Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri

Spread the love

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gəlib

Ataturk.az president.az-a istinadən xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşıladılar. 

 

İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib

21 noyabr 2018.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib.

Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.

Prezident İlham Əliyev “Əbədi şöhrət” abidəsinin önünə əklil qoydu.

Sonra dövlətimizin başçısı “Vətən müqəddəsliyi” muzeyi ilə tanış olub.

Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur.

Dövlətimizin başçısı 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxdı. Muzeydə, eyni zamanda, İkinci Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir.

Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir.

Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

 

 İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub

21 noyabr 2018.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.

2017-ci ildə Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının ən əsas idman obyektləri bu Kompleksin ərazisində yerləşir.

Ümumi ərazisi 157 hektar olan Olimpiya Kompleksində qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış və bağlanış mərasimləri, bütün yarışlar, o cümlədən mükafatlandırma tədbirləri təşkil olunub. Kompleksdə ümumilikdə 30-dan çox müxtəlif təyinatlı idman qurğusu, həmçinin 45 min tamaşaçı tutumu olan Olimpiya stadionu, paralimpiya kompleksi və tibbi bərpa mərkəzi yerləşir.

Ərazidə, eyni zamanda, üzgüçülük arenası, voleybol, basketbol, futbol meydançaları, Olimpiya kəndi, qapalı velotrek, döyüş sənəti üzrə idman kompleksi, yüngül atletika arenası və tennis kortu, eləcə də idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün çoxfunksiyalı zal inşa olunub.

Aşqabad Olimpiya Kompleksində, həmçinin biznes-mərkəz, mehmanxanalar və sağlamlıq mərkəzi də fəaliyyət göstərir. 

İlham Əliyev Aşqabadda Türkmən milli xalça muzeyi ilə tanış olub

21 noyabr 2018.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Türkmən milli xalça muzeyi ilə tanış olub.

Bu muzey Türkmənistan Prezidentinin Sərəncamı ilə 1993-cü ildə yaradılıb. Məqsəd Türkmənistanın xalçaçılıq sənətini qorumaq və inkişaf etdirməkdir. Muzeyin yaradıldığı gün hər il ölkədə Türkmən Xalçası Günü kimi qeyd olunur.

Burada muzeylə yanaşı, “Türkmənxalı” Dövlət Birliyinin inzibati binası da var. Muzey binasının ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur.

Bu muzeydə 2 mindən çox xalça nümunəsi toplanılıb. Onların sırasında nadir eksponatlar da var. Burada miniatür xalça nümunələri ilə bərabər, əl ilə toxunan ən böyük xalça kimi Ginnesin rekordlar kitabına düşmüş ümumi sahəsi 301 kvadratmetr olan “Altın asır” xalçası da nümayiş etdirilir. Bu böyük xalça Türkmənistanın müstəqilliyini bərpa etməsinin 10 illiyi münasibətilə toxunulub. Muzeydə köhnə xalçaların bərpası da həyata keçirilir.

Burada, həmçinin müxtəlif səpkili mədəni tədbirlər, sərgilər, beynəlxalq forumlar və konfranslar da təşkil olunur. Bu muzey Türkmənistanın mühüm mədəniyyət mərkəzlərindən biri hesab edilir.

Dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazdı. 

İlham Əliyevin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

22 noyabr 2018.

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Sonra prezidentlər rəsmi foto çəkdirdilər. 

Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub

22 noyabr 2018.

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. 

İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub

22 noyabr 2018.

 

Noyabrın 22-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

22 noyabr 2018.

 

Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. 

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata birgə bəyanatla çıxış ediblər

22 noyabr 2018.

 

Noyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər. 

Əvvəlcə Türkmənistan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Qurbanqulu Berdiməhəmmədovun bəyanatı

-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

Mən, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və onun nümayəndə heyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istərdim ki, dəvətimizi qəbul edib mehriban qonşunuz, qonaqpərvər Türkmənistana rəsmi səfərə gəlimisiniz. Buna görə biz sizə bir daha minnətdarıq.

Demək istərdim ki, biz bu gün çox yaxşı, konstruktiv danışıqlar apardıq. Prinsipcə, bizim ikitərəfli münasibətlərimizin bütün aspektlərini, yəni, onların cari və perspektiv vəziyyətini, regional və beynəlxalq siyasətə dair məsələləri nəzərdən keçirdik. Mən dərhal demək istəyirəm ki, bizim – həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması məsələləridir. Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, yəni, Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiklərinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda, biz də qardaş Azərbaycanı daim dəstəkləyirik.

Onu da demək istərdim ki, bu gün biz həm də bizi birləşdirən ümumi məsələlərimiz üzrə fikir mübadiləsi apardıq. Bu, Xəzər dənizi məsələsidir. Bildiyiniz kimi, bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qəbul olunub. Biz həmişə bildiririk ki, Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. Buna görə də biz gələcəkdə də, əlbəttə, öz siyasətimizi aparacağıq.

Bu gün biz ticari-iqtisadi məsələlərdən danışarkən çox böyük aspekti, yəni, yaxşı təmasa malik olduğumuz sahələri – kənd təsərrüfatını, tikintini, sənayeni, yeni texnologiyaları nəzərdən keçirdik. Nəqliyyat məsələlərinə, məhz nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunmasına toxunduq. Əlbəttə, əsas məsələlər energetika məsələləri idi. Yəni, bu məsələdə biz həmişə həmrəyik. Biz enerji resurslarımızı həm regional, həm də beynəlxalq bazarlara çıxarmaq imkanına malikik. Bu baxımdan mən, əlbəttə, dövlətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinə görə minnətdar olmaq istərdim. Həmin komissiya çox iş görür və yəqin ki, gələcəkdə də görəcək.

Mədəni-humanitar sahədən danışarkən, əlbəttə ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki həm Türkmənistan, həm də Azərbaycan, bizim xalqlarımız vahid köklərə, adətlərə, milli xüsusiyyətlərə, ənənələrə malikdir. Əlbəttə, bizim üçün sevindiricidir ki, biz müasir mərhələdə də gələcək gənc nəslin vətənpərvər ruhda böyüməsi naminə bu işi davam etdiririk. Buna görə də biz bu sahə haqqında bu kontekstdə danışarkən, bu gün bizim üçün mühüm olan tətbiqi sənət, yəni, xalçaçılığa toxunduq. Həm Türkmənistan, həm də Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Biz bu fikrə gəldik ki, həm Türkmənistanda, həm də Azərbaycanda xalça sərgisi təşkil etmək, həmçinin gələcəkdə beynəlxalq konfransın keçirilməsi haqqında düşünmək yaxşı olardı.

Gördüyünüz kimi, biz bugünkü görüşdə çox geniş əhatəli məsələləri nəzərdən keçirdik, xeyli sənəd və saziş imzaladıq.

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, buna görə də mən sizin diqqətinizi iki məsələyə yönəltmək istərdim. Birincisi, nəqliyyat məsələləridir. Biz dedik ki, tranzit dəhlizləri inkişaf etdirmək, düzgün logistika tərtib etmək istərdik. Bu, avtomobil və bərə nəqliyyatına, hava məkanına, dəmir yollarına aiddir. Ən başlıcası odur ki, indi bizim aramızda məhz nəqliyyat-tranzit dəhlizləri və logistikanın inkişafı məsələləri ilə məşğul olacaq xüsusi komissiya fəaliyyət göstərəcək.

Türkmənistanla Azərbaycan arasında xeyli nümunəvi cəhətlər var. Biz Əfqanıstan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında Avropaya çıxışla bağlı nəqliyyat sazişi imzaladıq. Bu, artıq Şərq-Qərb xəttinə aiddir, ya da biz burada bütün Orta Asiyanı Avropa ilə birləşdiririk. Biz istər beynəlxalq siyasətə, istərsə də başqa istiqamətlərə aid bütün məsələlərdə ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqəli addımlar atırıq. İndiki halda biz Bakı-Tbilisi-Qars kimi yaxşı infrastrukturun olduğu TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı xətti ilə gedə bilərik. Belə nümunələr çoxdur. Bunun əsasında noyabrın 28-də böyük beynəlxalq konfrans keçirəcəyik. Düşünürəm ki, bu gün biz həmin iştirakçı ölkələrin üzvlərinə müəyyən güzəştlər edə bilərdik. Deyək ki, güzəştli tariflər və sair. Burada əsas məsələ düzgün logistikanı inkişaf etdirməkdən ibarətdir.

Demək istədiyim ikinci məsələ odur ki, biz bu gün sənədlər paketi ilə yanaşı, 2019-2021-ci illər üçün ticari-iqtisadi sahənin inkişafı haqqında da əməkdaşlıq proqramı qəbul etdik. Yəni, bu, bir daha ondan xəbər verir ki, biz gələcəkdə də əmtəə nomenklaturamızı inkişaf etdirə bilərik. Hərçənd indi bizdə çox yaxşı tendensiya gedir, yəni, biz artıq öz statistikamızı bildirdik. Qeyd etdik ki, hər il müəyyən faiz artım var, deyək ki, əvvəlki illə müqayisədə 17 faiz artım olub. Biz elə bu ruhda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyamıza üstünlük veririk. Buna görə də mən xüsusi qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən yüksək hörmət və qarşılıqlı etimad fonunda keçib. Ən əsası gələcək əməkdaşlığa doğru yaxşı meyil var. Buna görə də mən fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının hörmətli Prezidentinə onun şəxsi töhfəsinə, bizim xalqlarımız və ölkələrimiz arasında dostluq tellərinin möhkəmlənməsi üçün etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, ali dövləti fəaliyyətində böyük uğurlar, bütün qardaş Azərbaycan xalqına isə ən yaxşı rifah və tərəqqi arzulayıram. Diqqətə görə təşəkkür edirəm.

*** 

Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli dostlar.

Mən Türkmənistan Prezidentinə, mənim əziz dostuma dəvətə, çox səmimi qəbula, qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən dünəndən qardaş Türkmənistan torpağındayam. Türkmənistanın sosial-iqtisadi inkişafındakı nailiyyətlərlə tanış olmaq imkanına malik oldum. Biz sizin uğurlarınıza da öz nailiyyətlərimiz kimi sevinirik. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından qardaş türkmən xalqına salamlarımı çatdırmaq istəyirəm. Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir.

Səfər sona yaxınlaşır. Artıq bu gün demək olar ki, bu səfər bizim ölkələrimiz arasında münasibətlər tarixində xüsusi yer tutacaq. Bu münasibətlərin çox böyük potensialı var. Bu gün aparılan danışıqlarda, prezidentlər arasında təkbətək formatda, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə aparılan fikir mübadiləsi zamanı biz əməkdaşlığımızın mühüm məsələlərini müzakirə etdik. Biz görülən işlərə yekun vurduq və gələcək qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Bu gün 20-dən çox sənəd imzalanıb və onların hər birinin olduqca konkret xarakteri var. Bu, bizim münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür.

Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu, artıq adi hala çevrilib. Amma bu, bizim münasibətlərimizin səmimiliyini göstərir.

Türkmənistan Prezidenti artıq gündəlikdə olan əsas məsələlər barədə danışdı. Öz tərəfimdən qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üzərində fəal işləyəcəyik. Biz ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyaya müvafiq tapşırıqlar vermişik ki, onlar Azərbaycandan Türkmənistana və Türkmənistandan Azərbaycana ixracı artırmaq üzrə işi fəallaşdırsınlar. Malların konkret siyahısı var və qurumların müvafiq rəhbərləri bu məsələləri müzakirə edirlər. Fikrimcə, əgər biz konkret istiqamətlərə diqqəti yönəltsək, qısa müddət ərzində əmtəə dövriyyəmizi daha da artıra bilərik.

Türkmənistan Prezidenti hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun dediyi kimi, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə böyük yer ayrılıb. Səfər ərəfəsində bizim nümayəndə heyətlərimiz fəal işləyiblər, bir neçə raund danışıqlar aparıblar və Şərq-Qərb beynəlxalq dəhlizinin fəaliyyətinin əsas məsələlərini razılaşdırıblar. Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar. Biz əvvəlcədən razılaşmamışdıq, amma belə alındı ki, paralel yollarla getdik. Bu da təbiidir, çünki bu, ölkələrimiz və xalqlarımız üçün zəruri olan məsələdir. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda – may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Bu gün biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq, müvafiq sənəd bu gün imzalanıb. Bu, bizim ölkələrimiz üçün əmtəə dövriyyəsini və tranzit daşımaları artırmaq imkanları yaradır. Biz qonşularımız üçün də böyük potensial yaradırıq. Bizim mühüm nəqliyyat qovşaqları kimi gələcək uğurlu inkişafımız regional vəziyyətdən də asılıdır. Buna görə də bizim qonşularımızla yaxşı münasibətlərimiz regionda təhlükəsizliyi, sabitliyi möhkəmləndirir, eləcə də Azərbaycanla Türkmənistanı mühüm nəqliyyat qovşaqlarına çevirir.

Müasir infrastruktur, nəqliyyat sahəsinə böyük sərmayələr işləmək üçün gözəl şərait yaradır. Rəqəmləri göstərmək istəmirəm, amma əminəm ki, yaxın vaxtlarda biz Türkmənistanla Azərbaycan arasında yük axınının xeyli artımını görəcəyik. Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır və biz sözsüz ki, Şərq-Qərb, Qərb-Şərq marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin artdığını görəcəyik.

Ötən il o vaxta qədər mövcud olmayan və dünya bazarlarına çıxış əldə etmək üçün son əlaqələndirici bənd olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, dünya bazarlarına çıxmaq üçün daha bir əlavə marşrutdur. Əminəm ki, bu marşrut ölkələrimizə böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək.

Biz bu gün ikitərəfli münasibətlərin ən mühüm konkret məsələlərini, regional əməkdaşlıq üçün yeni şərait yaradan məsələləri həll etdik. Buna görə də hesab edirəm ki, səfər bizim gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq.

Fürsətdən istifadə edərək, qardaş Türkmənistan xalqına sülh, tərəqqi və prezident Qurbanqulu Məlikquliyeviçin rəhbərliyi ilə daha böyük inkişaf diləyir, ona yeni uğurlar, rifah, cansağlığı arzulayıram. Diqqətinizə görə sağ olun.

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

22 noyabr 2018.

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış etdilər.

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

-Hörmətli İlham Heydər oğlu.

Əziz dostlar, qonaqlar, hörmətli səfirlər.

Mən möhtərəm İlham Heydər oğluna və onun nümayəndə heyətinin üzvlərinə bir daha səmimi minnətdarlığımı və təşəkkürümü bildirmək istərdim. Onlar bizim dəvətimizi qəbul edərək öz qonşularının, qardaşlarının ölkəsinə rəsmi səfərə gəliblər və biz bu gün onları qonaqpərvər Türkmənistanda görməyə şadıq.

Demək istəyirəm ki, bu gün biz həqiqi qardaşlar kimi qarşılıqlı hörmət şəraitində çox yaxşı danışıqlar apardıq, ikitərəfli əməkdaşlığımızın, regional və beynəlxalq xarakterli məsələlərin çox böyük aspektini müzakirə etdik. Biz bütün aspektlərə aid 21 sənəd imzaladıq. Buraya həm humanitar, həm də istehsalat istiqamətləri daxildir. Ən başlıcası, biz, əlbəttə, nəqliyyat məsələlərinə çox böyük diqqət yetirdik.

Ümumiyyətlə, biz İlham Heydər oğlunun təşəbbüsü ilə Xəzərə aid məsələləri nəzərdən keçirdik. Bildiyiniz kimi, biz Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı artıq qəbul etmişik. Odur ki, biz nəqliyyat-tranzit dəhlizinin düzgün logistikasını tərtib etməliyik. Bundan sonra biz həmin mövzunu lobbiləşdirməyə başladıq və yeri gəlmişkən, yəqin Siz də bilirsiniz ki, bu təşəbbüsə dair Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri qəbul edilib. Hətta nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, düzgün logistika barədə 3 qətnamə qəbul edilib. Noyabrın 28-də məhz nəqliyyat-tranzit dəhlizlərinin inkişafı mövzusunda konfrans keçiriləcək və elə indi bütün hörmətli səfirlərimizi həmin konfransa dəvət edirəm.

Məntiqlə yanaşsaq, coğrafi baxımdan həm Türkmənistan, həm də Azərbaycan bu məsələdə əsas ölkələrdir. Yəqin ki, Böyük İpək Yolunu xatırlamağa və onun haqqında danışmağa ehtiyac yoxdur, çünki bu il Türkmənistanda “Böyük İpək Yolu İli” elan edilib. Ümumiyyətlə, bugünkü görüşdə biz bunu qeyd etməkdən başladıq ki, Türkmənistan və Azərbaycan xalqları tarixən həmişə zəngin millətlər olub. Onların həmişə güclü ehtiyat potensialı olub və bu potensialdan həm öz xalqlarının, həm də qonşularının, regionun rifahı naminə istifadə ediblər. Sevindirici haldır ki, bu gün biz bunu müasir mərhələdə davam etdiririk.

Bir daha qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik.

Mən öz qardaşlarıma ən səmimi sözlərimi dedim. Qoy, dostluğumuz əbədi olsun. Sağ olun.

*** 

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab prezident.

Əziz dostlar, xanımlar və cənablar.

Mənim qardaş Türkmənistana rəsmi səfərim sona çatır. Qardaş Türkmənistan torpağına gəldiyim ilk dəqiqələrdən türkmən xalqının səmimiyyətini və qonaqpərvərliyini, əlbəttə ki, ilk növbədə, Türkmənistan Prezidentinin qayğısını hiss etdim.

Dünən mən türkmənlər üçün müqəddəs yerlərdə oldum. Bu xalqın nə qədər istedadlı, onun tarixinin və mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha gördüm. Əsrlər boyu türkmən xalqı öz torpağında yaşayıb, qurub-yaradıb, öz gələcəyini qurub. Biz azərbaycanlılar həmişə sizin yanınızda olmuşuq. Bizim dostluğumuzun, qardaşlığımızın çoxəsrlik tarixi var. Bu, qarşılıqlı hörmət, qarşılıqlı etimad, qarşılıqlı dəstək, əməkdaşlıq tarixidir.

Türkmənistan son illərdə çox böyük yol keçib. Dünən müxtəlif obyektlərdə – idman kompleksində, xalça muzeyində olarkən mən Aşqabadı tanımadım. Çünki mənə elə gəlirdi ki, tamamilə başqa şəhərə gəlmişəm. Mənim burada olmadığım qısa müddət ərzində sanki şəhər içində şəhər yaradılıb. Bu, Türkmənistan dövlətinin qüdrətinin, onun iqtisadi potensialının göstəricisidir. Amma bu, ilk növbədə, ölkə rəhbərliyinin öz xalqının qayğısına qalmasını, inkişaf üçün göstərdiyi səyləri nümayiş etdirir. Bu gün Aşqabadda olarkən Türkmənistanın son illərdə necə inkişaf etdiyini görürsən. Bu, bizi sevindirir. Biz dost və qardaş kimi sizin uğurlarınıza sevinirik. Ölkələrimizin daha da yaxınlaşması üçün öz tərəfimizdən səy göstərmişik və göstərəcəyik.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, biz xalqlarımızın ənənəvi qardaşlıq və dostluq tellərinin daha da möhkəmlənməsi üçün çox iş görürük. Bunu bizə tarix, xalqlarımızın tarixi, ümumi etnik kökləri diktə edir. Bugünkü reallıq da bunu diktə edir. Bu gün bizim maraqlarımız üst-üstə düşür. Bu gün biz birgə səylərlə regionumuzda təhlükəsizliyə töhfə veririk. Biz Xəzər dənizi məsələsində fəal qarşılıqlı fəaliyyət göstəririk. Bilirsiniz ki, bu il Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bizim ölkələrimiz bu Konvensiyanın imzalanmasına böyük töhfə verib. Biz Xəzər dənizinin ekoloji təhlükəsizliyi ilə məşğul oluruq. Biz hazırda mühüm və gələcəkdə də mühüm olacaq qitələrarası əhəmiyyətli məsələlər, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi ilə məşğuluq. Bu dəhliz uzun əsrlər mövcud olub. Bu dəhlizlə bizim əcdadlarımıza ünsiyyət qurmağa imkan vermiş karvanlar keçib. Böyük Tarixi İpək Yolu bizim ölkələrimizin ərazisindən keçib və təbii ki, bu gün biz fəal surətdə bu dəhlizin müasir infrastrukturunun yaradılması üçün əlavə səylər göstəririk. Mən artıq qeyd etmişəm ki, biz sanki razılaşmışdıq, amma əslində razılaşmamışdıq. Faktiki olaraq, eyni zamanda, Türkmənistan və Azərbaycan ərazisində möhkəm nəqliyyat potensialı yaratdıq. Bu gün isə imzalanan sənədlərlə biz bu nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik. İmzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir.

Biz regionda qarşılıqlı əməkdaşlıqdan, bu dəhlizin fəaliyyətindən ölkələrimizin, xalqlarımızın, qonşularımızın böyük fayda götürəcəyi tamamilə yeni vəziyyət yaradırıq. Bu, həyat arteriyası kimi ölkələrimizi yeni enerji ilə qidalandıracaq, yeni iş yerləri yaradacaq, yeni istehsalat sahələrinin qurulmasına doğru aparacaq, təhlükəsizliyi, əməkdaşlığı möhkəmləndirəcək.

Bu gün mən səfərimin yekunlarını təhlil edərək görürəm ki, səfər dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək. Avropa ilə Asiyanın nəqliyyat dəhlizlərinin birləşdirilməsi artıq reallıqdır. Bu reallığı biz yaradırıq. Əgər həm Türkmənistanda, həm də Azərbaycanda quruculuq, inkişaf yolları üzrə addımlar atılmasaydı, onda bu barədə söhbət aparmaq da ümumiyyətlə mümkün olmazdı. Əgər ölkələrimizin iqtisadi potensialına vaxtında yönəldilən sərmayələr olmasaydı, onda bu gün coğrafi vəziyyətimizin böyük əhəmiyyəti olmazdı. Biz öz coğrafiyamızı ölkələrimiz və qonşularımız üçün böyük potensiala çevirmişik. Buna görə düşünürəm ki, bizim razılaşdığımız məsələlərin əhəmiyyəti onilliklər boyu özünü göstərəcək.

Ən başlıcası, biz bu gün münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Hörmətli Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Bu gün biz öz işimizlə münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Dostlar, qardaşlar arasında belə də olmalıdır. Bu gün biz münasibətlərimizi ən yüksək zirvəyə qaldırırıq. Hörmətli dostuma, Türkmənistan Prezidentinə ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsindəki səylərinə görə təşəkkür etmək istəyirəm. Hörmətli Qurbanqulu Məlikquliyeviçə uğurlar, cansağlığı, rifah, qardaş türkmən xalqına xoşbəxtlik və tərəqqi arzulayıram. Sağ olun. 

İlham Əliyevin Türkmənistana rəsmi səfəri başa çatıb

22 noyabr 2018.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri noyabrın 22-də başa çatıb.

 
 
 
 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir