analitizm.

Prezident İlham Əliyevin siyasətinin qüdrəti ondadır ki, müasir və çevik texnologiyalardan istifadəni millətin özünün tarixi-ənənəvi düşüncə tərzinə, ovqatına gətirməyə üstünlük verir. Dünyada elə modern baxışlı siyasətçilər olur ki, düşüncəsindəki süniliyə görə xalq onları qəbul etmir, fikirləri də elə süni nəzəriyyə olaraq qalır. İlham Əliyevin üstünlüyü ondadır ki, ciddiliklə səmimiyyəti, keçmiş ənənə ilə müasirliyi birləşdirə bilir.

İlham Əliyevin iqtisadi düşüncəsinin səciyyəsi də dünya praktikasına, ümumi inkişaf harmoniyasına uyğun və millətin sabahına bağlı bir məsələdir. O, bütün təsərrüfat sistemini, iqtisadi münasibətləri dərindən bilir və bu sahədə Azərbaycanın yerini, vəziyyətini düzgün müəyyənləşdirir. Öz fəaliyyəti ilə, konkret real işlə irəliləyişi vətəndaşların gün-güzəranında hiss etdirməklə, xalqın etimadını doğrultmaq niyyətində olan Prezident iqtisadi tərəqqinin gerçək nəticəsini almaq üçün qəti qərarlar qəbul edibdir.

Azadlıq, InkişafMəsuliyyət  İlham Əliyev siyasətinin əsas xarakteridir. Bu xarakterdə qeyri-səmimiliyə, təşəbbüssüzlüyə, tənbəlliyə qarşı barışmaz münasibət var.

Ölkəni irəli aparmaq üçün əsas şərtlər, normal baza artıq mövcuddur. Ən mühümü isə odur ki, Prezidentlə xalqın həmrəyliyini hamı görür və hiss edir. O, bu etimadı öz demokratik, vətənpərvər və milli düşüncəsi ilə qazanmışdır!

Əlbəttə, İlham Əliyevin mükəmməl alt yapı üzərində formalaşmış liderlik xüsusiyyəti nüfuzunun ilk konturlarını xalq arasında müyyənləşdirdikdən sonra məhz Avropada və Türk dünyasında özəl dünyəvi xarakter alııbdır. Azərbaycan Prezidenti ölkəsi, vətəndaşları, milli-mədəni irsi haqqında dünyanın tərkib hissəsi olan potensial sivilizasiyalı, intellektual cəmiyyət, fəxarətli keçmişə malik bir xalq, məkan kimi düşünür. O, müasir dünyanın dinamikasının avanqard modellərini Vətəninə gətirmək istəyən və bunu bacaran siyasətçidir.

Prezident İlham Əliyev vətənpərvər, dünyəvi təfəkkürü ilə, Azərbaycanı yüksək mədəniyyətli, mənəviyyatlı diyara çevirmək yolundadır. Dünya tarixində millətlər zəngin nemətləri ilə yox, məhz böyük mədəniyyətləri ilə tanınırlar. Bu gün Azərbaycanda yürüdülən siyasətin milli mahiyyəti və professionallığı, çevikliyi  milli-mənəvi potensial üzərində inkişaf qurmada təzahür edir. Heydər Əliyevin bizə qoyub getdiyi zəngin irs, formalaşdırdığı böyük dövlətçilik ideologiyası elə bir bütöv kompleksdir ki, imkanlar reallaşdıqca onun tərkib hissələri, məziyyətləri də tədricən artır.

İlham Əliyev bizim liderimizdir. Müstəqilliyimizin ilk illərinin xaotik çağlarında, islahatlar dövründə yetişmiş, öz milli-mənəvi, elmi səviyyəsini, qabiliyyətini göstərməyə o vaxtlar imkan tapmayan, intellektual ziyalı elektoratın, sadə insanların, erməni təcavüzündən əziyyət çəkmiş minlərlə vətəndaşın, ümumiyyətlə, dünya azərbaycanlılarının düşüncəsində onun liderliyi şəksiz qəbul olunur. İlham Əliyev Azərbaycanı yüksəltməklə, şübhəsiz, bütün azərbaycanlıların Prezidenti ola bilibdir.

Prezidentin hələ ilk andiçmə mərasimindəki nitqindən bu tezisi Azərbaycanın sonrası üçün bu gün real ifadəsini tapmış əsas amallardandır: “Mən bu gün yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə üzümü tutub deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

Bu amal, irsə sədaqət, bu vəd təkcə İlham Əliyevin deyil, onu Prezident seçən və axıradək müdafiə edəcək, işində yardımçı olan insanların fikrini ifadə edir.  Prezidentin Vətənə, xalqa və dövlətə sədaqət andı, eyni zamanda, bizim də andımızdır  – Vətənə, millətə və Azərbaycanın Prezidentinə!

Bu, bizim Vətən, tarix, gələcək nəsillər qarşısında vicdan borcumuzdur. Çünki insanlıq həmişə həqiqətin tərəfində olmuşdur. Azərbaycanın yolu və bizim həqiqətimiz aydın və böyükdür.  İlham Əliyev Azərbaycanın getdiyi yolu belə dəyərləndirir: Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur. Bu yol müstəqillik yoludur”.

Dəyanət Osmanlı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir