Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

Spread the love

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
15.09.2018

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
15.09.2018

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub 
15.09.2018

Sentyabrın 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olundu. Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulandı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər 
15.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Şəhidlərin xatirəsinə ehtiram 
15.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular.
Dövlət başçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdilər. 
Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoydular.
Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar.

Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər
15.09.2018

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər.
Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu oldu.
Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açdı. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparırdı.
“Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratdılar. 
“MİQ-29” təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirdi.
Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başladı.
Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdirdilər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkdilər.
Bununla da Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad başa çatdı.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu paradı Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə birləşmiş hərbi orkestr müşayiət edirdi.
***
16:44
Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirdi.
Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil oldu. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa etdi.
***
16:16
Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlandı. Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəlilədi.
Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirildi.
2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.
Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçdilər.
Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil oldular.
Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi oldu.
***
16:00
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
***
15:42
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi.
***
15:20
Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verdi.
Dövlət başçıları əsgərləri salamladılar.
Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa etdi.
“Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirildi.

Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər 
15.09.2018 

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paraddan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısına gəldilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısında paradda iştirak edən əsgərlərlə görüşdülər, onlarla xatirə şəkilləri çəkdirdilər.
Burada əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını tutmuş Bakı sakinləri və şəhərimizin qonaqları Prezident İlham Əliyevi və Prezident Rəcəb Tayyib Ərdoğanı böyük coşqu ilə qarşıladılar. Onlar Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı şüarlar səsləndirdilər.
Dövlət başçıları paytaxt sakinləri ilə xatirə şəkilləri çəkdirdilər.
Daha sonra Azərbaycan və Türkiyə prezidentləri Bakı bulvarını gəzdilər.

Azərbaycan və Türkiyə prezidentləri birgə işçi nahar ediblər 15.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də birgə işçi nahar ediblər. 
Dövlət başçıları əvvəlcə Dağüstü parkdan Bakının mənzərəsini seyr ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
15.09.2018

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 15-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir