Monitorinq Mərkəzi ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün mexanizmlər hazırlayacaq

Spread the love

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1noyabr tarixli Fərmanı əsası Ümummilli Lider tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi böyük işlərin məntiqi davamıdır.

Bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov AZƏRTAC-a müsahibəsində söyləyib. O vurğulayıb ki, dövlətimizin başçısının müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilin həm saflığının qorunması, həm də onun inkişafı, zənginləşməsi üçün mühüm praktiki addımdır. Digər mühüm cəhət isə Monitorinq Mərkəzinin məhz Dövlət Dil Komissiyasının yanında yaradılmasıdır.

Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Sərəncamı ilə Dövlət Dil Komissiyasının tərkibinin yeniləndiyini xatırladan akademik Nizami Cəfərov qeyd edib ki, dil sahəsində kifayət qədər böyük təcrübəsi olan mütəxəssislər bu komissiyaya daxil edilib. Beləliklə, Monitorinq Mərkəzinin əsaslana biləcəyi, müzakirələr apara biləcəyi, müəyyən məsələləri dəqiqləşdirə biləcəyi komissiya fəaliyyət göstərir. Bu komissiya Monitorinq Mərkəzinin peşəkar fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraiti yaradacaq.

“Dövlətimizin başçısının imzaladığı Fərmanın digər mühüm cəhəti burada Monitorinq Mərkəzinin monitorinq aparacağı dil sahələrinin dəqiq müəyyənləşdirilməsidir. Bunlar kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarının dilidir”, – deyən akademik Nizami Cəfərov bu sahələrin hər birində həm uğur, həm də qüsurlarımızın olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, kütləvi informasiya vasitələrində hamı yaza bilər, hamı danışa bilər. Lakin burada həm peşəkarlar çalışırlar, həm də qeyri-peşəkarlara rast gəlmək olur. “Mən dəfələrlə demişəm: necə olur ki, Azərbaycan Televiziyasında, AZƏRTAC-da, “Azərbaycan” qəzetində ədəbi dil normalarına maksimum riayət olunur, eyni zamanda, dil də inkişaf edir, zənginləşir, amma bir sıra telekanallarımızda, mətbuat orqanlarımızda dilin qaydaları bəzən kütləvi şəkildə pozulur”, – deyə akademik Nizami Cəfərov vurğulayıb.

Müsahibimizin sözlərinə görə, dil problemini yaradan amillər sırasında kütləviliklə peşəkarlıq arasındakı tənasübün müəyyənləşdiriləcəyi sahələr mövcuddur. Bu baxımdan ən ağrılı vəziyyət internet resurslarındadır. Çünki bu resurslardan çox müxtəlif dil və nitq səviyyəsinə malik insanlar istifadə edirlər və onlar özləri də düşünmədən Azərbaycan dilinin qayda-qanunlarını pozurlar. Bu vəziyyət həm məsuliyyətsizlikdən, həm dilin qayda-qanunlarını bilməməkdən, eləcə də orta təhsil biliyinin mükəmməl olmamasından irəli gəlir. Bütün bunlar dilin inkişafına, milli dil təfəkkürünün səviyyəsinə mənfi təsir göstərir.

Dövlət Dil Komissiyasının üzvü deyib: “Reklamlarda keçmiş zamanlarla müqayisədə nisbətən müəyyən uğurlarımız var. Lakin görüləsi işlər də xeyli çoxdur. Belə ki, reklamlar vasitəsilə əcnəbi dillərin lüzumsuz kəlmələrinin dilimizə daxilolma ehtimalı hələ də mövcuddur. Bu təsir hətta bəzən Azərbaycan dilini sıxışdırmaq həddinə çatır. Yəni reklamlarda Azərbaycan dilinə həm leksik, həm qrammatik cəhətdən yad ifadələrdən istifadə olunur. Bu da dilimizin qrammatik quruluşunu pozmaq təhlükəsini yaradır. Düşünürəm ki, belə bir şəraitdə Monitorinq Mərkəzi ilk növbədə müəyyən müşahidələrlə səciyyəvi qüsurları müəyyənləşdirəcək, sonra bu qüsurların aradan qaldırılması üçün prinsipial təkliflər verəcək, nəhayət, bu təkliflərin sadəcə tövsiyə xarakteri daşımaması üçün müəyyən mexanizmlər hazırlayacaq ki, bu cür səhvlərə kütləvi şəkildə yol verən qurumlar hər hansı formada tənbeh olunsun, cəzalandırılsın. Çünki dil məsələsi bizim üçün çox önəmlidir. Azərbaycanın ümumi siyasətində dil məsələsi hələ Heydər Əliyevin sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə çox mühüm amil olub. Müstəqillik dövründə isə dil məsələsi ilə bağlı görülən mühüm işlər göz qabağındadır”.

Akademik Nizami Cəfərov vurğulayıb ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman Azərbaycan dilinin nəinki respublika ərazisində, həm də dünyada qorunmasına və inkişafına geniş imkanlar açır. Əlbəttə ki, söhbət ədəbi dil normalarından gedir. Beləliklə, bu Fərman Azərbaycan xalqının bu günündə, sabahında onun dilinin yad təsirlərdən qorunması, saflaşdırılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradan çox qiymətli bir sənəddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir