Azərbaycan stendində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə görüş keçirilib

 

Ataturk.az -n məlumatına görə, görüşdə Aslan Cəfərov Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi barədə türkiyəli həmkarlarına məlumat verib. Bildirib ki, bu layihə çərçivəsində artıq 36 adda Azərbaycan ədəbiyyatı türk dilinə çevrilərək qardaş ölkənin oxucularına təqdim edilib. Sərgi müddətində Azərbaycan bölməsini ziyarət edən türkiyəli oxucuların ən çox soruşduqları kitablar da qısa zamanda türk dilinə çevrilərək onların ixtiyarına veriləcəkdir.

Tədbir çərçivəsində 2019-cu ildə Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisinə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə Azərbaycanda daha çox tanınan bir neçə türk nəşriyyatının iştirakının təmin edilməsi məqsədilə də danışıqlar aparılıb.

Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən də maraqla qarşılanıb. Daha sonra həmkarlar arasında sözügedən kitabların Türkiyədə daha geniş yayılması məsələsi də müzakirə edilib.