Müasir Azərbaycanın qurucusu və xilaskarı

 Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. 
Əhməd Necdət SEZƏR
Türkiyə Respublikasının keçmiş Prezidenti
 
Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. 
Kirsan İLYUMJİNOV
Kalmıkiya Respublikasının və FİDE-nin keçmiş prezidenti

 

Ümummilli lider Heydər Əliyevin bütün şüurlu həyatını, dərin zəkasını və böyük enerjisini canından artıq sevdiyi xalqının tərəqqisi və xoşbəxtliyi yolunda şam kimi əridib əbədiyyətə qovuşmasından 15 il keçir. Dərin hüzn və sonsuz ehtiramla yad etdiyimiz o tarixdən uzaqlaşdıqca xalqımızın unudulmaz oğlunun nurlu  amal və əməllərinin nəhəngliyi, əfsanəvi obrazının bənzərsizliyi gözlərimiz önündə daha əzəmətlə canlanır. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri isə onun fiziki yoxluğundan sonrakı dövrdə daha dərindən və əhatəli dərk olunur.
İndiki nəsillər, haqlı olaraq, Heydər Əliyevi müasir Azərbaycan dövlətinin memarı və qurucusu hesab edirlər. Böyük öndərimiz azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. Bu, çoxminilliik dövlətçilik tariximizdə xüsusi bir hadisədir. Heydər Əliyev, həm də siyasi idarəetmədə öz üslubunu yaratmış yenilikçi rəhbər idi. Onun bu istedad və qabiliyyəti  Azərbaycana rəhbərliyinin hər iki dövründə, eləcə də nəhəng sovet dövlətinin ali rəhbərlərindən biri olduğu illərdə həmişə özünü parlaq şəkildə göstərirdi. 
Bütövlükdə isə Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən ideya və əməlləri strateji və taktiki mükəmməlliyi, əhatəliyi və ardıcıllığı ilə seçilirdi. O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi.
Heydər Əliyevin çoxillik fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri o qədər zəngindir ki, bu nəhəng ideya-siyasi irsi sonadək araşdırmaq bir nəslin görüb qurtaracağı iş deyil. Zaman keçdikcə hər nəsil bu tükənməz xəzinəyə öz tələbatı və meyarları baxımından yanaşacaq, özünə  gərəkli pay götürəcək. Doğrudan da, illər keçdikcə biz ümummilli liderimizin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq. 
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin seçdiyi taktika belə bir məqsədə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, sovet imperiyası daxilindəki mövqeyini gücləndirməklə onu elə səviyyəyə qaldırmaq lazımdır ki, bu yüksəliş respublikanı dünyaya tanıdan, onun milli-etnik mövcudluğundan xəbər verən təsirli amilə çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə ötən əsrin 60-70-ci illərində respublika daxilində milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu. Ulu öndər Azərbaycanı sovetlər birliyində yaxşı tanınan bir respublikaya çevirdi. 
Öz xalqının maraqlarına dərindən bağlı olan Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. O yaxşı bilirdi ki, milli varlığını qorumağı bacaran, ictimai şüur baxımından mütəşəkkil olan bir millət gec-tez özünəməxsus dövlətini quracaq. Uzaqgörən rəhbərin o zamankı milli yönlü siyasəti də daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi. Məhz buna görə 1980-ci illərin sonlarında ümumxalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, nümayiş etdirilən mütəşəkkillik Heydər Əliyevin sayəsində əldə edilib.
Lakin 1990-cı illərin əvvəlində müəyyən qüvvələr Azərbaycan xalqının ümummilli lideri haqqında çirkin təbliğat aparırdılar. Eyni zamanda, Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını da inkar edə bilmirdilər. Hamı bilirdi ki, Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə geniş quruculuq işləri ilə məşğul olub, milli maraqların keşiyində dayanıb. 
Ulu öndər Heydər Əliyev isə bu ziddiyyətli münasibətə baxmayaraq, öz həqiqətinin ardınca gedirdi. O yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Sovet imperiyasının çöküşü və müstəqillik epoxasının başlanması nə qədər yeni olsa da, aydın baxışlı siyasətçi olan Heydər Əliyev əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Onun əvvəllər gerçəkləşdirdiyi böyük işlər, planlar, proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz, xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramını həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. 
Bu ciddi varislik xətti ondan irəli gəlirdi ki, ulu öndər Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, onu, necə deyərlər, yüz ölçüb bir biçir, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu liderlik dahisinin idarəetmə məharəti və siyasi peşəkarlığı ən müxtəlif sahələrə aid olan məsələlərdə özünü eyni kəmiyyət və keyfiyyət parametrləri ilə göstərdi. Heç də təsadüfi deyil ki, Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. 
Ulu öndərin özü isə Atatürkün xidmətlərindən danışarkən demişdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün, sadəcə, fəaliyyətinin deyil, həm də onun mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsi, Heydər Əliyevin təkcə fəaliyyətinin yox, həm də böyük siyasi iradəsinin məhsuludur. Bu həqiqətin sübutu olaraq ümummilli liderin müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədiləşdirilməsinə həsr olunmuş son 10 ilinə nəzər salaq.
Bu baxımdan bütün ziddiyyətli prosesləri ilə 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olaraq xatırlanır. O zaman çərçivəsində cərəyan edən hadisələr dövlətçiliyimizi və insanları ciddi sınaqlarla üz-üzə qoymuşdu. Dövlət müstəqilliyinin ilk aylarından başlayıb şiddətlənən mürəkkəb hadisələr, idarəçilikdə yol verilən nöqsanlar 1993-cü ilin ikinci yarısına doğru siyasi böhran həddinə gəlib çatmışdı. 
Hərbi müxalifətin zərərsizləşdirilməsi üçün AXC-Müsavat hakimiyyətinin uğursuz hərbi əməliyyatı nəticəsində Gəncədə qardaş qanı tökülmüş və cəmiyyət, demək olar ki, vətəndaş müharibəsinə sürüklənmişdi. O vaxtkı iqtidarın səriştəsiz və məsuliyyətsiz siyasəti nəticəsində 4 iyundan başlayaraq ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri isə cəbhə xəttində həmlələrini gücləndirmişdi. Ötən iki ildə torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. 
Belə bir taleyüklü məqamda növbəti yanlış və daha bir məsuliyyətsiz qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. Soydaşlarımızın min-bir mərhumiyyətdən keçib gəlmiş azadlıq arzusu, müstəqillik amalı ilk addımlarındaca puç ola bilərdi. Çeşidli daxili və xarici düşmən qüvvələrin dağıdıcı həmlələri Azərbaycanı ölüm kürsüsünə doğru sıxışdırırdı. Xüsusən, kənar qüvvələr Cənubi Qafqaz regionundakı maraqlarını daha böyük perspektivi olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün müəyyən ictimai-siyasi zəmin də hazırlanmışdı. 
O zamankı hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasının, dövlət idarəçiliyində boşluğun hökm sürməsinin acınacaqlı nəticəsi idi. Yuxarı rəhbərlik eşalonunda tez-tez dəyişən səriştəsiz kadrların başı kürsü davasına qarışdığından dövlətin müdafiəsi və idarə olunması məsələsi tamamilə unudulmuş, bununla da hakimiyyətin yerlərdə sosial-siyasi dayaqları sarsılmışdı. Orduda yaranmış başıpozuqluq, hər yerdə dövlət əmlakının dağıdılmasından doğan hərc-mərclik milli birliyi pozmuş, düşmən qüvvələr qarşısında ölkəninin müdafiə və müqavimət qabiliyyətini tamamilə zəiflətmişdi.
Belə bir faciəli durumda yaxınlaşan təhlükəni bütün dəhşətləri ilə duyan və anlayan xalq gerçək fəlakətdən – müstəqilliyin itirilməsindən, ərazilərin parçalanmasından, sərvətlərin yağmalanmasından xilas olmağın yeganə düzgün yolunu aydın görə bildi. Cəmiyyətin mütləq çoxluğu öz düşüncəsi, ağlı ilə xilasolma istiqamətini – qarşıdurmadan milli birliyə, xaosdan sabitliyə, dağıntılardan quruculuğa aparan yolu seçdi. Xalq bu yola keçidin yeganə bələdçisi və təminatçısının ümummilli lider Heydər Əliyev olduğuna birmənalı qərar verdi. Beləliklə, Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və mədəniyyətini əsaslı surətdə inkişaf etdirmiş qurucu lider, bununla yanaşı, sovet dövlətinin ali rəhbərliyindəki seçilən fəaliyyəti dünya şöhrətli siyasətçi kimi tanınmış, xarizmatik şəxsiyyəti və misilsiz xidmətləri ilə dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider məqamına yüksəlmiş Heydər Əliyev xilaskarlıq missiyası ilə yenidən respublikanın ali idarəçiliyi sükanı arxasına qayıtdı.
İdarəetmənin iflic vəziyyətə düşdüyü günlərdə xalqın istəyi və iradəsi dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevi ikinci dəfə hakimiyyətə gətirdi. O günlərdə idarəçiliyin ağırlığı, təbii olaraq, parlamentin üzərinə düşdüyündən Naxçvan Ali Məclisinin sədri kimi Azərbaycan Respublikası Ali Soveti sədrinin müavinlərindən biri statusu daşıyan Heydər Əliyev iyunun 15-də ölkənin ali qanunvericiliyi orqanının məsul yükünü öz üzərinə götürməli oldu.
Bu, zamanın diqtəsi, taleyin hökmü ilə mürəkkəb, təhlükəli proseslərdən ən optimal çıxış variantı, alternativsiz seçim idi. Sonrakı hadisələr də göstərdi ki, xalqın bu seçimdə qətiyyəti, iradəsi, yenidən öz unudulmaz rəhbərinə sədaqət nümayiş etdirməsi, onun müdrikliyinə inanması, ümumilikdə, Azərbaycan dövlətçiliyinin xilası kimi həyati məna kəsb edən bir missiyanı obyektiv olaraq şərtləndirmişdir.
Tarixi 15 iyundan sonrakı mərhələdə Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Çox keçmədən xalqın mütləq əksəriyyətinin iradəsi ilə müstəqil Azərbaycanın həqiqi lideri etimadı qazanan Prezident Heydər Əliyevin legitim rəhbərliyi, gərgin, çoxyönlü fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatında sürətli sabitləşmə, hərtərəfli dirçəliş, böyük quruculuğun əsaslarının müəyyənləşdirilməsi proseslərinə start verildi. 
Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın sahmana salınmasına yönəldildi. Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi lideri olduğunu hər işdə sübuta yetirən Heydər Əliyev böyük quruculuğun, daxili vəziyyətin stabilləşməsinin tədbirlərini gerçəkləşdirməyə başladı. 
1994-cü ilin mayından cəbhə xəttində atəşkəs barədə razılığın əldə olunması ilə ölkə yeni bir mərhələyə daxil oldu. Əslində, işğalçı Ermənistan cəbhədə daha irəliləyə bilmədiyini, itkilərinin artdığını görüb atəşi dayandırmağa məcbur oldu. Müharibədən hər evə, ailəyə boylanan göz yaşı, qan-qada kəsildi. Vətəndaşların rahat gün-güzəranına qənim kəsilmiş, yenicə təşəkkül tapan milli dövlətçiliyin möhkəmlənməsinə hər vəchlə mane olmağa çalışan qanunsuz silahlı dəstələr zərərləşdirildi və ictimai asayiş bərpa olundu. Millət fasiləsiz hüznü unudub gələcək haqqında, azadlıq və müstəqillik arzularının daha gerçək ifadəsi barədə düşünməyə macal tapdı. Artıq xarici investisiyaların Azərbaycana təhlükəsiz axını üçün ümid körpüsü salındı.
Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur “Əsrin müqaviləsi” kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi ideyası dünyamiqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı. Belə bir siyasətin sayəsində iqtisadiyyatımızın daha yüksək formada təkamülünü həyata keçirmək və yeni təşəbbüslərlə çıxış etmək Azərbaycanda sabitliyin, ictimai təhlükəsizliyin dönməz xarakter almasına güclü təsir göstərdi.
Lakin bütün bu zəruri tədbirlərlə hesablaşmaq istəməyən, iddiası özündən böyük olan dağıdıcı qüvvələr iki dəfə– 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhd etdilər. Lakin yenə də mahir siyasətçi Heydər Əliyevin öz liderinə axıradək sadiq qalan xalqla birliyindən yaranan möhtəşəm siyasi iradə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyə göstərilən cəhdlərə üstün gəldi. Bununla da cəmiyyətin həyatı yenidən təbii axarına düşdü. 
Dağılmış iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində bərpa etmək, ordu qurculuğu prosesinə keçmək mahiyyət etibarilə gələcək inkişaf üçün təməl addımlar idi və bütün bunların hamısı cəbhədə atəşkəsin əldə olunmasından sonra həyata vəsiqə ala bildi. Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələrinin görünməsinə və dünyanın qabaqcıl strukturları ilə əlaqələrin qurulmasına start verildi. Bütün bu proseslər sonrakı illərdə davamlı surətdə bir-birini əvəzləyən uğurların təminatçısı və müjdəçisi oldu.
İctimai qayda-qanun mühitinin, qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən edən əsas amil olan yeni Konstitusiya qəbul edildi. Prezident Heydər Əliyevin bir epoxadan digərinə ahəngdar keçidi təmin edən çevik təfəkkürlü, modern rəhbər obrazı xarici arenada cəmiyyətimizin həyatındakı həqiqi azadlıq arzusunun, dünyaya inteqrasiya seçiminin görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi potensialın açılmasına, hüquqi baxımdan köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi daşımasına böyük bir impuls verdi.
Cəmiyyətin və dövlətçiliyin vəziyyətinin ayrı-ayrı məqamlarına nəzər yetirərkən aydın şəkildə görünür ki, quruculuq mərhələsində və sonrakı dövrdə Azərbaycanın nail olduğu ümumi irəliləyiş məhz ümummilli liderin bəşəri ideyalarını gerçəkləşdirən effektiv xarici siyasət, müharibənin dayandırılması, sülhə nail olunması, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq qurulması yönümündə davamlı siyasətin yürüdülməsi prosesi üzərində qazanılmışdır.
Ulu öndər Heydər Əliyev dövlətin və xalqın müasir vəziyyətinin mürəkkəbliyini vaxtında qiymətləndirərək quruculuq, xilaskarlıq missiyasına belə bir məsuliyyət və milli təssübkeşlik hissi ilə başlamışdı: “Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaradılmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kimin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Göründüyü kimi, müstəqillik illərində ölkənin inkişafı, dünya birliyində özü barədə formalaşdırdığı sülhsevər, demokratik imic, bir sözlə, bütün tarixi nailiyyətlərimiz öz mənbəyini Milli Qurtuluş Günü kimi tarixə düşən Heydər Əliyevin ali hakimiyyətə qayıdışı hadisəsindən götürmüşdür. İndi xalqın taleyində şərəfli yer tutan həmin tarixdən 25 illik müddət ötür. Azərbaycan qabaqcıl Avropa dövlətləri cərgəsində özünə layiqli mövqe qazanmış, bərabərhüquqlu sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hakimiyyətin və xalqın həmrəyliyi kontekstində ölkəmizin inkişaf edən dünyanın harmoniyası ilə, demokratik dəyərlərə uyğun olaraq yaşaması ideologiyasının möhkəm əsaslarını yaratmışdır. 
İctimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatda gedən reablitasiya işləri elə uğurla və sistematik şəkildə aparılmışdır ki, xalq bütün istiqamətlərdə potensialını, bütövlükdə, ortaya qoymaq imkanı qazana bilmişdir. Eyni zamanda, bu proseslərin yalnız normal axarda getməsi ilə yanaşı, ulu öndərin qurduğu milli dövlət kompleks iqtisadi, hüquqi, aqrar islahatların həyata keçirilməsini də himayə etmişdir.
Azərbaycanda Heydər Əliyevin yaratdığı müasir dövlətçiliyin inkişafı və möhkəmlənməsi ideyalarının özəyini təşkil edən demokratiya, ədalət və humanizm prinsipləri keçid dövründən normal, az itkilərlə ötüşməyi, vətəndaş cəmiyyəti yaradılmasını ümumi quruculuğun tərkib hissəsinə çevirməyi təmin etmişdir. Böyük öndərimiz insan hüquq və azadlıqlarının etibarlı qorunmasını Azərbaycanda demokratik, hüquqi dövlət quruluşunun əsas strateji amillərindən biri hesab etmiş və bunun hüquqi aspektlərini müəyyənləşdirmişdir. Bu amil isə dünyanın həlledici siyasi dairələrində ölkəmizin nüfuzunun möhkəmlənməsində, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qəbul olunmasında digər prinsiplərlə yanaşı, xüsusilə mühüm rol oynamışdır.
Ümumilikdə, tarixi təcrübə və araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin Azərbaycan iqtidarına ikinci gəlişi təkcə xalqı və müstəqilliyi təhlükələrdən qurtarmaqla bitmədi, həm də ölkənin daimi etibarlı müdafiəsini reallaşdırdı. Qurtuluş missiyası geniş anlamda, xarakterinə görə, bütövlükdə, xalqın varlığı, mənəvi, ruhi, mədəni mövcudluğu, sabahı ilə bağlı problemləri özündə ehtiva edirdi.
Quruculuğun ilk günlərindən ümummilli lider Heydər Əliyevin milli ideologiyaya bağlı strateji əhəmiyyətli müstəqil siyasi xətt götürməsi sonrakı mərhələdə nəticə etibarilə onun ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın suverenliyinə və inkişafına, eləcə də Türk dünyasının birliyi çalışmalarına dönməz xarakter verdi. Məhz bu ideologiyaya əsaslanan mükəmməl siyasət yeni tipli dövlət xadimi İlham Əliyevin dinamik fəaliyyəti ilə yeniləşmiş Azərbaycanı dövlətçilik ənənələri, milli xüsusiyyətləri və bütün tarixi nailiyyətləri ilə birgə dünyada siyasəti, iqtisadiyyatı sərbəst olan ölkə kimi tanıtdı və nüfuzunu möhkəmləndirdi. 
Bu gün bizim ölkədə milliyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq, bütün vətəndaşlar Heydər Əliyevin formalaşdırdığı, siyasəti də, iqtisadiyyatı da müstəqil və modern olan müasir Azərbaycan Respublikasının əldə etdiyi demokratiyadan və uğurlardan kifayət qədər normal səviyyədə faydalana bilirlər. Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində yerli etnoqrafik mühitlərin qorunması və inkişaf etdirilməsi həmişə əsas olub. Bu gün isə yeni tarixi imkanlar şəraitində bu siyasət daha yüksək texnologiyalar səviyyəsində davam etdirilməkdədir. Bu gün Heydər Əliyev siyasətini Azərbaycan ­Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. 
Müstəqil Azərbaycan dövləti, nə qədər gənc olsa da, Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməlləşməsini təmin edir. 
Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub. Qazanılan uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Heydər Əliyevin parlaq ideyaları isə həmişə bu inkişaf və tərəqqinin önündə gedəcək.

 

Nizami CƏFƏROV
Milli Məclisin deputatı,
akademik