Bu il Türkiyə-Rusiya dövlətlərarası münasibətlərin 500-cü ili tamam olur. Bu münasibətlə iki ölkə arasında qarşılıqlı müxtəlif tədbirlər keçirilir. Belə maraqlı tədbirlərdən biri də oktyabrın 30-da Moskvada, Rusiya Dövlət Humanitar Elmlər Universitetində gerçəkləşdi.

Türkiyə Cümhurbaşkanlığı Dövlət Arxivlər Müdirliyi, Moskva Yunus Əmrə İnstitutu və Rusiya Dövlət Humanitar Elmlər Universiteti Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin dəstəyi ilə “Arxiv qaynaqlarına görə Rusiya-Türkiyə münasibətlərinin 500-cü ili” adlı sərgi açıldı. Qeyd edək ki, sərgidə Rusiya-Türkiyə əlaqələrinin XVI-XX əsrləri əhatə edən dönəminə aid məlumatları əks etdirən sənədlərə yer verilib.

Açılış nitqi ilə çıxış edən Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz iki ölkə arasında əlaqələrin tarixindən bəhs etdi. Bildirdi ki, bu münasibətlər ilk dəfə Osmanlı imperatorluğu ilə Moskva knyazlığı arasında qurulmasına baxmayaraq, ticarət əlaqələri daha əvvəlki dönəmlərə gedib çıxır: “Osmanlı imperiyası və Rusiya çarlığı arasında münasibətlər XVI-XX əsrlərdə enişli-yoxuşlu idi. XX əsrdə “Soyuq savaş” dönəmində isə Türkiyə və Rusiya fərqli düşərgələrdə yer alırdı. Lakin tarixin gedişində yaranmış çətinliklərə baxmayaraq, təcrübəli dövlət və zəngin mədəniyyət irsinə sahib olan və eyni coğrafiyanı paylaşan iki ölkə  əlaqələrin təməlində dayanan qarşılıqlı hörmət, yaxşı qonşuluq və əməkdaşlıq prinsipini seçib”.

Türkiyə Cümhurbaşkanlığı Dövlət Arxivlər Müdirliyinin rəhbəri  Uğur Ünal bildirdi ki, sərgi Türkiyə arxivlərindəki Türkiyə-Rusiya münasibətlərinə aid olan sənədlərdən təşkil olunub: “Bu sənədlərdə sadəcə beynəlxalq münasibətlər və müharibələrə aid məlumatlar deyil, iki ölkə arasındakı insani əlaqələr və sənətlə bağlı önəmli məlumatlar da yer alıb. Arxivlər tarixi hadisələri anlamaq, qarşılıqlı əlaqələrimizi öyrənmək üçün doğru və güvənli qaynaqlardır və tarixə işıq tuta bilər”.

Rusiya Humanitar Elmlər Universiteti rektorunun müavini Olqa Pavlenko belə bir heyəti qəbul etməyi özləri üçün şərəf adlandırdı. Bildirdi ki, bu kimi tədbirlər ölkələrarası əlaqələri daha da genişləndirəcək.

Professor, türkoloq Mixayıl Meyer çıxışında Rusiyada Türkiyə üzrə aparılan araşdırmalara toxundu.

Rusiya Dövlət Humanitar Elmlər Universiteti Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin qurucusu, türkoloq alim Dmitri Vasilyev də sərgini yüksək dəyərləndirdi. O həmçinin Türkiyə ilə bağlı araşdırmalarından bəhs etdi, Türkiyədə çap edilən kitabları haqqında məlumat verdi.

Moskva Yunus Əmrə İnstitutunun müdiri Ömər Özkan isə bildirdi ki, tarixi sənədlər iki ölkənin bir-birinə nə qədər ehtiyacı olduğunu ortaya qoyur.

Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Noyabrın 10-na qədər açıq olan sərgi eyni zamanda  türkoloqlar yetişdirən Rusiya Elmlər Akademiyası Şərq Elmləri İnstitutunun 200 illiyinə həsr edilib.

Mehparə Sultanova
Moskva