Nizami Cəfərov. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi

 

Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dünyada yaşayan azərbaycanlıların həmrəyliyi ideyasını müasir mərhələdə Azərbaycan dövləti uğurla gerçəkləşdirir. Ulu öndərin ideya və əməllərinin ən layiqli varisi Prezident İlham Əliyevin bu xətti davam etdirməsi heç bir alternativ qəbul etməyən zərurət olub, azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, məzmununu bütövləşdirən konseptual siyasətdir. Hər şeydən əvvəl, ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, dinə mənsub olub ortaq mental xüsusiyyətlərin, adət-ənənələrin daşıyıcısıdırlar. Üstəlik, onların eyni bir dili mövcuddur.

Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir-birlərilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də ümumbəşəri bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır. Ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün müstəqillik illərində məqsədyönlü, inadlı, ardıcıl mübarizə aparılmışdır ki, bunun müsbət nəticələrini görməmək mümkün deyil.

Azərbaycançılıq ideologiyası XIX əsrin  sonu XX əsrin əvvəllərində formalaşdıqdan, yaxud təşəkkül tapdıqdan sonra bir əsrdən artıq mürəkkəb, ziddiyyətli, lakin mənsub olduğu xalqın  iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçmişdir ki, onun – azərbaycançılıq ideologiyasının təkamülünün, fikrimizcə, aşağıdakı beş mərhələsi mövcuddur:

1) XX əsrin 20-ci illərinin əvvəllərindən 30-cu illərinin sonlarına qədər;

2) XX əsrin 30-cu illərinin sonlarından 70-ci illərinin əvvəllərinə qədər;

3) XX əsrin 70-ci illərinin əvvəllərindən 80-ci illərinin sonlarına qədər;

4) XX əsrin 80-ci illərinin sonlarından XXI əsrin 10-cu illərinin əvvəllərinə qədər;

5) XXI əsrin 10-cu illərindən sonra…

Tarixi tale elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən-biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən-dördü öz tarixi Vətənində min illərlə necə məskun olmuşdursa, bu gün də elə yaşayır.

Azərbaycan xalqının və insanının dünyanın inkişaf etmiş xalqları ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması təsəvvürlərinin sürətlə aradan qaldırılması baxımından görülən işlər və onun uğurlu nəticələri də olduqca sevindiricidir. Nəzərə almalıyıq ki, azərbaycanlılarda on illər (hətta əsrlər) belə bir yanlışlıq olmuşdur. Ziyalıların bir qisminin ana dillərindən və prinsip etibarilə mənsub olduqları xalqdan imtina edib müxtəlif əcnəbi dillərdə danışıb-yazmaları, özlərinə əcnəbi soyad formaları qəbul etmələri və s. həmin “gerilik” kompleksinin təzahürləri idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi.

Bu gün ölkədəki iqtisadi,   ictimai-siyasi və intellektual-mədəni şərait imkan  verir ki, azərbaycançılıq ideologiyasının  keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa o cür araşdırılıb öyrənilsin,  xüsusilə gənc nəslin Azərbaycan xalqını, Azərbaycan dövlətini  müstəqilliyə gətirib çıxaran milli ideologiya, onun hansı müzakirələrdə, mübahisələrdə və münaqişələrdə formalaşdığı, eləcə də Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə İbrahimov kimi müxtəlif  miqyaslı və mövqeli milli ideoloqların təfəkkür tərcümeyi-halları haqqında kifayət qədər aydın (və mükəmməl) təsəvvürləri olsun. Halbuki bu imkan əvvəlki mərhələlərdə ya yox idi, ya da müxtəlif səbəblər üzündən bu və ya digər dərəcədə məhdud olmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli sərəncamı ilə «türk xalqlarının mədəni  inteqrasiyasının məfkurə kimi təşəkkül  tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin  ənənəvi dəyərlər zəminində bərqərar  olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının hazırlanmasında yaxından iştirak edən… görkəmli ictimai xadim» Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin (və Prezident İlham Əliyevin), ilk növbədə, milli ideologiyanın tarixinə münasibətinin  göstəricisidir. Və bu sözləri cənab Prezidentin bir sıra digər sərəncamları (xüsusilə, azərbaycançılıq ideologiyasının banilərindən biri olan, uzun illər adının çəkilməsi  belə qadağan edilmiş Məhəmməd Əmin  Rəsulzadənin  yubileyinin keçirilməsi haqqındakı sərəncamı) barəsində də demək olar.  Onların hər biri, bir tərəfdən, milli ideologiya klassiklərini geniş ictimai miqyasda tanıtmağa; ikinci tərəfdən, milli ictimai şüuru zənginləşdirməyə, onun polifoniyasını təmin etməyə; üçüncü tərəfdən isə,  milli ideologiyanın köklərini, mənbələrini (və ümumən tarixini!) onun  müasir təzahür texnologiyaları ilə  üzvü vəhdətdə – bir bütöv halında təsəvvür eləməyə münbit (və rəsmi!) şərait yaradır.

Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci  illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər  azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də ölkə  xaricində (mühacirətdə) biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər  cür cəhdlər edilmiş, az-çox təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorflaşdırılmış və ya «simasızlaşdırılmışdır»… Xaricdə  (mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir… Və bütün hallarda Azərbaycan xalqının  milli ideallarının qarşısını həm adminstrativ (aqressiv!),  həm diplomatik (aldatma!), həm də ekspressiv (şirnikləndirmə!) yolları ilə  məhz sovet-sosialist ideologiyası  kəsmiş, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq,  yaddaşlardan silmək mümkün olmamışdır.

Azərbaycançılıq anlayışının bütün dünyada yüksəldilməsi nəticəsində bu gün heç bir azərbaycanlı özünü bir rusdan, bir almandan, bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir. Milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir. Ölkədə abadlaşan, yeni rəmzlərini yaradan şəhərlər (xüsusilə Bakı), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını mənən, ruhən yüksəldən, belə demək mümkünsə, onun mənəvi saflaşmasını təmin edən hadisələrdir.

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham  Əliyev mərhələsinin ikinci  mühüm əlaməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla,  intellektual-analitik həssaslıqla  yanaşılmasıdır. Və bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq  ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan iki – uçuncu   və dördüncü təkamül  mərhələsinin lideri (müəllifi!) olmaqla yanaşı, bu gün davam edən  beşinci mərhələsinin perspektivlərini də müəyyənləşdirmişdir.

Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil (və təbliğ) olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir. Və  heç də təsadüfi deyil ki, bugünkü siyasi  leksikonda «heydərəliyevçilik» anlayışı «azərbaycançılıq» anlayışının yeni tarixi şəraitdəki məzmununu (və  mahiyyətini!) ifadə edir. İstər sovet  dövründəki məlum (və mürəkkəb!) şərtlər daxilində, istərsə də  müstəqillik dövrünün ondan heç  də az mürəkkəb (və ziddiyyətli!) illərində ümummilli lider Azərbaycanı Azərbaycan və Azərbaycan xalqını Azərbaycan xalqı  edəcək bütün milli mənəvi enerji mənbələrinin  tam gücü ilə işləməsi üçün hər cür  tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə (və  qürurla!) «bizim siyasətimiz – bizim  işimizdir» deməsinə əsas verə bildi.

Üçüncü mühüm əlamət, heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq  və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata  keçirilməsidir.  Bu məsələ ona görə çox  əhəmiyyətlidir ki,  Azərbaycan xalqı müxtəlif  tarixi dövrlərdə (azərbaycançılıq ideologiyasının təşəkkül tapıb formalaşdığı XIX əsrin sonu XX əsrin əvvəllərindən  başlayaraq) gah türkçülüyə, gah müsəlmançılığa, gah da  müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa  məcbur olmuşdur. Və bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının,  mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazmışdır.

İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının  öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir.  Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz  sahibidir.

İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü  Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. İlham Əliyevin müsəlman  xalqlarına qarşı müəyyən  beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək  tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.

  Və eyni zamanda bugünkü Azərbaycan  xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun (müasir dünyanın) qlobal  idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.

Müasir qloballaşma şəraitində Azərbaycan dünyaya sürətlə inteqrasiya olunur. Azərbaycan yalnız regionda deyil, eyni zamanda, dünyada maraqlı bir dövlətdir. Ona görə də ölkənin mədəniyyət siyasəti, o cümlədən dil siyasəti də dünya üçün maraqlıdır. Azərbaycan dilinin, eyni zamanda, türk dilləri miqyasında mövqeyi get-gedə sürətlə yüksəlir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dil, ədəbiyyat məsələlərinə daim xüsusi diqqət göstərilir. Müasir beynəlxalq münasibətlər şəraitində ana dilini həm inkişaf etdirmək, həm də qorumaq həqiqətən də çox əhəmiyyətli məsələdir.Prezident İlham Əliyevin münasibət göstərir ki, dövlətimiz həqiqətən xalqın arzuları, idealları ilə yaşayan bir dövlətdir…

Türkçülük, müsəlmançılıq və müasirlik triadası bugün  Azərbaycanda klassik formulunda (və tipologiyasında) tətbiq edilməklə qalmayıb mərhələnin (və dövrün) tələblərinə  uyğun olaraq yaradıcılıqla  yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü  tarazlaşdırılmış, humanist və uzaqgörən (mövcud problemlərin tezliklə həllinə  yönəlmiş perspektivli) siyasətin nəticəsidir.

Müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında  hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin, fikrimizcə, mühüm əlamətlərindən  dördüncüsü hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif (biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan) ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.

Azərbaycan xalqı (və dövlətçiliyi) tərəfindən azərbaycançılıq  ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif (və qaynar!) ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu  proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan  xalqının milli ideologiyasının nəinki  danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində (fəlsəfəsində və ya metafizikasında) üç tamamilə  humanist (və insan cəmiyyətinin təhtəlşüur, yaxud təbii bir şəkildə, «müdaxiləsiz» yaratdığı!) dəyər komponenti ifadə olunur:

1) etnik mənsubiyyət;

2) dini mənsubiyyət;

3) dünyəvi mənsubiyyət.

Bu ideologiyada öz əksini  tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu (və onu yaradan) xalqın təfəkküründə  nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. O var ki, Azərbaycan xalqı da, dünyanın  bütün digər xalqları kimi, müəyyən  bir etnik mənşəyə, müəyyən  bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi,  müasir dünyanın üzvi tərkib  hissəsidir…

Beşinci  əlamət Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun  müsbət nəticələrini görməmək mümkün deyil.

Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin  bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının  vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz (hətta min!) illərlə necə məskun olmuşdursa bu gün də məskundur… Ona görə də  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan  dövlətçiliyi tərəfindən uğurla davam  etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini) bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental  xüsusiyyətlərin, eyni adət-ənənələrin daşıyıcısıdırlar. Və onların eyni bir dilləri – Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi mövcuddur…

Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi-inzibati sərhədləri aşaraq bir-birlərilə sıx ünsiyyətə  girmələri, ümummilli  maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani  (ümumbəşəri!) bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır…

Azərbaycan xalqının (və insanının) dünyanın inkişaf etmiş xalqları (və insanları)  ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlərə (və onun uğurlu nəticələrinə), fikrimizcə, altıncı  əlamət kimi baxmaq olar.

Etiraf etməliyik ki, azərbaycanlılarda uzun on illər (hətta əsrlər!) belə bir  kompleks olmuşdur. Ziyalıların öz ana dillərindən (və prinsip etibarilə, mənsub olduqları xalqdan) imtina edib müxtəlif əcnəbi dillərdə danışıb yazmaları, özlərinə əcnəbi  soyad formaları qəbul etmələri və s. həmin «gerilik» kompleksinin təzahürləri (və nəticələri) idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi… Ancaq bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir.  Və milli qürur yalnız sözdə deyil, həm də  işdə, əməldədir. Ölkədə abadlaşan, «yeni rəmzlər»ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik  texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş  beynəlxalq uğurlar Azərbaycan  insanını mənən, ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun  katarsisini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb  onun (Azərbaycan insanının) gələcək taleyini, xarakterini müəyyən edir. Və  bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının  tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır…

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin yeddinci əlaməti həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə (bu sahələrin təsəvvürə gətirilməsi belə çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin, başqa sözlə,  Azərbaycan-Dünya dialoqunun zəngin təcrübəsinin  qazanılmasıdır.

Bu isə ilk növbədə o deməkdir ki, azərbaycançılıq ideologiyası (və Azərbaycan xalqının milli idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb, «özümüz deyib, özümüz eşidək» prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan ( və dünya) təfəkkürü mövqeyindən görünüb etiraf olunur… Tarixi (və cari) rəqibləri açıq mübarizəyə çəkir, onların hansısa gizli «laboratoiyalar»da hazırlanmış məkrli planlarını alt-üst edir…

Beynəlxalq «Dialoq»lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir…

Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli  özünüifadə (və özünütəsdiq)  metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir.

Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən bu qədər kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi heç bir mərhələdə mümkün olmamışdır…

Azərbaycanın regionda, ümumən beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyukturluluğu ilə  tanınan dünyanın «haqq-hesab»ından kənarda qalıb təcrid olunmaması, çox güman ki,  doqquzuncu  əlamətdir.

Və bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara  yiyələnmiş, hər hansı «gözlənilməz» ideoloji hücumlara qarşı müqavimət (hətta əks-hücum) «immunitetlər»i qazanmışdır…

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin onuncu əlaməti həmin ideologiyanın inkişafı üçün geniş perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyası qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki  mövqelərini inamla yüksəltməkdədir. 

Bugünkü Azərbaycan gerçəkliyinin bütün dünyada diqqətçəkən bir cəhəti də müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm hesab oluna bilər.

Bütün bu deyilənlər yalnız bugünlə məhdudlaşmayıb Azərbaycan insanının gələcək taleyini, xarakterini də müəyyən edir. Bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının yeni tipli, modern düşüncəli lideri Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixi ildönümünün xoş duyğularını yaşamaqda davam etdiyimiz bir məqamda azərbaycançılıq məfkurəsinin dünya boyu uğurla yayılmasını, soydaşlarımızı vahid bir hədəfə – milli həmrəyliyə səfərbər etdiyini düşünmək olduqca qürurverici bir duyğu-düşüncədir. Yeni ildə və qarşıdakı mərhələdə milli dövlətçilik məfkurəmiz olan azərbaycançılığa daha uca mövqe, xalqımıza möhkəm birlik, sarsılmaz həmrəylik arzu edirik!

Nizami Cəfərov

akademik, millət vəkili